!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Dədə Süleymanın xatirə gecəsi keçirildi - FOTOLAR

!Reklam – Yazi

Şaqraq zəngulə, bənzərsiz ifa, əsrarəngiz səs… Bu səsin sehrinə düşən insanlar, dopdolu salon, ara vermədən zalı başına götürən alqış sədaları… Əməkdar artist, sənət dünyasına Dədə Süleyman kimi möhürünü vuran ustad xanəndə Süleyman Abdullayevin Beynəlxalq Muğam Mərkəzində keçirilən xatirə gecəsində yaşanan təəssüratlar o qədər zəngindir ki, onları sözə sığışdırmaq mümkün deyil.

Yenicag.az xəbər verir ki, xatirə gecəsində Süleyman Abdullayevin ailə üzvləri, sənət dostları, mədəniyyət və ictimaiyyət nümayəndələri və xanəndənin səsinin heyranları iştirak edib.

Gecədə xatirələr dilə gəlib, söz-sözə, musiqi musiqiyə calanıb… Öncə böyük sənətkarın həyat və sənət yolundan bəhs edən videoçarx nümayiş olunub. Dədə Süleymanın ömür yoluna həsr olunmuş “Səsin sorağında…” romanının müəllifi Vaqif Rüstəmov ustad xanəndəni Azərbaycan mədəniyyətinin əsas sütunlarından biri kimi dəyərləndirib:

“Dədə Süleyman məni bal kimi səsi ilə məftun etmişdi. O, Allahın bizə və musiqimizə bir lütfü idi. Süleyman Abdullayev kimi Azərbaycan mədəniyyətini dünyada tanıdan ikinci bir xanəndə tanımıram”.

Xalq artisti, zərb ifaçısı Sadıq Zərbəliyev Dədəni həm sənətkar, həm də bir insan kimi xarakterizə edib:

“Dədə ilə yaxşı dostluğumuz olub. Toylardan qayıdanda, yolboyu qarşısına çıxan kasıb-kusuba pul paylayırdı. Dəyərli sənətkar olmaqla bərabər, Dədə həm də çox gözəl insan idi”.

Dədə Süleyman sənətinin vurğunu olan Xalq artisti, “Şöhrət” ordenli Niyaməddin Musayev ustadın bu gün də yerinin görünlüyünü bildirib:

“Süleyman Abdullayevin səsindən doymaq mümkün deyil. Bu gün də onun səsi və sənəti yaşayır. Mən onun səsinin məftunu idim. Dədə Süleymanın adı və sənəti hər zaman yaşayacaq”.

Sənətkarın qızı Aygün Süleymanqızı atasını qürurla yad edib:

“Fəxr edirəm ki, elə bir sənətkarın, elə bir şəxsiyyətli kişinin qızıyam. Atama və onun sənətinə olan böyük sevgi qarşısında həmişə baş əymişəm. Muğam Mərkəzinə, atamın sənətinin, xatirəsinin işığına toplaşan bu qədər adam var. Bu sevgi, bu sayğı məni bir övlad kimi qürurlandırır. Süleyman Abdullayev sənəti ölməzdir, əbədidir”.

Tanınmış müğənnilər Ehtiram Hüseynov, Səbuhi İbayev, Elnur Zeynalov, Qocaq Əsgərov, Kamilə Nəbiyeva, Nizami Abdullayev və digər sənətçilər xatirə gecəsində Dədə Süleymanın repertuarından olan musiqiləri ifa ediblər.

Gecədən video və fotoları təqdim edirik:

Cəvahir

www.yenicag.az

1357
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv