!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cəfakar Azərbaycan qadını: Tarixdə iz qoyan qəhrəmanlar

!Reklam – Yazi

Yaranışdan çiyinlərinin yükü ağır olub onun. Nəsil artırıb, ailənin qayğısını çəkib, övlad böyüdüb. Zaman-zaman missiyası da dəyişib, formalaşıb, hətta daha da təkmilləşib. Təkamül təkcə qadının əməyində və görünüşündə yox, onun həyata, dünyaya baxışlarında da baş verib. Dəyişməyənsə bir şey olub: onun ürəyi.

“Qadınlar bizi sevdikləri zaman hər günahımızı bağışlayarlar”, – deyirdi Onore de Balzak… Bəli, Yaradanın ən mükəmməl əsəri olan Qadın sevərsə həyatımız o qədər gözəlləşər ki … Çünki Qadın sevdiyi zaman güclü olur. Həyat yoldaşını sevərsə ona bir ömür boyu sadiq qalar. Övladını sevərsə polad biləkli oğullar böyüdər. Torpağına bağlı olarsa Tomris kimi cəng meydanında düşmənin başını əzər. Vətəni sevərsə 3 min şəhidin bacısı Arəstə tək sinəsini gülləyə sipər edər.

Mən dünyanın çox yerində oldum. Amma Azərbaycan qadını qədər cəfakeş, fədakar, ailəsinə, övladına can yandıranını görmədim. O, susmağı da, danışmağı da yerində bacarır. Bu gün Azərbaycan qadınının səsi ali tribunalardan, yüksək kürsülərdən gəlir. O, təkcə övladlarını böyütmür, həyat yoldaşının qayğısına qalmır. O, həm də bir vətəndaş kimi cəmiyyətin ictimai həyatında aktiv fəaliyyət göstərir. Zərif çiyinlərini ən ağır yükün altına verir. Təkbaşına uşaq böyüdür, həyatla mücadilə aparır. Gecələri gözyaşını içinə axıtsa da, gündüzləri bunu büruzə vermir. Çünki o, bu həyatdakı missiyasını gözəl anlayır. Və bütün bunlardan sonra qadınları necə zəif məxluq adlandırmaq olar ki? Kiçik bir düzəliş edək onda: zəif yox, zərif məxluqdur onlar…

Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında da qadınlarımızın böyük rolu olub. Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb.

Aleksandr Düma kimi yazıçını təkcə şahmatda deyil, ağıl və zəkası ilə də mat qoyan Xurşidbanu Natəvan kimi xanımları olub bu yurdun… Orta əsrlərdən Azərbaycan qadını gözəl ana olmaqla yanaşı, klassik poeziyanın ən gözəl nümunələrini yaradıb, at belində qılınc çalıb, dövlət idarəçiliyində öz sözünü deyib.

XX əsr bütün dünyada qadınların rolunun cəmiyyətdə artması ilə yadda qalıb. Azərbaycan qadını istər Xalq Cümhuriyyəti dövründə, istərsə də sovet hakimiyyəti illərində yaradılan imkanlardan xalqın, dövlətin, cəmiyyətin mənafeyi naminə çox səmərəli istifadə edib.

Bu gün isə müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Çağdaş Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi deputatdır. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Ulu öndər Heydər Əliyevin qətiyyətli addımları nəticəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib.

Deyirlər, insan yer üzünün əşrəfidir. Mənsə başqa cür deyərdim: qadın yer üzünün əşrəfidir. Nə dəyəri biçilər, nə də lazımi qiyməti verilər… Amma verilirmi? İlboyu əl qaldırdığını bircə gün əl üstündə tutsan nəyə yarar? Gözündən yaş gətirdiyini bircə gün gözləsən nəyə yarar? Üzünü güldürmədiyinə güllər alsan nəyə yarar? Yumruğunu sıxdığın axşamlardan sonra bir “sabahın xeyir” nəyə yarar? Qadın bir gün deyil, bir ömür boyu xoşbəxtliyi haqq edir. Onun qəlbini xoş etmək o qədər asandır ki… Bircə xoş söz, bir mehriban baxış, bir kəlmə “sən dəyərlisən” kəlməsi… Bax elə bu dəqiqə, bu an deyək. Sabaha saxlamayaq. Bəzən sabahlar belə gec olur. Sevgimizi bildirməyə gecikməyək. Xüsusən də qadınlara … Günün mübarək, güclü varlıq!!!

Nihat Qorqud Əliyev
Politoloq – İqtisadçı

www.yenicag.az

165
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv