!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"DGK Nehrəm Komitəsi"nin daha bir üzvü həbsə göndərildi - Tutulan general kimdir?

!Reklam – Yazi

Hüquq mühafizə orqanlarının Dövlət Gömrük Komitəsində keçirdiyi əməliyyat nəticəsində qurumun Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi general-mayor Məsum Rəsulov həbs olunub.

Yenicag.az xəbər verir ki, iddialara görə, Məsum Rəsulov komitə sədri Səfər Mehdiyevin sinif yoldaşıdır.

Göründüyü kimi, Səfər Mehdiyevin ətrafında həlqə daralır. “Mənə gömrükdə rüşvəti göstərin, istefa verim”, – deyən Mehdiyev isə hələ könüllü şəkildə öz vəzifəsini tərk etmək istəmir.

Dosye: Rəsulov Məsum Eynalı oğlu 1974-cü ilin iyun ayının 21-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun məşhur Nehrəm kəndində anadan olub.

O, 1992-cı ildə Babək rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb 1996-cı ildə ordu sıralarından təxris olunub.

1 sentyabr 1997-ci ildə Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olaraq 2002-ci ildə həmin fakültəni “hüquqşünas” ixtisası üzrə bitirib.

26 iyun 1998-ci ildə Naxçıvan MR Milli Təhlükəsizlik Nazirliyində xidmətə qəbul olunub. 2006-ci ilin iyun-sentyabr aylarında Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində xidmətdə olub.

9 sentyabr 2006-cı ildə DGK-nın Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə Baş idarəsi Əməliyyat İdarəsinin rəisi kimi fəaliyyətə başlayıb. 29.05.2018-ci il tarixindən Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışır.

Prezidentin 26 yanvar 2010-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə, Dövlət Gömrük Komitəsi sədrinin 30.01.2012-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)” yubiley medalı, 30.01.2017-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)” yubiley medalı ilə və Azərbaycan Respublikası Prezidentinin 29.01.2018-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Dörd övladı var.

Qeyd edək ki, DGK-nın sədri Səfər Mehdiyev də daxil olmaqla rəhbərliyinin böyük əksəriyyəti Nehrəm kəndindəndir. Bu səviyyədə yerliçilik mediada və sosial şəbəkələrdə daim tənqid olunub. Hətta el arasında DGK Dövlət Nehrəm Komitəsi də adlandırılır.

www.yenicag.az

945
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv