!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çinin layihəsi Azərbaycana nə vəd edir? - ŞƏRH

!Reklam – Yazi

“Çin “Bir kəmər – bir yol” layihəsini irəli sürərkən bunu ilk dəstəkləyən Azərbaycan oldu”.

Bu sözləri Çinin “Bir kəmər – bir yol” layihəsi və onun Azərbaycan üçün perspektivlərini dəyərləndirən iqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov Yenicag.az-a açıqlamasında bildirib.

O, qeyd edib ki, Çinin sözügedən layihəsinin aktivliyi Zəngəzur dəhlizinin işləmə mexanizmindən asılı olacaq:

“Bu gün dünya ticarət meydanında nələr baş verir? Daşıma xərclərinin sürətlə artdığı bir fonda, yük daşımalarının yeni marşurutlarının çəkilməsi və bununla da dünya ticarətinin inkişafına təkan verilməsi məsələsi olduqca ciddiləşir. Son illər ərzində “Dünya fabrikası” missiyasını öz üzərinə götürmüş Çinin bu istiqamətdəki təşəbbüsləri heç də təsadüfi deyil. Çin Xalq Respublikasının Prezidenti Si Cinpin tərəfindən on il bundan öncə irəli sürülmüş “Bir kəmər, bir yol” layihəsini sürətlə reallaşdırmaq bu gün artıq bir zərurətə çevrilib.

“Bir kəmər – bir yol” konsepsiyası Çinin beynəlxalq təşəbbüsü olub, Mərkəzi Asiya, Avropa və Afrikanın 60-dan çox ölkəsini birləşdirən mövcud ticarət yollarının, nəqliyyat və iqtisadi dəhlizlərin təkmilləşdirilməsinə və yenilərinin yaradılmasına yönəlib.

Ümumi xarici ticarət dövriyyəsi 6 trilyon ABŞ dollarından çox olan bir dövlət ölkəsinə və ölkəsindən kənara daşımaların daha sərfəli yollarını axtarıb tapmağa məhkumdur. Bu yollar arasında Şərqlə Qərbi birləşdirən və bu istiqamətdə ən qısa yol hesab olunan Orta İpək Yolunun bərpası xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan üzərindən keçən Qədim İpək Yolunun bu xəttinin yeni bir formada bərpası Şərqlə Qərb arasında ən qısa quru yolunun yaradılması deməkdir.
Dünya iqtisadiyyatının nəhəngi olan və bu gün Alıcılıq Qabiliyyəti Prioriteti üzrə Amerika Birləşmiş Ştatlarından da 10 trilyon çox Ümumi Daxili Məhsul istehsal edən Çin bu yolların çəkliməsinin gələcəkdə onun üçün nə demək olduğunun ciddi fərqindədir. Əgər bu belə olmasaydı, Çin “Bir kəmər, bir yol” layihəsinə ümumilikdə 8 trilyon ABŞ dolları həcmində vəsaitin xərclənməsi barədə qənaətə gəlməzdi. Çin hökuməti bu layihənin fəlsəfəsini öz ölkəsi üçün belə müəyyənləşdirir – “daha çox xərcləmək və daha az qazanmaq, əvvəlcə xərcləmək – sonra qazanmaq”. Bu çağırışla Çin hökuməti əməkdaşlıq etdiyi bütün ölkələrə bəyan edir ki, biz bu layihə üçün trilyon dollarlarla vəsait xərcləməklə başlanğıcda deyil, sonradan qazanmaq niyyətindəyik.
Bu səbəbdən də ÇXR sədri Si Cinpin Sian şəhərində Mərkəzi Asiya ölkələrinin liderləri ilə bu günlərdə keçirilən görüşdə ölkəsinin Xəzər dənizi üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşmasını istədiyini deməsi təsadüfi sayılmamalıdır. İllər öncə mütəxəssislər bu məqsədlə Xəzər dənizi üzərindən asma körpünün çəkilməsini və ya Xəzərin altı ilə tunel yolun çəkilməsi kimi layihələrin geniş müzakirəsini keçirirdilər. Çünki hər kəs yaxşı başa düşürdü ki, böyük həcmdə yüklərin Xəzər dənizi üzərindən bərələr vasitəsilə Qərbə daşınması texniki cəhətdən real deyil (bu halda xərclər müəyyən qədər artır və daşımaların hava şəraiti ilə bağlılığı yarana bilir və s.). Bütün bu səbəblərdən də bu gün Xəzər dənizinin üzərindən asma yolun və ya onun dibi ilə tunel vasitəsilə yolun çəkilişi məsələsi yetərincə aktuallaşır. İlk öncə ortaya belə meqa layihənin maliyyə təminatı barəsində suallar çıxır. Lakin unutmaq lazım deyil ki, ümumi dəyəri 8 trilyon ABŞ dollarına çatan “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Xəzər dənizi üzərindən və ya onun dibi ilə tunel yolların çəkilişinə 100-150 milyard dollar vəsait qoyulması çətinlik törətməyəcəkdir. Əvəzində Şərqlə Qərbi birləşdirən ən qısa quru yol yaradılacaqdır. Xəzər dənizi üzərindən yüklərin Türkiyəyə və oradan Avropaya çatdırılması asanlıqla, ən qısa zaman kəsiyində və ən az xərclə baş tutacaqdır.
Bu layihənin uğuru, eyni zamanda Zəngəzur dəhlizinin necə işləməsindən asılı olacaqdır. Ona görə də dəhlizin açılması mütləq baş verəcək. Ortada söhbət bir il ərzində yalnız Çindən Avropaya 850 milyard dollar həcmində məhsulların böyük bir hissəsinin iqtisadi cəhətdən (su yolu ilə daşımalarla müqayisədə) bir neçə dəfə sərfəli olacaq quru yolu ilə daşınmasından gedir. Elə bu səbəbdən də Zəngəzur dəhlizinin taleyini illik büdcəsi 4,5 milyard dollar olan Ermənistan həll etməyəcək. Burada söhbət Çin başda olmaqla, bütün Avropanın və bir çox Asiya ölkələrinin yüz milyardlarla dollar iqtisadi maraqlarından gedir. Bu məsələlərin həllindən sonra Şərqlə Qərbi birləşdirəcək bu ən qısa quru yolun normal fəaliyyəti üçün lazım olan bütün digər məsələlər dərhal öz həllini tapacaqdır.

Çin Xalq Respublikasının sədri Si Cinpin 2013-cü ilin sentyabr ayında “Bir kəmər, bir yol” layihəsini ortaya qoyduqdan sonra bütün ölkələr içərisində bu layihəni ilk dəstəkləyən Azərbaycan oldu. Çünki Azərbaycan Prezidenti İlham Əliyev bu layihənin gələcəkdə ölkəmiz üçün nə demək olduğunu vaxtında uzaqgörənliklə dəyərləndirmişdi. Elə bu səbəbdən də Azərbaycan Prezidentinin 2013-cü ilin dekabrında Çinə rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında Memorandumu” imzalanıb.

Odur ki, gələcəkdə Azərbaycana böyük siyasi və iqtisadi dividentlər gətirəcək bu layihəyə indidən kölgə salmaq istəyən siyasi iqtisadçıların “ali məqsədi”nin nə olduğunu izah etməyə ehtiyac qalmır”.

Yusif Səmədzadə

www.yenicag.az

379
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv