“Əldə edəcəkləri kapitalı münasib saydıqları başqa layihələrə yönəltməyi qərara alıblar”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında ABŞ-ın “Exxon Mobil” şirkətinin ardınca “Chevron” şirkətinin də “Əsrin müqaviləsi”ndəki 9,6 faiz payını sataraq, beynəlxalq konsorsiumu tərk etmək qərarına münasibət bildirən Milli Məclisin deputatı Araz Əlizadə deyib.
“Reuters” agentliyinin məlumatına görə, “Exxon mobil”dən sonra ABŞ-ın daha bir böyük neft şirkəti “Chevron” “Əsrin müqaviləsi” üzrə qatıldığı beynəlxlaq konsorsiumu tərk etmək qərarına gəlib.
Şikətdən bildirilib ki, onlar konsorsiumda malik olduqları 9,6 faiz payı satmağı planlaşdırırlar.
ABŞ-ın daha bir neft şirkətinin Azərbaycanda fəaliyyətini dayandırmaq niyyətini şərh edən Araz Əlizadənin sözlərinə görə, ABŞ-ın neft nəhənglərinin “Əsrin müqaviləsi”ndən çıxmaq qərarı siyasi səbəblərlə əlaqədar deyil:
“Mən neft sahəsi üzrə mütəxəssis olmasam da, iqtisadiyyatdan anlayışı olan şəxs kimi deyə bilərəm ki, Amerikanın neft şirkətlərinin beynəlxalq konsorsiumda iştiraklarını dayandırmalarının bir neçə səbəbi ola bilər.
O səbəblərin sırasında ilk növbədə neftin dünya bazarında ucuzlaşmasını və amartizasiya xərclərinin artmasını göstərə bilərik. Görünür, o şirkətlər “Əsrin müqaviləsi”ndəki paylarını sataraq, əldə edəcəkləri kapitalı özləri üçün daha münasib saydıqları layihələrə yönəltməyi qərara alıblar. Burada qeyri-adi heç nə yoxdur.
Eyni zamanda, Amerika şirkətlərinin bu addımında siyasi səbəb axtarmaq da yersizdir. O şirkətlərin qərarları sırf iqtisadi xarakterlidir”.
A.Zeynalov