Deputatlığa namizəd ölkə rəhbərliyinə müraciət etdi – TAM MƏTN

23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən Milli Məclis üzvlüyünə namizəd Taleh Şahsuvarov: “Yeni Azərbaycan Partiyasının resurslarının dolayı yollarla yenidən deputat olmağı planlaşdıran, lakin parlament üzvü kimi dövlətə, millətə, hakimiyyətə xidmət göstərmək imkanlarını zamanın sual altına saldığı Ziyad Səmədzadənin lehinə istifadə edilməsinə imkan verməməyinizi xahiş edirəm”

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV CƏNABLARINA

AZƏRBAYCAN RESPUBLİKASININ I VİTSE-PREZİDENTİ MEHRİBAN XANIM ƏLİYEVAYA

23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən Milli Məclis üzvlüyünə namizəd Şahsuvarov Taleh Novruz oğlu tərəfindən

MÜRACİƏT

Cənab Prezident,
Çox hörmətli Mehriban xanım!

9 fevral 2009-cu ildə ölkəmizdə keçiriləcək parlament seçkiləri Azərbaycanda aparılan köklü islahatların qısa, orta və uzun vədədə hər bir vətəndaşın öz həyatında hiss edəcəyi praktik nailiyyətlərə çevirilməsi, ölkəmizin sosial təkamül yolu ilə tərəqqiyə qovuşması baxımından son dərəcə böyük tarixi səciyyə daşıyır. Milli Məclisin V çağırışdakı tərkibinin fəaliyyətinə, hər bir sağlam düşüncəli ölkə vətəndaşı tərəfindən məmnuniyyətlə dəstəklənən islahatlar kursu ilə ayaqlaşmamaları, müasir çağırışlara adekvat reaksiya göstərə bilməmələri səbəbindən xitam verilərək keçirilən bu erkən seçkilərə xalqımız böyük ümidlər bəsləyir. Sürətlə dəyişən dünyada AZƏRBAYCAN MODELİnin daha da önə çıxması üçün Sizin- Dövlət başçısının və I Vitse-prezidentin bu seçkilərə çox böyük önəm verdiyinizi, parlamentin bir institut olaraq öz üzərinə düşən məxsusi funksiyaların öhdəsindən layiqincə gəlməklə islahatlar prosesinə töhfə verəcəyinə inam bəslədiyinizi müsahibə və çıxışlarınızdan bilir, təqdir edir, dəstəkləyirik.

Mən, Şahsuvarov Taleh Novruz oğlu 10 mart 1977-ci ildə zəhmətkeş bir ailədə anadan olmuşam. Bakı şəhərindəki 20 saylı orta məktəbi bitirmiş, bakalavr və magistr pillələri üzrə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində fəlsəfə tarixi ixtisası üzrə ali təhsil almışam. Amerika Birləşmiş Ştatlarının San Dieqo şəhərində ictimai siyasət üzrə xüsusi proqram keçmişəm. Onlarla beynəlxalq səviyyəli təlim və seminarların iştirakçısı olmuşam. İki elmi monoqrafiya, yüzlərlə analitik məqalə, bir tarixi roman müəllifiyəm. Azərbaycan tarixinin fundamental fəlsəfi paradiqmalarını əhatə edən yeni elmi araşdırmam çapa hazırlanır. Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. Gənc yaşlarımdan jurnalistika sahəsində çalışıram. Partiya mənsubiyyətim olmasa da, Prezident İlham Əliyevin geniş miqyaslı və yenilikçi siyasi kursunu bir jurnalist, siyasi analitik olaraq ardıcıl şəkildə müdafiə edirəm. Bütün səmimiyyətimlə ifadə etmək istəyirəm ki, Sizin hakimiyyətinizi və siyasətinizi dəstəkləməyim müqabilində heç zaman hər hansı maddi və siyasi mənfəətlər güdməmişəm. Hakimiyyət üçün heç bir həssas məqamda öz mövqeyimi tamamilə təmənnasız, açıq və konkret şəkildə ifadə etməkdən çəkinməmişəm. Məhz dövlət başçımızın yeni nəsil nümayəndələrini hazırkı parlament seçkilərində fəal iştiraka dəvət etməsini əsas götürərək hazırda Milli Məclis seçkilərində iştirak edirəm.

Parlament üzvlüyünə namizəd olduğum 23 saylı Nəsimi-Səbail Seçki Dairəsində bu günə qədər hər hansı qanun pozuntusu müşahidə edilməyib. Yeganə istisna budur ki, hazırda bu dairədən parlament üzvlüyünə yenidən namizəd olan, 1940-cı il təvəllüdlü Ziyad Səmədzadə deputat səlahiyyətlərindən sui-istifadə edərək bəzi MİK müdirlərinə və məktəb diurektorlarına göstəriş verib, real tərəfdara malik olmadığı halda, bu üsulla keçirdiyi qapalı görüşə iştirakçılar cəlb edib. İnsanların geyiminə görə fərqləndirildiyi, az gəlirli vətəndaşların nimdaş üst-başlarına baxılaraq akt zalına buraxılmadığı bu tam qapalı görüş barədə bayırdan çəkilən görüntülər sosial şəbəkələrdə yayılıb və ictimai müzakirələr doğurub. Yüz minlərlə vətəndaş xalqla ünsiyyət qura bilməyən, buna heç cəhd də göstərməyən akademik Ziyad Səmədzadəyə öz kəskin etirazlarını bildiriblər. Doğrusu, şəxsən mənim Ziyad müəllimə bir ağsaqqal kimi daxilən hörmətim var. Ancaq 23 saylı seçki dairəsində yaşayan vətəndaşlar belə hesab edirlər ki, o, yaş və enerji baxımından prezident İlham Əliyevin səsləndirdiyi müasir çağırışlara uyğun namizəd deyil, eyni zamanda, deputat olduğu müddətdə onların problemləri ilə maraqlanmayıb. Namizədlərə “bizim seçəcəyimiz deputat ölkəmizdə aparılan islahatlara hansı töhfələri verə bilər” sualı ilə yanaşan seçicilər onu, həmçinin ali təhsili olmayan digər müxalif və bitərəf namizədləri, heç bir siyasi əqidə daşımayan təsadüfü iddiaçıları dəstəklənməyi düşünmürlər. Müstəqil sosioloji araşdırma mərkəzlərinin 23 saylı Nəsimi-Səbail Seçki Dairəsində elmi əsaslara apardıqları sorğunun nəticələrinə görə, hazırda müvafiq eletoral bölgədə ən yüksək reytinqə malik namizəd bu müraciətin müəllifidir. Bunun ən başlıca səbəbi isə, “İslahatlar mərkəzdən başlayır” şüarı ilə kampaniya aparmağımız, bütün görüş və çıxışlarda məhz islahatlar kursunu müdafiə etməyimizlə bağlıdır. Bütün bunlar açıq şəkildə göstərir ki, “Milli Şura” adlanan qondarma müxalifət qurumunun sədri Cəmil Həsənlinin 9 fevral seçkilərinin ehtimal olunan nəticələri ilə bağlı yaydığı konspirativ siyahıda yer alan, özünün 80, ən aktiv təbliğatçısının isə 93 yaşı olan bitərəf namizəd Ziyad Səmədzadənin “qələbə”si ancaq və ancaq hakim Yeni Azərbaycan Partiyasının təşkilati resurslarının hesabına mümkündür.

Möhtərəm Prezidentimiz İlham Əliyev!
Çox hörmətli Mehriban xanım!

Ulu Öndər Heydər Əliyev tərəfindən qurulan və Azərbaycanın müstəqilliyinin həm qazanılmasında, həm də qorunmasında tarixi rol oynamış Yeni Azərbaycan Partiyasının rəhbərləri olduğunuz üçün bu müraciəti etməyi, ilk növbədə öz vətəndaşlıq borcum hesab edirəm. Çünki parlement üzvlüyünə namizəd olaraq heç bir yüksək vəzifəli şəxs tərəfindən dəstəklənmirəm, ümumiyyətlə, zəhmətkeş bir ailənin, sadə xalqın nümayəndəsi olaraq həyat mənə heç zaman qırmızı kreslolu zallara buraxılış vəsiqəsi verməyib, ön sıralarda yer göstərməyib. Mən Sizə xidmət etmişəm, edirəm, edəcəm, bütün taleyimi Sizə bağlamışam, güvən yerim də məhz Sizsiniz! Odur ki, Sizdən 9 fevral 2020-ci ildə keçiriləcək səsvermə zamanı rəhbərləri olduğunuz Yeni Azərbaycan Partiyasının resurslarının dolayı yollarla yenidən deputat olmağı planlaşdıran, lakin parlament üzvü kimi dövlətə, millətə, hakimiyyətə xidmət göstərmək imkanlarını zamanın sual altına saldığı Ziyad Səmədzadənin lehinə istifadə edilməsinə imkan verməməyinizi xahiş edirəm. Bütün məsuliyyətimlə bildirirəm ki, Milli Məclisin üzvü olacağım təqdirdə xalqımızın və dövlətimizin etimadını doğrultmaq üçün var gücümlə çalışacam, bu günə qədər necə şəffaf və dürüst yaşamışamsa, bundan sonra da vətənimə alın açıqlığı ilə, ali prinsiplərə sadiq bir şəkildə, ləyaqətlə xidmət göstərəcəm. Əgər 23 saylı Nəsimi-Səbail Seçki Dairəsində yarışda iştirak edən başqa bir namizədin qələbəsi xalq üçün, dövlət və hakimiyyət üçün daha faydalı olacaqsa, bu barədə məhz Sizin adınızdan çatdırılacaq tövsiyyəyə uyğun olaraq, öz namizədliyimi geri götürməyə də tərəddüdsüz hazıram.

Böyük ehtiram və inamla,
Taleh Şahsuvarov,
23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən MM üzvlüyünə namizəd

COP29