!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputatların bitməyən TƏTİLİ: Ölkədə baş verənlərin onlara heçmi dəxli yoxdur? – Araz Zeynalov yazır

!Reklam – Yazi

Milli Məclisin bu ilki yaz sessiyasının ilk iclası deputatların ölkə gündəmindən nə qədər uzaq olduqlarını bir daha göstərdi.

Parlamentin dünən baş tutan ilk iclası oradakı çıxışları izləyənləri demək olar, heç bir anlamda təəccübləndirmədi. Seçicilər onları Milli Məclisdə təmsil etməli olan deputatların nitqində özlərinə aid ümumi problemlərin qaldırıldığına yenə şahidlik etmədilər.

Əslində isə deputatların toxunmalı olduqları məsələlərin sayı kifayət qədər çox idi. Sözsüz ki, öz səlahiyyətlərinə vaxtından əvvəl xitam verib, sonra yenə Milli Məclisdəki kreslolarına qovuşan deputatların mütləq əksəriyyətindən gözləntilər böyük deyil. Bəzilərindən ümumiyyətlə, kiçik bir gözlənti də yoxdur. Çünki seçicilər “öz pirlərinin kəramətinə” yaxşı bələddirlər.

Amma 2022-ci il çox fərqli başladı.

Dünyanı bürüyən sürətli bahalaşma dalğası Azərbaycanda da öz rüzgarını əsdirməkdədir. Çörək də daxil olmaqla, qiyməti sıravi vətəndaş üçün əzici miqdarda artmayan məhsul demək olar, yoxdur.

Əksər təhlilçilər Azərbaycanda və başqa ölkələrdə qeydə alınan bahalaşma arasında paralellər apararaq bizə görə qətiyyən yenilik sayılmayacaq qənaətləri ilə bölüşürlər. O da bundan ibarətdir ki, bahalaşmanın əsas səbəblərindən biri dünya bazarlarında gedən təbii prosesdirsə, digəri Azərbaycan bazarını öz hökmü altında saxlayan monopoliyadır.

Yəni göründüyü qədər, Azərbaycanda inhisarçılığın kökünü kəsmək, hələ ki arzu olaraq qalmaqdadır. Ölkəyə gətirilən gündəlik tələbat mallarından tutmuş başqa məhsullara qədər az qala hər birinin adı ayrı-ayrı məmurların idxal monopoliyası ilə hallanır. Yerli istehsal? Bu kiçik müstəvinin də özünə görə dəyişməz inhisarçıları var.

Tətildən dönən Milli Məclisin ilk iclasına baxdıqda isə deputatların çoxunun sanki “paralel dünya”da yaşadıqları təəssüratı yaranır. Eh, hələ bahalaşmanın yeni dalğasının ilk əlamətləri hiss olunanda, bu neqativ tendensiyanın əhalinin rifahına, gəlirlərinə təsir etməyəcəyini deyən, vətəndaşın “15 qəpiklə kasıblamayacağını” iddia edən deputatlardan danışırıq…

Yaxşı, ola bilər, bahalaşma deputatların əksəriyyəti üçün üzərinə tabu qoyulmuş mövzulardandır.

Bəs məktəblərdə hökm sürən dözülməz atmosfer?

Son həftələrdə tədris müəssisələrində baş alıb gedən rəzaləti əks etdirən çox sayda video yayılıb. Deputatların yenə tükü tərpənmir, heç olmasa, özlərinə əziyyət verib həyəcan təbili vurmağa da əlləri qalxmır.

Hə, bir də Cavanşir Feyziyev qalmaqalı… Deputatlar son günlərin əsas mövzusunu görməzdən gələrək, yersiz həmrəylik sərgiləməyə üstünlük verdilər.

Bəs bu problemləri kim və harada qaldırmalıdır? Media və sosial şəbəkələr bu sahədə əllərindən gələnin artığını da etməyə çalışırlar. Ancaq çoxsaylı təcrübə göstərir ki, istənilən problemin ictimailəşməsində və həllində rəsmi statuslu fərdlərin iştirakı olmasa, istənilən nəticə əldə edilmir. Rəsmi statuslu şəxs dedikdə, ilk xatırlanan yenə də deputatlar olur.

Onlar isə deyəsən, hələ də “tətil”dədirlər…

www.yenicag.az

993
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv