!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“DANIŞIR XOCALI” sənədli filmi təqdim olunub - FOTO/VİDEO

!Reklam – Yazi

Bu gün “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin hazırladığı “DANIŞIR XOCALI” sənədli filminə ictimai baxış keçirilib.

Yenicag.az xəbər verir ki, “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 2 ay ərzində həyata keçirilən “DANIŞIR XOCALI” – sənədli film” layihəsini yekunlaşdırıb.

Layihə çərçivəsində erməni faşistlərinin törətdiyi, bəşəriyyətin ən qanlı faciələrindən biri olan Xocalı Soyqırımının canlı şahidlərinin, o cümlədən yerli və xarici ekspertlərin iştirakı ilə irihəcmli “DANIŞIR XOCALI” sənədli filmi çəkilib. “DANIŞIR XOCALI” sənədli filminin Azərbaycan publikası üçün ictimai baxışı bu gün World Businness Center-də təşkil olunub.

Filmin nümayişindən əvvəl çıxış edən “Yeni Çağ” Media Qrupunun direktoru Aqil Ələsgər layihə haqqında ətraflı danışaraq, belə bir filmin çəkilməsi ideyasının Xocalı Soyqırımının beynəlxalq miqyasda tanıdılmasına töhfə vermək niyyətindən qaynaqlandığını vurğulayıb.

“DANIŞIR XOCALI” sənədli filminin ictimai baxışında millət vəkilləri, QHT və media rəhbərləri, yazarlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışında film haqqında təəssüratlarını bölüşən millət vəkili Fəzail Ağamalı bildirib ki, xalqımız Xocalı Soyqırımından əvvəl də çox müxtəlif faciələrlə üzləşib:

“Gülüstan və Türkmənçay müqaviləsindən sonra ermənilər torpaqlarımıza yerləşdirildi. Bununla da xalqımızın faciələri başladı. Mənim nəslim dörd dəfə erməni vandaliziminin qurbanı olub, qohum-əqrəbamızdan 90-a yaxın şəxs öldürülüb. Xocalı Soyqırımı unudula bilməz. Biz nə qədər ki, Xocalının intiqamını almamışıq, başımızı yuxarı qaldırmağa haqqımız yoxdur. Çox vacib bir işi həyata keçirdiyi üçün Aqil Ələsgərə də təşəkkür edirəm”.

Azərbaycan-Türkiyə Evinin ( ATEV) rəhbəri Tənzilə Rüstəmxanlı çıxışında belə mühüm layihələrin davamlı olaraq, həyata keçirilməsinin vacibliyini deyib:

“Qoynumuzda bəslədiyimiz bəzi millətlər sonradan qanımıza susayıblar. Həqiqətən də, çox aktual və Xocalı Soyqırımını dürüst əks etdirən əla film alınıb. Dünyanın böyük gücləri Xocalıda nə baş verdiyini bilirlər, lakin dünya bu gün haqdan deyil, güclüdən yanadır. Belə layihələrin davamlı olması lazımdır”.

“DANIŞIR XOCALI” sənədli filminin məsləhətçisi, “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat hər bir məsələdə Azərbaycanın yanında olacaqlarını bildirib:

“Xocalıdakı qətliamı lənətləyirik. Xocalı insanları mənim gözümdə qəhrəmandır. Çünki onlar silahsız olaraq, dörd il ermənilərlə mübarizə aparıblar. Filmin çəkilişi zamanı əlimizdən gələn bütün dəstəyi verdik. Hər zaman bu işlərə dəstək verməyə davam edəcəyik”.

Soyqırım zamanı ermənilərin əsir götürdükləri Xocalı sakini Dürdanə Ağayeva isə filmlə bağlı kövrək notlarda danışıb:

“Xocalıda əsirlikdə olduğum günlər haqqında kitab yazmışam. Bu filmə baxanda, çox təsirləndim. Özümə sual verirəm ki, axı mənim günahım nə idi? Kaş ki, əsirliyim haqqında yox, Xocalının gözəlliyindən yazardım. Filmi hazırlayıb ərsəyə gətirənlərə təşəkkürümü bildirirəm”.

Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət bu filmin Xocalı haqqında həqiqətlərin dünyaya daha uca səslə tanıdılmasına töhfə olduğunu deyib:

“Bu gün Azərbaycan Ordusuna, Ramil Səfərova, Mübariz İbrahimova çamur atanlar, ermənilərin halına acıyanlar indi çıxıb Dürdanə Ağayevaya cavab versinlər. Bu gün Azərbaycanda fərqli düşünmək olmaz. Kimsə gəlib torpağımızı işğal edəcək, ana-bacılarımızın namusuna dil uzadacaq və mən də ona qarşı tolerant olacam? Elə şey yoxdur. Bu filmin hazırlanmasında əməyi keçən hər kəsə minnətdaram”.

Xocalı Soyqırımı haqqında kitabın müəllifi olduğunu vurğulayan şairə İradə Əlili çıxışında xalqımızın üzləşdiyi bu faciənin hər zaman diqqət mərkəzində olması üçün gərəkən bütün işlərin görülməsinə çağırıb.

Yekunda çıxış edən “DANIŞIR XOCALI” – sənədli film layihəsinin rəhbəri Aqil Ələsgər tədbirə qatılanlara təşəkkür edərək, Xocalı Soyqırımının dünyada tanıdılması istiqamətində hər kəsin əlindən gələni etməli olduğunu bildirib:

“İdeal bir film hazırladığımızı iddia etməsək də, Xocalı Soyqırımı ilə bağlı bir iş görməyə çalışdıq. Biz dövlətimizin isimsiz əsgərləriyik və bununla qürur duyuruq”.

Qeyd edək ki, “DANIŞIR XOCALI” sənədli filminin ingilis dilində ilk nümayişi bu il iyunun 21-də “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi, “Yeni Çağ” Media Qrupu və Azərbaycan Diaspor İnformasiya Mərkəzinin təşkilatçılığı ilə Tiflisdə təşkil olunan “101 illik dostluqdan strateji ortaqlığa: Gürcüstan-Azərbaycan” adlı beynəlxalq konfrans çərçivəsində baş tutub.

Tiflis Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində gerçəkləşən film nümayişində Azərbaycanın Gürcüstandakı Səfirliyinin birinci katibi Vüqar Mustafayev, “Yeni Çağ” Media Qrupunun direktoru Aqil Ələsgər, Yaxın Şərq və Qafqaz İnstitutunun (IMECS) təsisçisi və baş icraçı direktoru Vasili Papava, Mədəniyyət və Əlaqələr Təşkilatının rəhbəri Natella Grigalaşvili, politoloq, Qafqaz Strateji Araşdırmalar İnstitutunun siyasi məsləhətçisi Gela Vasadze, Tadzreli Fondunun prezidenti Teymuraz Toumanişvili, Beynəlxalq Qara dəniz Universitetinin professoru Nika Çitadze, jurnalist Irma Mesxi, tanınmış gürcü yazıçı Quram Marxuliya, yazıçı Beka Korşiya, jurnalist Sofo Mtivlişvili, Azərbaycan Diaspor İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdili və çox sayda başqa qonaqlar iştirak ediblər.

COP29

www.yenicag.az

2077
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv