!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cənubdan əsən isti küləklər: "İran Azərbaycanla əməkdaşlıq məsələlərini..."

!Reklam – Yazi

“İranın içində hələ də Türkiyə və Azərbaycanın Ermənistanın torpağını əlindən alması ilə bağlı qorxu var. Bu, mənasız yanaşmadır”.

Bunu son zamanlar Azərbaycana qarşı aktiv hərəkətliliyi müşahidə olunmayan cənub qonşumuzun məqsədlərindən danışan politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib. O bildirib ki, İranın Azərbaycanla bağlı mövqeyində heç bir zaman heç bir dəyişiklik olmayıb:

“İran Prezidenti İbrahim Rəisinin Venezuelaya səfəri zamanı həyat yoldaşının verdiyi açıqlama göz qabağındadır. Əlavə olaraq, İran mediasının gündəminə, siyasi şərhçilərin təhlillərinə baxsaq, açıq şəkildə antiAzərbaycan təbliğatının aparıldığının şahidi olarıq. Hətta İranın ən nüfuzlu media qurumlarının belə Azərbaycana qarşı mövqeyi açıq-aşkar ortadadır.

Türkiyədə yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğan ilk xarici səfərini Azərbaycana etdi. Səfər çərçivəsində Ərdoğanın bir sıra bəyanatlarının İranda qıcıq doğurduğu müşahidə edilir. Türkiyə Prezidentinin açıqlamasına yalnız İran deyil, Ermənistan da reaksiya verdi. Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Zəngəzur dəhlizi ilə bağlı açıqlama verən zaman “biz Zəngəzur dəhlizinin açılmasında hər hansı maneə görmürük, ancaq İran bu məsələdə razı deyil” ifadələrini işlədib. Daha sonra isə İran ali dini rəhbəri Xameneinin sözçüsü Seyid Həsən Ameli açıqlama verərək: “Biz kommunikasiyaların açılmasına yox, Ermənistan ərazisinə xəritə üzərində müdaxilə olunmasına qarşıyıq”, – deyib.
Bu açıqlamalardan belə çıxır ki, iki qardaş ölkənin canında hələ də Türkiyə və Azərbaycanın Ermənistanın torpağını əlindən alması ilə bağlı qorxu var. Bu, mənasız yanaşmadır.

İran Azərbaycana qarşı hər zaman təhdid xarakterli addımlar atıb. İyun ayının 23-dən sonra Azərbaycanın İran vətəndaşlarına vizanı ləğv etdiyini nəzərə almaq lazımdır. Bu da İranı qıcıqlandıran amillərdəndir. Lakin İranın hər hansı formada Azərbaycana təsir edəcəyini düşünmürəm. Çünki İran son altı ayda atdığı addımlarla Azərbaycanı test etməyə çalışdı və bu addımlarının bir nəticə vermədiyini gördü.

Nəticə etibarilə, artıq İran Azərbaycanla əməkdaşlıq məsələlərini gündəmə gətirir. İran XİN sözçüsü Nasir Kənaninin açıqlamasından əməkdaşlıq istəyi müşahidə olunur. İranın fərqli manevrlər edərək vəziyyəti dəyişməyə çalışdığı müşahidə olunur.

İranın Azərbaycana qarşı təxribatlarının bitmədiyini bilmək lazımdır. Azərbaycan hər zaman hər bir təhdidin qarşısını almağa və adekvat cavab verməyə hazırdır. Bu səbəbdən ölkəmizə qarşı hər hansı təhdid və təhlükə ola bilməz”.

Nəsimi Ələsgərli

www.yenicag.az

452
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv