!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cənubi Qafqazda hazırlanan SAVAŞ ZƏMİNİ: “Azərbaycanın taleyüklü maraqları tələb edərsə...”

!Reklam – Yazi

“Ermənistanın yenidən silahlanma cəhdi onun özünə daha ağır zərər vuracaq”.

Bu fikirləri Cənubi Qafqaz regionunda yeni müharibənin alovlanmasında maraqlı olan qüvvələrin hədəfi və mümkün savaş ehtimalını dəyərləndirən politoloq Nəsimi Məmmədli Yenicag.az-a açıqlamasında səsləndirib.

Nəsimi Məmmədli bildirib ki, Ermənistanla Azərbaycan arasında yeni müharibədə maraqlı olan kənar qüvvələr var:

“2020-ci il noyabrın 10-da imzalanan məlum üçtərəfli bəyanat əsasında Cənubi Qafqazda hərbi-siyasi güc balansı və münasibətlər sistemi yeni status-kvo qazandı. Amma bu status-kvo gərginliyi və ziddiyyətləri tamamilə aradan qaldırmaq üçün yetərli deyil.

Ermənistanın hərbi məğlubiyyətini qəbul etməyən, yeni status-kvonun dəyişməsinə çalışan revanşist qüvvələr hələ mövcuddur. Həmin revanşistlər isə yalnız Ermənistanın daxilindəki qüvvələr deyil. Eyni zamanda, regionda geosiyasi maraqları olan böyük dövlətlər də bu prosesin iştiralçısıdır.

Ermənistanla Azərbaycan arasında müvəqqəti atəşkəsin sabit sülhə keçid etməsi yalnız tərəflərdən asılı deyil. Lakin tərəflərin də üzərinə düşən bir çox vəzifələr var. Xüsusilə də Ermənistan vaxtilə Azərbaycan ərazilərini işğal edərkən törətdiyi ağır cinayətlərə görə mütləq cavab verməlidir.

Azərbaycan xalqından rəsmən üzr istəməli, yenidən revanşist planlar qurmayacağına təminat verməli, Xocalıda və digər ərazilərimizdə törətdikləri soyqırımlara görə məsuliyyət daşıyan şəxsləri məsuliyyətə cəlb etməli və dağıtdığı yaşayış məntəqələrinə görə kompensasiya ödəməlidir.

Xalqımıza qarşı 32 il ərzində törədimiş bu cinayətlərin üzərindən necə sükutla keçmək olar? Azərbaycanın qərb rayonları ilə Naxçıvanı maneəsiz birləşdirən kommunikasiyaların açılmasına Ermənistan imkan verməlidir. İki ölkə arasında etimadlı münasibətlərin yaranmasında bu amilin həlledici rolu ola bilər.

Ermənistanın Azərbaycanla yeni müharibə aparmaq üçün gücü yoxdur. Onun yaxın dövrdə belə bir hərbi-siyasi imkana malik olacağı da real deyil. Ermənistanın yenidən silahlanma cəhdi onun özünə daha ağır zərər vuracaq. Digər tərəfdən, Ermənistanla Azərbaycan arasında yeni müharibədə maraqlı olan kənar qüvvələr var.

Onların sırasında ilk növbədə Rusiya belə bir hərbi toqquşmanın baş verməsində çox maraqlıdır. Moskva Zəngəzur bölgəsinə öz hərbi gücünü yerləşdirməklə, beynəlxalq kommunikasiyalara nəzarəti öz əlinə keçirməyə çalışır, həmçinin Ermənistanı hərbi-siyasi baxımdan özündən daha çox asılı vəziyyətə salmağı hədəfləyir. Bununla yanaşı Fransa da regionda hərbi-siyasi mövcudluğa can atır. Eləcə də İranın da Zəngəzur bölgəsində hərbi gərginliyin yaranmasından faydalanması çox mümkündür.

Yeni müharibənin başlaması Azərbaycanın milli maraqlarına uyğun deyil. Bu, müəyyən beynəlxalq risklər və təhlükələr doğura bilər. İndiki status-kvo ölkəmizə sərfəlidir. Diplomatik danışıqlarla maraqlarımızı qorumaq və təmin etmək daha münasibdir. Ancaq ölkəmizin taleyüklü maraqları tələb edərsə, hər bir varianta hazır olmaq lazımdır”.

Səxavət Məmməd

www.yenicag.az

2062
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv