Cənubi Qafqazda YENİ MÜHARİBƏ İDDİASI: Bunu kim və niyə istəyir? – ŞƏRH

“Fransa və ABŞ belə iddialarla Azərbaycanı beynəlxalq miqyasda nüfuzdan salmağa çalışır”.

Bu fikri Cənubi Qafqazda yeni müharibə proqnozlarını dəyərləndirən Müdafiə Nazirliyi Hərbi Polisinin keçmiş rəisi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmovun sözlərinə görə, mövcud vəziyyətin dayanıqlı olmamasına baxmayaraq, regionda yeni müharibə gözlənilmir:

“Prezident də son çıxışında vurğuladı ki, ərazilərimiz üzərində suverenliyimizi tam bərpa etmişik. O baxımdan, güman etmirəm ki, yaxın vaxtlarda hansısa müharibə baş versin.

Hər halda, Zəngəzur dəhlizi məsələsini əsas gətirib belə proqnozlar verirlər. Azərbaycan həmin yolun İrandan çəkilməsinin mümkünlüyünü də bəyan etdi. Region ölkələri arasında Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu göstərir.

Ona görə də, əslində, “Marşrutun İrandan keçməsi” mesajı daha çox Rusiyaya ünvanlanıb. Bu da deməkdir ki, Azərbaycan “top”u Rusiyaya atdı və indi Moskva bu problemi İrəvanla çözməlidir.

Xarici mediada ABŞ-nin dövlət katibi Entoni Blinkenin adından Azərbaycanın Ermənistanı işğal edəcəyinə dair fikirlər yayımlanmışdı. Hesab edirəm ki, bu iddialar əsassızdı və qarayaxmadan başqa bir şey deyil. Fransa və ABŞ belə iddialarla Azərbaycanı beynəlxalq miqyasda nüfuzdan salmağa çalışır. Çünki indiki şəraitdə regionda müharibə ehtimalı çox aşağıdır”.

Səxavət Məmməd

COP29