!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dəmir yolunun inkişafında HEYDƏR ƏLİYEV FENOMENİ: “Bu sahədə əldə edilən uğurlar birbaşa Ulu Öndərin adı ilə bağlıdır” - MÜSAHİBƏ

!Reklam – Yazi

“Ata məsləyinin önəmini və ölkənin gələcəyi üçün əhəmiyyətini dərk edən Ümummilli Lider respublikaya rəhbərliyi dövründə Azərbaycanda dəmir yolu sahəsinin inkişafına xüsusi önəm verib”.

Bu fikirləri Ulu Öndər Heydər Əliyevin dəmir yolu sahəsinin inkişafı ilə bağlı xidmətlərindən danışarkən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Məlumat Hesablama Mərkəzi Departamentinin Məlumat mübadiləsinin təşkili şöbəsinin Böyük mütəxəssisi Mətanət Qafarova Yenicag.az-a müsahibəsində səsləndirib.

Müsahibəni təqdim edirik:

– Əvvəlcə oxucularımıza sizi tanıdaq. Neçə ildir dəmir yolu sahəsində çalışırsınız? Bu işə sevginiz haradan yarandı?

– 1995-ci ildə ilk dəfə texnik olaraq fəaliyyətə başlamışam. Dəmir yolu elə bir sahədir ki, burada irəliləmək üçün sistemin işləyiş şəklindən xəbərdar olmağınız lazımdır. Mən də mərhələ-mərhələ dəmir yolunun bütün biliklərini mənimsədim, onları aktiv təcrübə ilə inkişaf etdirərək pillə-pillə bugünkü vəzifəmə qədər yüksəldim. Bu sahə çox maraqlı və dərin incəlikləri olan bir sənətdir. Burada hər gün yeniliklər baş verir və sən də bu yenilikləri öyrənməlisən, əks-təqdirdə, özünü inkişaf etdirə, sistemin sürəti ilə uyuşa bilməzsən. 27 ildən artıqdır dəmir yolu sahəsində çalışıram və bu, peşəmə duyduğum sevgidən irəli gəlir. Mən bu peşəyə sevgi bəsləməsəm, bu qədər müddət çalışa bilməzdim. Həyat yoldaşımın ailəsi də – qayınatam, qayınanam da bu sahədə çalışıb, “Fəxri dəmiryolçu” adına layiq görülmüş şəxslər olublar, bu da məni işimə daha sarılmağa sövq edən amillərdən olub. Nəticədə özüm də 2011-ci ildə “Fəxri dəmiryolçu” adını almışam.

– Dəmir yolunun tarixi haqqında danışsaq, Azərbaycanda təqribən bir əsr yarımlıq tarixi olun dəmir yolunun yaradılması və dövrlərə uyğun olaraq ardıcıl şəkildə təkmilləşdirilməsi ilə bağlı nə deyə bilərsiniz?

– Əvvəla, onu qeyd edim ki, bir çox dəmiryolçular kimi peşəmə olan sevgimdən ölkəmizdə dəmir yolunun keçdiyi tarixi inkişaf mərhələlərini zamanında araşdırmışam və bu sahədə oxumalara indi də davam edirəm. Dəmir yolu elə bir sahədir ki, modern zamanın tələbləri ilə yeni texnoloji keyfiyyətlər qazanır, innovasiyalar baş verir. Ölkəmizdə də hazırda dəmir yolunun modernləşməsi uğurla davam edir. Ancaq biz dəmir yolunun bu gününü onun ortaya çıxması və keçmişindən ayrı düşünə bilmərik, çünki hər yenilik köhnənin üzərində qurulur. Hər bir sahədə olduğu kimi, dəmir yolu sahəsinin də inkişafı müəyyən tarixi zərurətdən qaynaqlanıb. 19-cu əsrin ikinci yarısında Bakıda neftçıxarma işləri sürətlə davam edərkən çıxarılan neftin daşınması ilə bağlı ciddi problemlər mövcud idi. Mədənlərlə neftayırma zavodları arasındakı məsafə və bunun daşınmaya mənfi təsirləri sənayeçilərin dəmir yolu xəttinin çəkilməsinə olan marağını artırırdı. Bunun nəticəsində 1878-ci ildə müvafiq layihə təsdiq olunur və tikinti işlərinə başlanılır. 2 illik əməyin nəticəsində 1880-ci ildə dəmir yolunun tikintisi başa çatdırılır və həmin ilin yanvarın 20-də xəttin təntənəli açılışı baş tutur. Məhz bu tarix Azərbaycanda dəmir yolunun yaranma tarixi hesab edilir. Bu xəttin özəlliyi onda idi ki, dünyada ilk dəfə neftin vaqon-sisternlərlə daşınması həyata keçirilirdi. Bir müddət sonra isə eyni xətt, yəni Bakı–Sabunçu–Suraxanı marşrutu ilə sərnişin daşınmasına da başlanılıb. Bu tarixi hadisədən üç il sonra Bakı–Yelizavetpol–Tiflis magistral dəmir yolu və onun davamı olaraq Tiflis–Qori–Kutaisi–Poti–Batum xətti istifadəyə açılır ki, bu da Xəzər dənizi ilə Qara dəniz sahillərinin birləşdirilməsi demək idi. 1884-cü ildə isə Bakıda ilk vağzal istifadəyə verilir. Həmin əsrin sonunda Azərbaycan ərazisi Rusiya İmperiyasının dəmir yolu şəbəkəsi ilə birləşdirilir.

Bolşevik işğalından sonra da dəmir yolu infrastrukturunun qurulması və formalaşdırılmasında böyük işlər görülüb. Məsələn, 1926-cı ildə elektrikləşdirilmiş dəmir yolunun işə salınması bunun ən gözəl örnəklərindəndir. Tarixlərlə sizi və oxucularımızı yormayım (gülümsəyir), amma bunlar Azərbaycanda dəmir yolu sahəsində baş vermiş önəmli hadisə və yeniliklərdəndir. Azərbaycanda dəmir yolunun İkinci Dünya müharibəsi zamanı da önəmli rol oynadığını vurğulamaqda fayda var.

Sonrakı mərhələdə Azərbaycan dəmir yolunun müstəqil status alması inkişafı stimullaşdıran əsas olaylardan oldu. Əlbəttə, bu inkişaf Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərliyi ilə tam yeni məna qazandı.

– Burada sözünüzü kəsməli olacam, çünki növbəti sualım məhz bununla bağlıdır. Dəmir yolunun önəminin artmasında mərhum prezident Heydər Əliyevin həyata keçirdiyi genişmiqyaslı fəaliyyəti, yəqin ki, xatırlayırsınız. Prosesin içində olan biri kimi Ulu Öndərin bu sahə ilə bağlı atdığı mühüm addımlar dəmir yolunun inkişafında, onun səmərəliliyinin artmasında necə rol oynadı?

– Azərbaycanda dəmir yolu sahəsinin inkişafı birbaşa olaraq Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bildiyiniz kimi, Ümummilli Liderin atası da dəmiryolçu olub və o, çıxışlarının birində bu barədə danışaraq uşaq ikən atasının yanında, yəni dəmir yolunda çox vaxt keçirdiyini vurğulayıb. Özünün də qeyd etdiyi kimi, dəmir yoluna aşinalığı və sevgisi də bu təcrübədən qaynaqlanırdı. Ata məsləyinin önəmini və ölkənin gələcəyi üçün əhəmiyyətini dərk edən Ümummilli Lider respublikaya rəhbərliyi dövründə Azərbaycanda dəmir yolu sahəsinin inkişafına xüsusi önəm verib. Belə ki, hələ Sovet dönəmində Azərbaycanda dəmir yollarının salınması, yenidən qurulması və təzə vağzalların inşası baş tutub. Məhz o zaman ölkənin, demək olar, bütün bölgələri arasında dəmir yolu ilə gediş-gəliş mümkün olub. Bundan başqa, mövcud qatarların yenilənməsinə xüsusi önəm verən Ulu Öndər bunu reallaşdırıb, həmçinin onun rəhbərliyi altında konteynerlərin təmir edilməsi üçün Keşlə vaqon deposu yaradılıb. Sonralar belə depoların sayının artırıldığını da vurğulamaq yerinə düşər. Heydər Əliyevin özünün də “böyük hadisə” adlandırdığı Ağdam–Xankəndi dəmir yolu Ümummilli Liderin iştirakı ilə 1979-cu ildə açılıb. Qarabağın işğala məruz qalması ilə fəaliyyətini dayandıran dəmir yolunun ordumuzun tarixi ədaləti bərpa etməsi ilə yenidən çalışacağı günü hər birimiz səbirsizliklə gözləyirik.

Maraqlıdır ki, Heydər Əliyevin dəmir yolu ilə bağlı fəaliyyəti yalnız respublika ilə sərhədlənməyib. Bunun ən gözəl nümunəsi Baykal-Amur Magistralının inşasıdır. Ümummilli Lider inşasında böyük problemlər yaranan magistralda işlərin aparılmasında müstəsna xidmətlər göstərib. Magistralın inşası üzrə yaradılmış dövlət komissiyasının sədri olan Heydər Əliyevin işlərin getdiyi əraziyə baş çəkməsi çalışanların ruhlanmasına səbəb olub. Layihənin irəliləməsində Heydər Əliyevin gördüyü misilsiz işlər dönəmin yazılı materiallarında da geniş əks olunub. 2008-ci ildə Baykal-Amur Magistralında Anqoya stansiyasındakı vağzala Heydər Əliyevin adının verilməsi də onun bu yöndəki əməklərinə təşəkkür xarakteri daşıyır.

Ulu Öndərin dəmir yolunun inkişafı ilə bağlı xidmətləri sadəcə tikinti və yolların salınması ilə kifayətlənməyib. Bu sahə üzrə bacarıqlı kadrların yetişdirilməsinə də böyük diqqət və qayğı ilə yanaşan Heydər Əliyevin xarici ölkələrə yolladığı yüzlərlə gənc sonrakı dönəmlərdə dəmir yoluna yeni yanaşmalar gətirib, hazırlıqlı kadrlar kimi bu sahəyə öz töhfələrini veriblər.

Ümummilli Liderin bu sahədə yorulmaz fəaliyyəti heç səngiməyib.

– Bu fəaliyyət ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra artıq beynəlxalq miqyaslı hal almışdı…

– Bəli, tamamilə düzgün vurğuladınız. Ümummilli Liderin müstəqilliyimizi qazandıqdan sonra yenidən rəhbərliyə gəlməsi və hərtərəfli düşünülmüş siyasət yürütməsi Azərbaycanın beynəlxalq önəmini artırırdı. Daxili sabitlik təmin olunduqdan və təcavüzkar qonşu ilə atəşkəs əldə edildikdən sonra ölkə iqtisadiyyatının inkişafına xüsusi diqqət ayrıldı. Yenə də dəmir yolu ilk sıralarda qərarlaşmışdı. Çünki Ulu Öndər Azərbaycanın geostrateji önəmini çox gözəl başa düşür və logistika baxımından əhəmiyyətini artırmaq üçün yollar fikirləşirdi. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasının ardınca “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” – TRASEKA-nın, başqa sözlə, İpək Yolu strategiyasının dirçəldilməsi təşəbbüsü də Heydər Əliyev tərəfindən irəli sürülüb, nəticədə 1998-ci ildə Bakıda bununla bağlı beynəlxaq konfrans keçirilib. Bu layihə ilə Azərbaycan əsas tranzit ölkələrdən birinə çevrilib.

Heydər Əliyevin prezidentliyi dövründə yeni-yeni stansiyalar istifadəyə verilib, iqtisadiyyatın mühüm parçalarından biri kimi dəmir yolu daşımalarının vacibliyi vurğulanıb. Bundan başqa, Bakı-Moskva qatarlarının hərəkətinin bərpası, yeni marşrutların müəyyənləşdirilməsi sərnişindaşımada da canlılığın yaranmasına səbəb olub.

Ulu Öndərdən bizə böyük dəmir yolu şəbəkəsi və işə bağlılıq kimi bir etalon miras qalıb. Prezident İlham Əliyev də Ulu Öndərin bu mirasına sahib çıxaraq dəmir yolunun inkişafına özəl diqqət ayırır. “Bakı-Tbilisi-Qars” dəmir yolu xəttinin salınması, “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin iştirakçısına çevrilmənin təmin edilməsi, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması, yeni-yeni stansiyaların istifadəyə verilməsi bunun bariz sübutudur.

Bir şeyi də xüsusilə qeyd etmək istəyirəm ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında torpaqlarımızın işğaldan azad olunması, düşmənin kapitulyasiyaya məcbur edilməsi həmin torpaqların logistik imkanlarını yenidən gündəmə gətirib. Cənab İlham Əliyevin irəli sürdüyü Zəngəzur dəhlizi layihəsinin gerçəkləşdirilməsinin ölkəmizin tranzit əhəmiyyətini tarixi maksimuma çatdıracağını söyləyə bilərik.

– Artıq uzun müddətdir bu sahədəsiniz. İşlədiyiniz müddət ərzində dəmir yolu ilə bağlı hansı yeniliklərə şahid olmusunuz və bu sahədə inkişafın konkret həddi varmı?

– Artıq qeyd etdiyim kimi, dəmir yolu sahəsi daim inkişafdadır. Əlbəttə, ilk işə başladığım zamanla keçən vaxt ərzində dəmir yolu böyük yol qət edib. Əl ilə hesablamadan onlayn izləməyə keçid arasında ciddi dəyişikliklər baş verib. Hərəkət qrafikinin elektronlaşması, qatar tənzimləyicisinin monitorinqinin onlayn şəklində həyata keçirilməsi fonunda baş vermiş texnoloji yeniliklər işimizi asanlaşdırmaqla yanaşı, bizdə “hələ də öyrənəcəyimiz çox şey var” düşüncəsinin formalaşmasına səbəb olub və bu, özünüinkişafa ciddi yanaşmağımıza vadar edir. Rəqəmsallaşma ilə bağlı ayrıca şöbənin də yaradılması, zənnimcə, bu inkişafın stimullaşdırılmasının göstəricisidir.

Dəmir yolu daim yeni yanaşmalara açıq olduğu üçün deməzdim ki, burada inkişafın konkret həddi var. Çünki tarixinə nəzər saldığımız dəmir yolunun nə qədər məsafə qət etdiyini gördük və bu məsafə Heydər Əliyevin qurduğu gələcəyə doğru uzanır.

Aqil Bəkir

Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur

www.yenicag.az

3461
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv