Deputat Azərbaycanda yoxsulluq səviyyəsindən danışıb: “Tamamilə aradan qaldırmaq olar”

“Azərbaycanda son 15 ildə yoxsulluğun həddi 10 dəfəyə qədər azalıb”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin deputatı Tahir Mirkişili VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində gənclər, qadınlar, parlament, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərin rolu barədə interaktiv müzakirədə deyib.

“Azərbaycan Milli Məclisinin qəbul etdiyi qanunların mərkəzində insan amili dayanır. Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı bir sıra hədəflər var ki, ölkəmiz o hədəflərə çatıb. Aclığa son qoyulması ilə bağlı hədəfə çatmışıq, hətta bunu keçmişik də” – deyə deputat bildirib.

Deputatın fikrincə, ölkənin növbəti ümumdaxil məhsulunun inkişafı konteksində yanaşsaq, qeyd olunmalıdır ki, yoxsulluğu tamamilə “yox” etmək mümkündür: “Azərbaycanın iqtisadi inkişafı, hər il ümumdaxili məhsulun 2,8-3 faiz artması ölkədə 2030-cu ilə qədər yoxsulluğun ləğv edilməsinə real imkanlar yaradır. Ümumilikdə isə qarşıya qoyulan hədəflər kifayət qədər aktivdir. Ola bilər ki, bəzi hədəflərə çatmayan ölkələr var, amma buna çalışmaq fayda verir. Bunun üçün də əməkdaşlıq çox önəmlidir”.