Bu gün Azərbaycan milli komandası DÇ-2020-nin elit-raund mərhələsi çərçivəsində ikinci oyununu keçirib.
Yenicag.az xəbər verir ki, komandamız Rusiya yığması ilə qarşılaşıb.
Osiyek şəhərindəki “Qradski vrt Arena”da baş tutan görüşə fəal başlayan Joze Alesio da Silvanın yetirmələri Rafael Vilelanın erkən qolu ilə hesabda önə keçib. Lakin komandamız ilk yarıda üstünlüyünü qoruya bilməyib.
Şimallılar fasiləyədək nəinki hesabda tarazlıq yaradıb, hətta irəli çıxıblar. Milli yalnız ikinci hissənin sonlarında daha üç qol vurmağa nail olub. Everton Kardosonun bərabərlik topu komandanı daha da ümidləndirib. Bundan ruhlanan komanda İsa Atayevin və Everton Kardosonun yenidən fərqlənməsi ilə qələbə qazanıb. Şimallılar yalnız bunlardan birinin əvəzini çıxıblar. Bu qələbə ilk turda Xorvatiyaya 0:2 hesabı ilə uduzan komandamızın nəinki 2-ci yer, hətta 1-ci yer şansını saxlamaq imkanı verib.
Qeyd edək ki, günün digər matçında Xorvatiya ilə Slovakiya üz-üzə gələcək. Millimizin Slovakiya ilə qarşılaşacağı son turun matçları fevralın 1-də keçiriləcək.
DÇ-2020-nin Avropa zonası üzrə elit-raundu
C qrupu, II tur
30 yanvar
20:00. Azərbaycan – Rusiya – 4:3
Qollar: Rafael Vilela, 2, Everton Kardoso, 34, 40, İsa Atayev, 36 – Romulo, 16, Danil Davidov, 18, Artem Antoşkin, 40
Hakimlər: Alessandro Malfer, Angelo Galante, Çiara Perona (hamısı İtaliya)
Osiyek. “Qradski vrt Arena” (apasport.az)