!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cənubi azərbaycanlı alim: “Həyat fəlsəfəmizin mahiyyəti o taylı, bu taylı sevgi və məhəbbətdir“

!Reklam – Yazi

45 ildir Almaniyada yaşayan azərbaycanlı həkim, alim, siyasətçi Rəhim Şmidt (Dedebeyli) Medianews.az-ın qonağı oldu.

Yenicag.az xəbər verir ki, uzun müddət Almaniyada tibb sahəsində çalışan Rəhim Şmidt eyni zamanda Reynland-Plaltsın dövlət parlamentində deputat olaraq fəaliyyət göstərib.

Müsahibim Almaniyada yoxsulluq və səhiyyə üzrə qeydiyyatdan keçmiş birliyin 10 ildir ikinci sədridir. Orada imkansız ailələri ödənişsiz müayinə edərək, sağlamlıqları üçün çalışır. Deyir ki, əsas istəyi Azərbaycanda da imkansız ailələr üçün xeyriyyə məqsədli müayinə həyata keçirməkdir. Həm də Almaniyada tanınmış həkim olaraq orada „həyat yolu“ əlil insanlara dəstəyinə görə fəxri səfir dərəcəsi verilib.

-Almanyada mediada çıxışlarınızda sizi azərbaycan əsilli alim kimi qeyd edirlər. Biz isə sizi daha yaxından tanımaq istərdik.

-Özümü tanıyandan anam deyirdi ki, Arazın o tayında bizim bacı və qardaşlarımız yaşayır. Hər zaman gözümüz yolda, qulağımız səsdə olub. Hər gün məktəbdən gəlib gizlin şəkildə radionu açaraq Bakıdan xəbər alırdım- „Günün aydın vətənim, bura Bakıdır“. Həmin zamanlar bu bizə qadağan idi. Mən də cənubda yaşayan bir azərbaycanlı kimi gözüm Arazın o tayında idi….

Miyanada doğulmuşam. Altı yaşımda atam dünyasını dəyişib. Biz dörd qardaş, üç bacıyıq. Anam 1992-ci ildə həyatını dəyişdi. Mən də o zaman Almaniyada fəal siyasətçi idim. Anamı da kiafayət qədər görə bilmədim. O baxımdan mən də özümü 45 il qerbət eldə həyat qaçqını hiss etmişəm. Öz ruhumu axtarmışam və bu ruh axtarışını enerjiyə çevirməyə çalışmışam. Ruhumu axtara-axtara başqa bir məmləkətin insan hüquqlarının beynəlxalq üzvünə qədər gəlib çıxmışam. Bir çox beynəlxalq dərəcəli mükafatlara layiq görülmüşəm…

Onu deyirdim axı, Azərbaycandanam… Cənubi Azərbaycandan… Bilirsiniz hardan? Dəyərli sənətkarımız Bülbülün bir mahnısı var:

Təbriz üstü Miyana,
Gül sünbülə dayana.
Oxu, bülbülüm, oxu, balam,
Bəlkə yarım oyana..!

Bax, mən o Miyanada doğulub, məktəbə getmişəm. Orada orta təhsilimi almışam və 1978-ci ildə sonra ali təhsil almaq üçün Almaniya Federativ Respublikasına getmişəm. Orada Marburq və Frankfurt dil kollecində təhsil aldıqdan sonra Qissen-in Justus-Libiq-Universitetində aqrar elmlər üzrə təhsil aldım. Burada molekulyar biologiya ixtisası üzrə təhsilimi 1986-cı ildə hüceyrə və toxuma kulturları mövzusunda yazdığım işlə uğurla başa vurdum. İranda mövcud siyasi vəziyyətlə (1979-cu il inqilabı) əlaqədar olaraq ailəmdən dəstək ala bilmədiyim üçün təhsil aldığım müddətdə müvəqqəti əlavə işlərlə məşğul oldum.
Sonra Virologida həkim kimi fəaliyyətə başladım və 1991-ci ildə bitirdim. Bu doktorluq işi Qissendə təşkil olunmuş virusologiya üzrə beynəlxalq konqresdə dərc olundu.

Tibb üzrə ikinci təhsilimi 1994-cü ildən etibarən başladım və 2004-cü il tarixindən etibarən həkim kimi praktika və terapiya keçməyə başladım. Psixosomatik tibb üzrə seçdiyim mövzular Vizbadendə keçirilən internistlərin konqresində və 2009-cu ildə keçirilmiş psixologiya üzrə müxtəlif konqreslərdə nəşr olunub. Maynç-ın Johannes Qutenberq-Universitetində birinci „Tibbi yardıma ehtiyacı olan xəstələrin yardım ehtiyacları” mövzusunda olan ikinci doktorluq dissertasiyamı 2010-cu ilə təqdim etdim. Bu dissertasiyasının müdafiəsindən sonra mənə orada tibb elmləri doktoru elmi dərəcəsi verildi. Bu işim Reynland-Pfalç-ın Alman ambulator həkimləri birliyi tərəfindən 2011-ci ilin tədqiqat mükafatına layiq görüldü.

Daha sonra orada millət vəkili olaraq da fəaliyyət göstərdim. Bu illər ərzində də xeyli layihələr həyata keçirdim.

– Millət vəkili kimi fəaliyyət göstərdiyiniz illərdə Azərbaycanın haqq səsini yaşadığınız ölkədə necə çatdırdınız, ümumiyyətlə çatdıra bildinizmi?

-Əvvəla, onu qeyd edim ki, Allah-təala Azərbaycana bu böyük tarixi qələbəni nəsib etdi. İkinci Qarabağ döyüşlərində əldə edilən qələbə və antiterror əməliyyatlarında əldə olunan nəticələrdən bir azərbaycan əsilli fərd kimi qürur duydum. Azərbaycan çox uzun, keşməkeşli, çətin yollardan keçib. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin, onlara ömrümüzün sonuna qədər minnətdarıq. Ancaq indi düzgün, yerində atılan addımlarla cənab prezident İlham Əliyev qısa zamanda böyük bacarığı ilə bu məsələyə qüdrətli ordumuz və əzmkar xalqımızla nöqtə qoydu. Qarabağ müharibəsi gələcək nəsillərə qalmadı. Bu tarixi qələbə bütün dünya azərbaycanlılarına, yəni türklərinə xüsusən güney Azərbaycana dərin mübariz ruhu verdi. Ana dilimiz, varlığımız indiyə qədər görünməzdən gəlinirdi. Bizlər öz ana dilimizi və tariximizi yeniden yaşamalıyıq.

– Bu illər ərzində qürbətdən baxanda Azərbaycan necə görünürdü?

-Azərbaycanda 90-cı illərdə vəziyyət çətin idi. Ulu öndər Heydər Əliyev o çətin illərdə belə böyük işlər gördü. Məhz bu səbəbdəndir ki, beynəlxalq tibb sahəsində yazdığım kitabımı da ulu öndərə, Azərbaycan xalqına, oğluma, anama hədiyyə etdim.

O dövrlər vəziyyət çətin idi, ürəyimiz qan ağlayırdı. Qardaş-bacılarımız Qarabağda öz evlərindən didərgin düşmüşdülər. Biz o kadrları izlədikdə çox məyus olurduq, ancaq əlimizdən heç nə gəlmirdi. İndi vəziyyət başqadır, Azərbaycan regionun ən güclü dövlətidir. Azərbaycan beynəlxalq arenada belə mərd şəkildə sözünü dedi və ona əməl də etdi. Cənab prezident atasının vəsiyyətini yerinə yetirdi. Güclü dövlət yaratmaq üçün böyük siyasi təcrübə lazım idi. İlham Əliyev Azərbaycanı güclü ordusu ilə dünyaya tanıtdı və bu xalqın nə qədər qorxmaz, qüdrətli olduğunu sübut etdi. Bütün dünya azərbaycanlıları Azərbaycanın bugünkü mövqeyi ilə qürur duyur. Biz fəxr edirik, başı dik gəzirik. Almaniyada da bizi çox sevirlər. Bir məsələyə də toxunum ki, Almaniya və Azərbaycan mədəniyyətinin oxşarlıqları çoxdur. Azərbaycan xalqı qonaqpərvər xalqdır və Azərbaycanda hara gedirəmsə deyirlər ki, yəqin ki, siz güney Azərbaycandansınız və sizi burada görməkdən məmnunuq.

– Almaniyada millət vəkili çalışdığınız dönəmlərdə necə, Qarabağ həqiqətlərinə hansı reaksiyalar verilirdi və bunun üçün nələr edirdiniz?

– Siyasət güc-qüvvət deməkdir. Bu illər ərzində Azərbaycan beynəlxalq müstəvidə sözünü dedi. Amma eşidən az oldu. Azərbaycanlılar mədəni xalqdır, 30 il səbr etdi. Gördü ki, yox, dünya insan hüquqları adı altında siyasət yeridir. O da 44 gün ərzində öz gücünü, qüdrətini göstərdi. 30 il az müddət deyil. 30 illik ağrını 44 gündə həll etmək asan məsələ də deyil. Azərbaycan xalqı öz ədalətini bərpa etdi. O ki, qaldı sizin sualınıza, biz hər zaman bu həqiqət uğrunda öz mübarizəmizi aparmışıq. Amma düşmən özünü yazıq, təzyiqə məruz qalan xalq kimi göstərməkdə mahirdir. Mən onların hamısını sosial şəbəkələrdə analiz edirəm. Amma haqq-ədalət öz yerini tapır. Şahı mat edəndə çarəsi qalmır. Azərbaycan xalqı və Ali Baş Komandan onları mat etdi. Onlara qarşı dünyanın hər yerində mübarizə aparmışıq, aparmağa davam da edəcəyik. Ümid edirik ki, bundan sonra sülh və əmin -amanlıq olar. Hər iki ölkə sülh şəraitində yaşayar.
– Qarabağda yenidənqurma işləri gedir, orada tikilən xəstəxanalarda könüllü gəlib işləmək istəyərsinizmi?

– Əlbəttə. 45 illik təcrübələrimi sevərək Qarabağda xidmət edərək, çalışaraq, öyrədərək bölüşərdim.
Ermənilər Qarabağa ölüm gətirdi, Azərbaycan isə həyat, insan hüquqları. Budur insanlıq, mədəniyyət. Azərbaycan yeni bir tarix yazır, bu tarixdə zərrə qədər payım olsa sevinərəm. İkinci Qarabağ döyüşlərində Almaniyadakı səfirliyimizə müraciət etdim ki, məni həkim olaraq arxa cəbhəyə göndərsinlər. Amma təəssüf ki etmədilər. Mən bura gəlməli və bir əsgər kim çalışmalıyam.

Almaniyada Marburq Universitetin klinikasında tibb tələbələrinə dosent olaraq dərs deyirəm. Yəni hələ də orada fəaliyyətimi davam etdirirəm. Bura gəlsəm, istəyirəm ki, o tay-bu taylı vətəndaşlarımız üçün xeyriyyə məqsədi ilə bağlı bir layihə edim.– İnsanlar ən çox səhhətlərinə nədən şikayət edirlər?

– Söhbət Azərbaycandan bizə müraciət edənlərdən gedirsə, təzyiq və ürək xəstəliklərindən şikayət edənlər üstünlük təşkil edir. Azərbaycanda ürək xəstələri daha çoxdur. İnsanlarımız həssasdır, hər şeyi ürəklərinə salırlar. Bir şeyi istəyəndə bunu ürəkdən edirlər. Hətta bunu deyimlərində də istifadə edirlər. Məsələn, “sənə ürəyim qurban”, “səni ürəkdən sevirəm”, “ürəyimin bir parçası”, „ürəyim sınıb“. Bu bir kulutur məsələdir.

Biz millət olaraq yeyib-içməyi xoşlayırıq, çox yeyirik nəticədə kalorimiz çoxalır. Qənd, ət, yağ, duz bizim ən çox sevdiyimiz qidalardır və bu qidalar bədənə ziyandır. Bayramlarda xüsusən çox yeyirik. Bu, özü çox fəlakətdir. Bunlar hamısı üst-üstə yığıldıqda xolesterin çoxalır. Zaman keçdikcə yüksək qan təzyiqini qaldırır, o da damarları zədələyir. Şəkər xəstəliyinə səbəb ola bilir, qaraciyər yağlanır. Yaşlandıca kalori ehtiyacımız azalır. O qədər koloriyə ehtiyac yoxdur. İnsanlar yağsız ət, meyvə, mərci ilə, noxudla qidalansalar yaxşı olar. Çox yedikcə qarın tərəfdə çirk yaranır, o da şəkərə səbəb ola bilir. Bu çirk özü də müxtəlif xəstəliklərə gətirib çıxarır. Az yeyəndə insan ruhən yaxşı olur. Rahat hərəkət edir, yuxu rejimi normallaşır, xlostorin azalır. İnsan bədənində orqanların öz vəzifələri var. Biri işini düzgün görməyəndə iş əngələ düşür. Bizlərdə qaraciyərin yağlanması tez başlayır. Onun birinci dərmanı az yeməkdir. Bir kilo çəkini azaltmaq 1-2 mm Hg qan təzyiqini endirmək deməkdir. Ürək hər gün 100000 dəfə çırpınır və hər dəfə bədənə 75-100 ml qan atır. Bədənin çəkisi və stresi çox olanda, alkolqlik içkilər qəbul edəndə və siqaret çəkəndə ürəyin işi çoxalır və ritmini itirmək təhlükəsi ilə üz-üzə qalır. Azərbaycanda və Almanyada insanlar əsas yükü ürəyə salırlar. Misal üçün İranda qara ciyər, Türkiyədə ağ ciyərdən əziyyət çəkənlər çoxdur. Statistikaya baxsaq dünyada ürəkdən ölənlər sırasında birinci Tacikistan ikinci Azərbaycan yer alır.

-Rəhim bəy, dünyada koronovirus bitibmi? Onun başqa ştamlarının yarandığı deyilir. Bu nə qədər həqiqətdir?

– Koronavirus bitməyib, o hələ də hər birimizin bədənində ola bilər. Bakteriya hər zaman mutasiya edir, modernləşir. Xüsusən burada hər şeyə antibiotik atırlar və cüzi bir ağrı olduqda dərman axtarmağa başlayırlar. Amma unudurlar ki, səbr, istirahət, musiqi, çay da mükəmməl dərmandır. Virus hər zaman mövcud olub, yeni yaranmayıb. İnsan ki, təbiətin dərinliyinə getdikcə heyvanlarla əlaqədə olur onlardan da viruslar və yeni bakteriyalar qəbul edir. Xüsusən bu aylarda evdən çıxarkən maska götürmək və tez-tez əlləri yumaq vacibdir.

www.yenicag.az

2255
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv