!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dağıntılar altında ölən 4 ümid: Evi yıxılmış tələbələrin yolunu kim kəsib? - Çingiz Özgür yazır

!Reklam – Yazi

Onlarla bizi birləşdirən yüzlərlə ümumi nəsnədən başqa, bir də xüsusi hallar var. Biz də onlar kimi, dörd tələbə idik. Biz də evimizdən-eşiyimizdən aralı idik. Köhnə bir tikilidə, balaca bir evdə qalırdıq. Bizim də qaldığımız ev gecənin tən yarısında üstümüzə uçmuşdu. Xatırlayıram…

Biz də dörd tələbə idik. Xəncan, Həbib, Sətdar, mən. Sentimental, gözəl Xəncan, sakit-öz halında Həbib, bir az xəsis, bir az çoxbilmiş Sətdar və mən. Tanıdığınız mən. Zirzəmisini də nəzərə alsaq, ikimərtəbəli, iç-içə ikiotaqlı həyət evi. Dərsi-dərsində, əhvalı yerində tələbələr. İçəri otağın qapı ilə üzbəüz divarı xeyli nəmləmiş, içəriyə doğru “qarınlamış”dı. Uzaqdan baxana belə təhlükə siqnalı ötürürdü.

Evimiz gəl-getli idi. Sədərəkdən Ordubada, Ordubaddan Sədərəyə kimi, hansı kəndçimiz gəlib Naxçıvandan keçəndə vaxt-imkan edirdisə, bizim evə dəyirdi. Ən çox da əsgərlər. Doxsan dörddən sonrakı illərin əsgərliklərini xatırlayan bilir, ovaxtkı əsgərlərin “səyahət”i də, boş vaxtı da çox olurdu. Çarpayılarımız içəri otaqdaydı, dördümüzün də. Baş tərəfləri həmin o məlum divara dayanmışdı. Böyük, dəmir çarpayılar. Gələn qonaq istirahət üçün içəri otağa keçdimi, qapıdan girən kimi gözləri “qarınlamış” divara sataşırdı. “Bu divar uçacaq” kəlməsini o qədər eşitmişdik ki, bizimçün adi bir sözə çevrilmişdi, dərk eləmirdik, nə deyilir.

Evi niyə dəyişdirmirdik? Əlbəttə ki, kefimizdən deyildi. Bu balaca şəhərdə dörd oğlan uşağı üçün kirayə ev tapmaq hansısa planetdə həyat əlaməti tapmağa yaxın bir şey idi. Başımızı aşağı salıb yaşayırdıq.

Sonra bir gün dedim ki, mən çarpayımı o biri otağa aparıram, bura çox sıxlıqdı. Beləcə hər iki otaqda xeyli geniş yer qalırdı. Onsuz da mətbəximiz bir pəncərə və bir elektrik peçindən ibarət idi. Qalan işlər həyətdə görülürdü, qab yumaq-zad. Mənim fikrimlə Sətdar da dərhal razılaşdı, digər otağa “köçdü”. Bəlkə də, divarın uçma təhlükəsinə görə belə etdik, bilmirəm. Amma onu bilirəm ki, nə baş verə biləcəyini anlamırdıq.

Sonra bir axşam hamımız içəri otaqda olanda Həbib üzünü divara tutub dedi ki, bu gecə bu divar uçacaq. Dedi və bütün gecələr etdiyi kimi, başını “uçacaq” dediyi divara tərəf qoyub yatdı. Həmin gecə biz dəhşətli səslərə yuxudan ayıldıq. Yox, ayılmadıq, sadəcə qalxıb səs gələn tərəfə – içəri otağa qaçdıq. Köhnə tikili, azı bir metr eni olan çiy kərpicdən tikilmiş divar düz yarıdan bölünüb uçmuşdu. Hər tərəf toz-torpaq idi. Şok keçirirdik. İlk özümə gələndə gözüm ev yoldaşlarımı axtardı. Həbib ayaq üstə idi, Xəncansa eləcə çarpayıda çökmüşdü. İkisi də sağ-salamat, heç nə olmamış.

Həbib divardan tökülən torpaq səsinə ayılır. Qalxan kimi, divarın gəlhagəldə olduğunu hiss edir, düşünür ki, Xəncanı çağırıb oyatmaq istəsə, yuxudan qalxana kimi divar altda qala bilər. Qeyri-adi bir reaksiya ilə Xəncanı dəmir çarpayı qarışıq qapıya tərəf dartmışdı. Eşitdiyimiz səslər də Xəncanın baş verənlərə reaksiyası idi. “Elə bildim, zəlzələ oldu, hamımız qalacağıq dağıntı altda” – özünə gələndə dediyi ilk cümlə idi. Yox, hələ də özünə gəməmişdi, deyəsən. Ömrü boyu etmədiyi şeyi etdi, evə gələn hansısa əsgərdən qalan “Astra” siqaretinin içindən birini götürüb yandırdı. Gözlərinə dolan tüstüdən idi, yəqin, gözləri yaşardı…

Mənim o biri otağa köçmək fikrim Səttarla məni, Həbibin ayıqlığı və reaksiyası isə özünü və Xəncanı qurtarmışdı. Əvvəlki qaydada yatmağa davam etsək, Həbib bizi oyatmağa çalışacaqdı. Nəticədə hamımız uçqun altında qalacaqdıq.

Evimizin uçmağından qısa müddətdə universitet, sonra bütün şəhər, sonra isə hamı xəbər tutdu. Yaşananlar sanki yuxu idi. İllərlə biz bu qorxulu yuxunu xatırladıq, hələ də xatırlayırıq. Heç kəsə xəsarət yetməsə də, burnumuz belə qanamadan qurtulsaq da, illərdir o gecənin təsirindən çıxa bilmirik. Nə baş verdiyini hadisə baş verdikdən sonra anladıq. Və nələrin baş verə biləcəyini də. Arabir ya bir yerə yığışdıqda, ya da hansısa bir hadisənin ardından yada düşən o məşum olay son günlər elə hey beynimdə “gəzişir”. Vətəndən uzaqda, qardaş ölkə olsa da, qəriblik sayılan bir yerdə, yanında kimi-kimsəsi olmayan dörd tələbə qardaşımızın evi başına uçan gündən halbahal olmuşam. “Nələr yaşayıblar, ilahi” – düşündükcə həmin o gecə, o dəhşətli səs, o toz-duman gəlir gözüm önünə.

“Kaş ki, onlar da bizim kimi, heç nə olmadan qurtulsun”, – deyə düşünürdüm öncə. Saatlar keçdikcə yara almalarına da razı idim. Günlər keçdikcə: “Təki yaşasınlar…” – deyir, dalını ağlıma belə gətirmirdim.

Bəzənsə: “Evi yıxılsın baisin”, – deyirdim öz-özümə. “Nə bais axı, baismi var? O boyda fəlakət olub, minlərlə adam olüb, nə bais?” – sual edirdim özümdən. “Dinmirdim” daha, iç səsim belə susurdu burada. Küsürdüm hər şeydən. Öz-özümə belə danışmağa lüzum görmürdüm. Danışsam, deyərdim ki, kim olacaq, o dörd gəncəcik tələbənin tətildə olmalarına baxmayaraq, vətənə gəliş yolunu bağlayan nə qədər səbəb varsa, o səbəblərin bütün səbəbkarları. Allah evlərin yıxsın, yıxdılar camaatın balasının evini…

Düz doqquz gün idi ümid deyib durmuşduq, inama, imana söykənmişdi minlərlə insan. Milyonlar bir qucaq olub bağrına basmaq istəyirdi. Dırnaqlar texnika olub qazmaq istəyirdi. Gözlər şüaya dönüşüb ən dibi görmək, hisslər aparat olub həyat nişanəsi tapmaq istəyirdi o binadan. Bütün ölkənin gözü Malatyadakı dördmərtəbəli bir binanın dağıntılarında idi. Dillər duada, əllər göydə, alınlar səcdədə idi. Tanımadığımız adamlar bir anda doğmamıza çevrilmişdi. Şəkillərindən bizə gülürdülər, baxışlarından bizə anladırdılar, gözlərindən bizlə danışırdılar.

İnanırdıq, ümid edirdik, yaxşı düşünürdük…
Olmadı, olmadı, olmadı…

Ümid sonda ölmürmüş, həqiqət ən dibdə imiş. Qazıntılar ən dibə çatdıqda həqiqət üzə çıxdı. Bizim tələbə qardaşlarımız, Samir, Hümam, Gündüz və Şahin dağıntılar altında can veribmişlər. Dünən axşam rəsmi olaraq təsdiqləndi.

Heç bilmirəm, baş verənlərdən nəticə çıxarılacaqmı? Demirəm, günahkar axtarılsın, tapılsın, cəza verilsin. Bundan sonra üçün nəsə ediləcəkmi? Bəli, hadisə dərslər olan vaxt da ola bilərdi. O zaman biz “tətil olmağına baxmayaraq, gələ bilməyiblər” düşünməyəcəkdik. Tələbələr özləri gəlmək istəmədikləri üçün gəlməmiş ola bilərdilər və ya imkanları olmasına baxmayaraq, özləri gəlmək istəməyə bilər. Amma bunların olması problemi həll edirmi? Və ya ümumiyyətlə belə problemin olmaması deməkdirmi?

Zəlzələ bölgəsində övladı oxuyan bir dostumuz danışır: “Qızım imkana görə gəlmək istəmirdi. Son anda ürəyim dözmədi. Bilet almaq istədim, gediş-gəlişin 1100 manat olduğunu görüb dayandım. Bu qədər pulu borc belə olsa, tapa bilməzdim. Sonra dostlardan kimsə dedi ki, “kredit kartı” ilə almaq olur. Övladımın göz yaşlarına dözə bilmədim, gedib kreditə aldım bileti”. Bax beləcə sağ qalıb bir tələbə. Bildiyimiz bir tələbə. Bilmədiyimiz neçə tələbə hekayəsi, neçə valideyin zülmü var.

Bax elə bu dörd gəncimizin yarıda qırılan hekayəsi kimi. Bu dörd gəncin valideyinlərinin zülmü kimi. Yaxınlarının yaşadığı üzüntü kimi. Bütün xalqın çəkdiyi dərd kimi.

Əldən gəlməyənlər bəllidir. Qarışa bilmədiyimiz, insan övladının önləyə bilmədiyi dərdlər, fəlakətlər var. Bunları hamımız anlayırıq, başa düşürük. Amma əldən gələn, həlli olan problemləri həll edin. Gəncləri, valideyinləri, xalqı bu zülümlərdən qurtarın. Allah xatirinə!

www.yenicag.az

669
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv