“Monopoliyanın tam aradan qaldırıldığına dair fikirləri araşdırmaq artıq jurnalistlərin işidir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin media rəhbərləri ilə görüşündə ölkədə inhisarçılığın olmadığına dair fikrini şərh edən millət vəkili Fazil Mustafa deyib.
Məlumata görə, Səfər Mehdiyev jurnalistlərlə bu gün baş tutan görüşündə ölkədə monopoliyanın kökünün kəsildiyini bildirərək, iddialı şərt də irəli sürüb:
“Ölkədə inhisarçılığın bir faizini göstərsəniz, mən istefa verərəm”.
Komitə sədrinin bu iddiasına münasibət bildirən Milli Məclisin deputatı Fazil Mustafanın sözlərinə görə, ölkənin gömrük sistemində müsbət dəyişikliklər olsa da, inhisarçılığın tam aradan qaldırıldığı haqda fikirlərin araşdırılmasına ehtiyac var:
“Gömrük sahəsində son vaxtlar aparılan islahatlar deməyə əsas verir ki, əvvəlki illərdən fərqli olaraq, artıq hər kəs istədiyi məhsulu rahatlıqla ölkəyə gətirə bilir. Yəni vətəndaşlar gömrükdə hansısa əngəlləyici münasibətlə qarşılaşmırlar.
Gömrük orqanları ilə təmasda olan iş adamları da etiraf edirlər ki, indi bu sahədə hər hansı məhdudiyyət yoxdur.
Ancaq ölkədə inhisarçılığın mütləq mənada aradan qaldırılıb-qaldırılmadığını mən söyləyə bilmərəm. Çünki monopoliyanın olduğuna dair iddialar var. Hər halda, Gömrük Komitəsinin sədri bu məsələlər barəsində daha çox məlumatlı bir insandır. Ola bilsin, onun əsaslandırdığı məqamlar var ki, bu barədə danışa bilir.
Ona görə də, monopoliyanın tam aradan qaldırıldığına dair fikirləri araşdırmaq artıq jurnalistlərin işidir ki, bu məsələyə aydınlıq gətirsinlər. Amma hesab edirəm ki, gömrük sistemində ciddi islahatlar aparılır və xeyli müsbət dəyişikliklər var.
Lakin inhisarın kökünün tam kəsilib-kəsilmədiyini araşdırmaq lazımdır”.
A.Zeynalov