155731_res_01Latviyanın TKB Leasing şirkəti Azərbaycandakı nümayəndəliyinin ləğvini elan edib.

Bu barədə Vergilər Nazirliyinin yaydığı məlumatda deyilir. Kreditorlar iki ay müddətində şirkətlə bağlı iddialarını Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi, 27 ünvanına təqdim edə bilərlər. TKB Leasing Latviyanın “Trasta komercbanka” bankının törəmə şirkətidir.

Şirkətin bağlanma səbəblərinə gəldikdə isə virtualaz.org bu ilin martında yazmışdı ki, Avropa Mərkəzi Bankı “Trasta komercbanka” nın lisenziyasını ləğv edib. Buna səbəb kimi bankın uzun müddətdir fəaliyyətində ciddi pozuntulara yol verməsi, ziyanla işləməsi və cinayətkar yollarla əldə edilmiş gəlirlərin leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi sahəsində intensiv pozuntulara yol verməsi göstərilir.

“Trasta Komercbanka” Azərbaycan bazarına 2010-cu ildə daxil olub, “TKB Leasing” Səhmdar Cəmiyyəti adı altında törəmə şirkət təsis edib. Bank sektorundakı mənbələrdən virtualaz.org-a məlum olub ki, bu törəmə şirkətin əsas funksiyası Azərbaycandan Avropa İttifaqına üzv ölkələrin banklarına pul köçürmələrini və yerləşdirilməsini təmin etməkdən ibarət olub. Bu məqsədlə Latviyada və offşor zonalarda qeydiyyatdan keçmiş, “kağız üzərində”ki şirkətlərdən istifadə olunub. Söhbət çirkli pulların leqallaşdırılması əməliyyatından gedir və mənbələr bildirir ki, bu bankda leqallaşdırılan vəsaitə görə “komission” kifayət qədər yüksək olub-təxminən 20 faiz təşkil edib.

Şirkətin rəsmi saytında isə göstərilirdi ki, “TKB Leasing” Səhmdar Cəmiyyəti Azərbaycanda sahibkarlara lizinq xidmətləri göstərilməsi, kommersiya fəaliyyəti, eləcə də kiçik və orta biznesin inkişafı üçün kreditlərin verilməsi kimi fəaliyyətlərlə məşğuldur. “TKB Leasing”-in rəhbəri və “Trasta Komercbanka”-nın Azərbaycan nümayəndəsi Bayəli Mürsəlov təyin edilib.

2014-cü ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Latviyada qeydiyyatdan keçmiş “Trasta Komercbanka” Səhmdar Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Bəyəli Mürsəlov barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi açıb.

Cinayət işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Bakı sakinindən daxil olmuş şikayət əsasında başlanılıb. Araşdırmalar zamanı müəyyən olunub ki, B.Mürsəlov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Bakı şəhər sakininin həmin bankda hesabında olan 600 min avro məbləğində pulunu istixana üçün avadanlıq alınması adı ilə xaricdə fəaliyyət göstərən şirkətlərin bank hesablarına köçürməklə mənimsəyib. Bu cinayət işinə dair istintaqın nəticələri barədə məlumat yoxdur.

Latviya bankının adı təkcə Azərbaycanda çirkli pulların leqallaşdırılmasına qarışmayıb. Korrupsiya və mütəşəkkil cinayətkarlıq üzrə jurnalist araşdırmaları Mərkəzi OCCRP-nin 2014-cü il avqustun 24-də dərc etdiyi məlumatda deyilir ki, “Trasta Komercbanka” Rusiyadan milyardlarla dolların çıxarılması və leqallaşdırılması üzrə nəhəng sxemin marşrutunda son nöqtədir. OCCRP bankın Rusiyadan çirkli pulların çıxarılmasında və leqallaşdırılmasında əsas vasitəçi olduğunu təsdiq edən bank sənədlərini əldə etdiyini bildirmişdi.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 23
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."