!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çində antiqərbçi yeni XİN başçısı TƏYİNATI: "Rəsmi Pekin bundan sonrakı xarici siyasətinin konturlarını elan etdi"

!Reklam – Yazi

“Çin Tayvan bağlı siyasətində daha radikal addımlar atacaq və Qərblə münasibətlərdə araya məsafə qoyacaq”.

Bu fikirləri Çin-Qərb münasibətləri haqqında danışan politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında səsləndirib.

Yusif Bağırzadə bildirib ki, Çinin xarici siyasətində radikal dəyişikliklər gözlənilir:

“Çin xarici işlər naziri Tsin Qanqın birdən-birə istefaya göndərilməsi, təbii ki, çoxlu suallar doğurur. Məlum idi ki, son bir ay ərzində Pekində xarici qonaqların səfərlərinin, diplomatik gediş-gəlişin çox olmasına baxmayaraq, Tsin Qanq heç bir görüş və tədbirlərə qatılmırdı. Belə ki, o, ABŞ maliyyə naziri Janet Yellen və ABŞ-nin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerrinin bu ay Çinə səfərləri zamanı da ictimaiyyət qarşısına çıxmamışdı.

Tsin Qanq sonuncu dəfə iyunun 25-də Rusiya, Vyetnam və Şri-Lanka xarici işlər nazirləri ilə görüşlər zamanı görülmüşdü. İyulun 11-də Tsin Qanqın səhhətinə görə Cakartada keçirilən ASEAN xarici işlər nazirlərinin görüşündə iştirak edə bilməyəcəyini bildirməsindən sonra Çin xarici işlər nazirinin “yoxa çıxması” mövzusu Qərb mediasında dolaşmağa başladı və nəhayət, bir neçə gün əvvəl Çin parlamenti onun Xarici İşlər Naziri vəzifəsindən kənarlaşdırıldığını elan etdi.

Çin rəsmiləri Tsin Qanqın vəzifədən kənarlaşdırılmasını heç bir şəkildə izah etmədilər. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq də jurnalistlərin suallarını cavablandırarkən “əlavə məlumatı olmadığını” söylədi.

Tsin Qanqın tərcümeyi halına baxdıqda görürük ki, 57 yaşlı diplomat Çinin Böyük Britaniyadakı səfirliyində işləyib, Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi, daha sonra protokol departamentinin direktoru, məsləhətçi və nəhayət, nazir müavini olub. 2021-ci ilin iyulunda isə o, Çinin ABŞ-də səfiri təyin edilib, 30 dekabr 2022-ci ildə isə xarici işlər naziri vəzifəsinə təsdiq edilib.

Onun nazir təyin edilməsi Çin üçün gərgin və mühüm diplomatik dövrdə baş vermişdi. ABŞ ilə artan ticarət, texnoloji və ideoloji qarşıdurma Çin diplomatiyasından daha çox fəallıq tələb edirdi. Bu zaman XİN-də karyera nərdivanının bütün pillələrini keçmiş ABŞ-dəki səfiri Qin Qanq diqqəti cəlb etdi. 2005-ci ildən 2015-ci ilə qədər Tsin Qanq Xarici İşlər Nazirliyinin direktor müavini, sonra isə İnformasiya və Mətbuat Departamentinin rəhbəri olmuşdu və burada özünü kifayət qədər təsdiq etməyi bacarmışdı. Üç il nazir müavini işlədikdən sonra o, 2021-2022-ci illərdə Çinin Vaşinqtondakı səfirliyinə rəhbərlik edib, Amerika mediasına verdiyi müsahibələrdə və akademik ictimaiyyətin nümayəndələri ilə təmaslarda Çinə qarşı hücumları məharətlə dəf etməyi bacarmışdı. Onun Xarici İşlər Nazirliyində Qərbi Avropa departamentində işləməkdən başlaması daha sonra Böyük Britaniya ilə münasibətlərlə məşğul olaraq attaşelikdən müşavirliyə, daha sonra Londondakı səfirliyin səlahiyyətli şəxsinə qədər bütün mərhələləri keçməsi beynəlxalq tərəfdaşlarla gərgin münasibətləri düzəltməyə can atan Pekinin Tsin Qanqı nazir postuna gətirməsinə səbəb olmuşdu.

Ümumiyyətlə, 2022-ci il Tsin Qanqın karyerasında əsl sıçrayıç ili olmuşdu. Belə ki, həmin ilin oktyabrında hələ səfir postunda olarkən Tsin Qanq Çin Komunist Partiyasının 20-ci Qurultayında Mərkəzi Komitənin üzvü seçilmişdi. Bu onun səviyyəsində olan məmur üçün olduqca qeyri-adi idi. Aydındır ki, Çin siyasi sisteminin indiki həddən artıq mərkəzləşdirilməsi şəraitində Si Cinpinin şəxsi razılığı olmasaydı, bu təyinat baş tutmazdı.

Onu da qeyd edim ki, Tsin Qanq Çin və ABŞ arasında əlaqələrin bərpasında, xüsusən də Dövlət Departamentinin katibi Entoni Blinkenin bu ilin iyununda Pekinə səfəri ilə bağlı əsas rol oynayan şəxs olub. Bir sözlə Tsin Qanqa Çin Xarici İşlər Nazirliyinin rəhbəri olaraq geosiyasi əlaqələri gücləndirməyə kömək edəcək şəxs kimi baxılırdı və indi onun nazir təyin edilməsindən cəmi 7 ay sonra işdən çıxarılması yenidən qeyri-müəyyənlik yaradıb və ortaya çoxlu suallar çıxıb.

Məsələn, Tsin Qanq konkret hansısa günahı səbəbindən nazir vəzifəsindən uzaqlaşdırılıbsa, onda nə üçün hələ də parlament üzvü olaraq qalmaqda davam edir? Yaxud nə üçün onun haqqında bütün məlumatlar, bütün qeydlər, keçirdiyi çoxsaylı görüşlər və hesabat çıxışları ilə bağlı məlumatlar, hətta tərcümeyi-halı belə dərhal Xarici İşlər Nazirliyinin saytından silindiyi halda, onun bütün qalan titulları saxlanılır və Mərkəzi Komitənin üzvü, Dövlət Şurasının üzvü olaraq ona aid məlumatlar hələ də hökumətin saytında saxlanılır?

Bir sözlə müəmmalar çoxdur. Amma onun yerinə olan təyinat, əslində, bir sıra ipucları verir. Belə ki, Tsin Qanqı nazir postunda əvəzləyən şəxs 7 ay əvvəl bu vəzifədən kənarldırılaraq daha yüksək dövlət postuna gətirilən Vanq Yi olub. O, 23 oktyabr 2022-ci ildə Çin Kommunist Partiyasının 20-ci Mərkəzi Komitəsinin 1-ci Plenumunda ÇKP Mərkəzi Komitəsinin Siyasi Bürosuna seçilmişdi və 2023-cü il yanvarın 1-də Çin Xalq Respublikasında birbaşa Çin Kommunist Partiyasının Baş katibinə tabe olan ən yüksək diplomatik vəzifə olan ÇKP Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının Ofisinin rəhbəri təyin edilmişdi.

Öz karyerasına 1982-ci ildən etibarən Çin Xarici İşlər Nazirliyində başlayan təcrübəli diplomat 2001-ci ildə Çin tarixində xarici işlər nazirinin ən gənc müavini olub. Xarici İşlər Nazirliyində işləməklə yanaşı, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Tayvan məsələləri üzrə İdarəsinin və Çin Dövlət Şurasının Tayvan məsələləri üzrə İdarəsinin rəhbəri vəzifələrində çalışıb. 2004-2007-ci illərdə isə Çinin Yaponiyadakı səfiri vəzifəsində çalışıb. 2013-cü il martın 16-dan 2022-ci il dekabrın 30-dək isə, yəni Tsin Qanqın nazir təyin edilməsinə qədər ÇXR-in xarici işlər naziri olub.

70 yaşlı təcrübəli diplomat özünün aqressiv və sərt üslübu ilə, antiqərb mövqeyi ilə seçilir. Məsələn, bu ayın əvvəlində keçirilən beynəlxaq forumda çıxış edən Vanq Yi Cənubi koreyalı və yapon həmkarlarına “saçınızı nə qədər sarıya boyasanız da, siz heç vaxt Avropa, Amerika və ya Qərb olmayacaqsınız” deməklə onların qərbyönlü mövqeyinə görə tənqid etmişdi. Onu da qeyd edim ki, bu ilin martında İran və Səudiyyə Ərəbistanı arasında sensasiyalı sülh razılaşmasına vasitəçilik edən də Tsin Qanq yox, məhz elə Vanq Yi olmuşdu.

Beləliklə, buradan belə bir nəticə çıxır ki, rəsmi Pekin Qərbə yaxın mövqeyi ilə seçilən, Çin və ABŞ arasında əlaqələrin bərpasında, xüsusən də Dövlət Departamentinin katibi Entoni Blinkenin bu ilin iyununda Pekinə səfəri ilə bağlı əsas rol oynayan şəxsi, uzun illər ərzində Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Tayvan məsələləri üzrə İdarəsinin və Çin Dövlət Şurasının Tayvan məsələləri üzrə İdarəsinin rəhbəri vəzifələrində çalışmış, antiqərb mövqeyi ilə seçilən, yenə təkrar edirəm, İran və Səudiyyə Ərəbistanı arasında sensasiyalı sülh razılaşmasına vasitəçilik edən şəxslə əvəzləməklə faktiki olaraq bundan sonrakı xarici siyasətinin konturlarını elan edib. Bu, növbəti mərhələdə Çinin Tayvanla bağlı siyasətində daha radikal addımlar atacağını və Qərblə münasibətlərdə araya məsafə qoyacağını göstərir”.

Səxavət Məmməd

www.yenicag.az

491
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv