!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cənub qonşumuz nədən ÇƏKİNİR? - İranı parçalayacaq amil - ŞƏRH

!Reklam – Yazi

“İran reallığı aydın dərk etməlidir ki, Azərbaycanla qarşıdurma onun daxilinə sirayət edəcək və əhalisinin yarısı azərbaycanlılar olan bu rejim reallıqlarla yaşamasa, parçalanmağa məhkumdur”.

Bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi Məhəmməd Baqirinin “Azərbaycanla əlaqələrimiz inkişaf edir, sərhəd və təhlükəsizlik məsələlərində heç bir problemimiz yoxdur” açıqlamasına münasibət bildirən “Cümhuriyət” qəzeti və Cebhe.info Xəbər Portalının rəhbəri, politoloq Rəfail Becanov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, bizim İranla hər hansı problemimiz olmayıb. Münasibətlərin gərginləşməsinin əsas səbəbkarı məhz İran özüdür:

“Azərbaycanın Qarabağ zəfərindən sonra məcazi formada desək, İran özü-özündən xoflanıb. Təbii ki, biz bu xofun təməlində nəyin olduğunu bilirik.

Dini bağlılığımızı nəzərə alsaq, məntiqlə İran tərəfi bu zəfərdən sevinməliydi. Torpaqlarımız kimi dini dəyərlərimiz, məscidlərimiz, dini abidələrimiz də azad olundu. Təəssüf ki, əksini gördük. Sevinc əvəzinə, qəzəb müşahidə etdik.

İranın siyasi maraqları dini görüşlərini üstələdi. Və Azərbaycana qarşı açıq təhdidlərə başladılar. Bu da İran rejimi üçün dinin öz maraqlarını həyata keçirmək üçün bir vasitə olduğunun göstəricisidir.

Zaman-zaman İranın təhdidləri artdı. Tehranda səfirliyimizdə törədilən terror bunun sübutudur.

İranın molla rejimi Zəngəzur dəhlizini özü üçün “qırmızı xətt” elan etdi. İrandan Ermənistana ötən 30 ildə olduğu kimi yenə silah-sursat daşındı.

Bu hallar bir daha münasibətlərin pozulmasında tək səbəbkarın İran olduğunu göstərir. Əgər İran rəsmiləri belə açıqlamalarla çıxış edirlərsə, artıq Azərbaycanla təhdid dilində danışmaq, hədə-qorxu gəlmək mümkün olmadığını anlamağa başlayırlar.

Tehran rejimi bu münasibətləri səmimi şəkildə qaydaya salmaq, öz səhvlərindən imtina etmək istəyirsə, əməli addımlar atmalıdır. Sözlə, açıqlama ilə münasibətlər qaydaya düşmür.

İlk növbədə Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terrorun günahkarları, əsasən də təşkilatçıları üzə çıxarılmalıdır. Azərbaycan tərəfi İran rejiminin səmimi, qonşuluq prinsiplərinə söykənən siyasət apardığının şahidi olmalıdır. Zəngəzur dəhlizinin açılması ilə bağlı verdiyi boş bəyanatlardan imtina etməlidir.

Onların bu tip bəyanatlarının dəfələrlə şahidi olmuşuq, amma İran rejimi reallıqda öz ampluasında qalır. Hesab edək ki, bu dəfə belə olmayacaq, konstruktivlik nümayiş etdiriləcək.

İran reallığı aydın dərk etməlidir ki, Azərbaycanla qarşıdurma onun daxilinə sirayət edəcək və əhalisinin yarısı azərbaycanlılar olan bu rejim reallıqlarla yaşamasa, parçalanmağa məhkumdur”.

Nəsimi Ələsgərli

www.yenicag.az

294
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv