!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cənubi Qafqaz uğrunda QLOBAL SAVAŞ: “Rusiyanın regiondan çıxarılması və ...” – ŞƏRH

!Reklam – Yazi

“44 günlük müharibədən sonra Azərbaycanın öz mövqeyində necə qətiyyətli olduğunu görərək Bakıdan güzəşt qoparılmasının mümkün olmayacağını gördülər”.

Bu fikirləri Azərbaycanla Ermənistan arasında davam edən normallaşma prosesinin Cənubi Qafqaz uğrunda mübarizədə həlledici amil olduğunu önə çəkən keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, regionda sülhün təmin edilməsi Rusiyanın Cənubi Qafqaza təsir imkanlarını aradan qaldıracaq:

“Qlobal güclərin Cənubi Qafqaz uğrunda mübarizəsi artıq neçə illərdir davam edir. Elə bir vəziyyət yaranıb ki, indi burada əsas məsələ bu mübarizədə kimin qalib gəlməsi deyil. Doğrudur, qlobal güclər arasında Cənubi Qafqazdakı əsas münaqişənin Azərbaycanın, yoxsa Ermənistanın xeyrinə yekunlaşmasına yönəlik marağı, mövqeyi olanlar var. Amma əsas yanaşma Cənubi Qafqazın kimin təsirində olmasıdır.

Diqqət edin, bu gün Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində danışıqlar masası daha çox Qərbdə yaradılıb. Qərbin əsas məqsədi regionda sülhün bərqərar edilməsidir. Regionda sülhün təmin edilməsi Rusiyanın Cənubi Qafqaza təsir imkanlarını aradan qaldıracaq. Eyni zamanda, normallaşma prosesi məntiqi sonluqla yekunlaşarsa, ilk növbədə, ermənilər özləri Rusiyanı Ermənistandan qovacaqlar. Ona görə də Qərb bölgədə tezliklə sülhün yaranmasına çalışır.

Digər tərəfdən, bildiyiniz kimi, 44 günlük müharibədən sonra Azərbaycanın öz mövqeyində necə qətiyyətli olduğunu görərək Bakıdan güzəşt qoparılmasının mümkün olmayacağını gördülər. Düzdür, Fransanın timsalında Qarabağ erməniləri üçün status, yaxud da hüquq və təhlükəsizlik prinsiplərini önə çəkərək bunun arxasında onlara hansısa üstünlüklər qazandırmaq cəhdləri oldu. Ancaq geniş baxdıqda aydın görünür ki, Fransanın da məqsədi Ermənistanda Rusiyanı əvəz etməkdir.

Baxın regionun əsas ölkələrindən biri olan Türkiyə artıq Azərbaycandadır. Yəni Türkiyəni Azərbaycanda əvəz edə biləcək başqa bir güc yoxdur. Ancaq Türkiyənin NATO üzvü olduğunu nəzərə alsaq, əlbəttə ki, onun buradakı mövcudluğu Qərbin də marağındadır. Bütün bu dediklərimizi ümumiləşdirdikdə yenə o nəticəyə gələrik ki, Qarabağ məsələsinin həlli Cənubi Qafqaz uğrunda mübarizədə açar rolunu oynayır”.

A.Zeynalov

www.yenicag.az

428
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv