!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çini Qərblə yaxınlaşdıran 1,5 trilyonluq TİCARƏT DÖVRİYYƏSİ: “Pekin ajiotaj yaratmadan Rusiya ilə...” - POLİTOLOQ

!Reklam – Yazi

“Çinin öz maraqlarını qurban verərək Rusiyanı düşdüyü bataqlıqdan çıxaracağı real görünmür”.

Bu fikirləri Çinin Rusiya üçün Avropa İttifaqı (Aİ) və ABŞ-yə qarşı iqtisadi alternativ rolunda çıxış etməsinin perspektivlərini dəyərləndirən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadə bildirib ki, Ukraynada müharibə başlayandan Rusiya Çini öz müttəfiqi və Avropa ilə ABŞ-yə qarşı iqtisadi alternativ kimi təqdim etməyə çalışır:

“Rusiya düşünür ki, ABŞ və Avropadan gələn təhlükə Çini Kremlin maraqlarının müdafiəsinə sövq edə bilər. Bu isə Rusiya üçün olduqca vacibdir. Çünki Ukraynaya müdaxilədən sonra qəbul edilmiş sanksiyalar tədricən də olsa, Rusiya iqtisadiyyatına öz təsirini göstərir. Hələlik dünya bazarında enerji resurslarındakı qiymət artımı və Avropanın qəbul olunmuş sanksiyalara yetərli qədər riayət etməməsi Rusiyaya maliyyə axınını təmin edir. Amma bir müddətdən sonra bununla bağlı da ciddi addımlar atılacaq və nəticə etibarilə, Rusiya daha ağır maliyyə problemləri ilə üzləşəcək.

Bu addımların anonsları isə artıq verilməkdədir. Belə ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Duqlas Cons iki gün əvvəl keçirdiyi brifinqdə ABŞ-nin Rusiyaya qarşı sanksiyalar rejimini genişləndirmək və digər ölkələr tərəfindən ona riayət olunmasına nəzarəti gücləndirmək niyyətində olduğunu bildirib. Bu isə hələ də sanksiayalara əməl etməyən ayrı-ayrı Avropa dövlətlərinin də ciddi şəkildə “yola gətiriləcəyi” anlamına gəlir. Belə olan halda Rusiya üçün alternativ maliyyə imkanları tapmaq çox vacibdir və Moskva həmin alternativ rolunda məhz Çinin iştirak edə biləcəyini düşünür.

Lakin Rusiya bu düşüncəsində yanılır. Belə ki, Çin daim öz maraqlarından çıxış edən ölkə olaraq bu mənafelərini Rusiyanın maraqlarına qurban verməz. Adi bir rəqəmə baxaq. Çinin ABŞ ilə illik ticarət dövriyyəsi 755-760 milyard dollar civarında dəyişir. Buraya Avropa İttifaqı, Kanada və digər Qərb ölkələri ilə ticarət dövriyyəsini də əlavə etsək, o zaman 1,5 trilyon dollardan artıq rəqəm alınır. Rusiyanın Çinlə illik ticarət dövriyyəsində rekord rəqəm isə 146,88 milyard dollardır. Göründüyü kimi, rəqəmlər arasında yerlə göy qədər fərq var. Belə olan halda Çinin öz maraqlarını qurban verib ABŞ və Avropa İttifaqına qarşı Rusiyanın yanında olması qətiyyən inandırıcı deyil”.

Politoloqun sözlərinə görə, Çin de-fakto Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulub:

“Pekin hər nə qədər də Qərbin sanksiyalarına qoşulmayacağını bəyan etsə də, son aylar Çin ilə Rusiya arasındakı ticarət mübadiləsində nəzərəçarpacaq dərəcədə azalmalar və əməkdaşlıqla bağlı irimiqyaslı planların təxirə salınması onu deməyə əsas verir ki, bu ölkə de-fakto Rusiyaya qarşı sanksiyalara qoşulub. Buna sübut olaraq “Xiaomi”, “Huawei”, “Lenovo” və “UnionPay” kimi böyük şirkətlərin Rusiya ilə əlaqələrini kəskin şəkildə məhdudlaşdırdığını göstərmək olar. “Honor” və “DJI” şirkətləri isə Rusiya bazarını tamamilə tərk ediblər. ”Huawei” Rusiyadakı ticarət məntəqələrini bağlamağa başlayıb, çünki anbarlarda məhsul çatışmır, ”Lenovo” şirkəti ixracı dondurduğu üçün Rusiyaya idxal edilən noutbukların tədarükü 40 faiz aşağı düşüb. Dövlət şirkəti olan “Honor” Rusiyaya yeni məhsul ixracını dayandırıb və ən nəhayət, Çinin neft və qaz emalı ilə məşğul olan ikinci ən böyük şirkəti “Sinopec” Rusiya ilə əməkdaşlığa son qoyub.

Çinin “UnionPay” beynəlxalq ödəmə sistemi sanskiya altına düşmüş Rusiya banklarına xidmət göstərməkdən imtina edib. Nəticədə Ukrayna ilə aparılan müharibənin beş ayı ərzində Çindən Rusiyaya ixrac olunan malların həcmində 30 faizə yaxın azalma müşahidə olunmaqdadır. Çinin bir neçə dövlət bankı da Rusiya aktivlərinə sərmayə yatırılmasını məhdudlaşdırıb. Bunların arasında “Çin Sənaye və Kommersiya Bankı” və həmçinin “Çin Bankı” da yer alır. Bunlar onu təsdiqləyir ki, Çinin texnoloji şirkətləri və kommersiya bankları Rusiya ilə əlaqələrinin kəsilməsini açıq şəkildə bəyan etməsələr də, fakt olaraq bu əlaqələrdən imtina edirlər.

Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə rəqabət aparmaq məqsədilə yaradılmış Çinin “Asiya İnfrastruktur və İnvestisiya Bankı” isə digərlərindən fərqli olaraq Rusiya ilə əlaqələrin kəsildiyini açıq şəkildə bəyan edib. Bu bank hələ mart ayında Ukrayna müharibəsi barəsində bəyanat yayaraq, Rusiya və Belarusla bağlı bütün əməliyyatların dayandırıldığını elan edib. Adıçəkilən bankı birmənalı olaraq Pekinin iqtisadi diplomatiya və xarici siyasətdəki ən mühüm vasitələrindən biri saymaq olar. Belə olan halda bu bankın Rusiyadakı fəaliyyətini dayandırması kommersiya banklarının və texnoloji şirkətlərin atdığı addımlarla müqayisədə daha çox şeylərdən xəbər verir. Beləliklə, Çinin istər özəl və istərsə də böyük dövlət müəssisələri geniş mənada eyni kursla gedirlər – onlar ajiotaj yaratmadan Rusiyanı tərk edirlər.

Çin şirkətləri formal olaraq antiRusiya sanskiyalarını qınasalar da, gərəkli hesab etdikləri üçün sanksiyalara qoşulurlar. Bu şirkətlər və banklar anlayırlar ki, həmin sanksiyaları pozan ölkələr və şirkətlər gec-tez cəzalandırıla bilər. Bu isə təbii ki, onlar üçün arzuolunan deyil. Çünki əgər ABŞ Çinin hər hansı noutbuk istehsal edən şirkətlərini yarımkeçiricilərlə təmin etməyi dayandırarsa, o zaman bu, həmin şirkətlər üçün fəlakət olar. Bu, banklara da aiddir. Çinin maliyyə institutları sanksiyalara çox həssasdırlar və bu, onları Rusiya ilə məsafəli davranmağa məcbur edir. Çinin bank və şirkətlərinin Rusiya ilə münasibətlərdə ehtiyatlı davranması ilə bağlı sadaladığım faktlar hələ hamısı deyil. Amma bu faktların özü belə iki ölkə arasındakı iqtisadi münasibətlərin heç də hamar olmadığını və Çinin Rusiyanı düşdüyü bataqlıqdan çıxarmaq niyyətində olmadığını görmək üçün kifayət edir”.

Səxavət Məmməd

www.yenicag.az

463
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv