!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Diaspor quruculuğundan lobbiçilik dövrünə KEÇİD: Müasir çağırışlara necə reaksiya verilir? – TƏHLİL

!Reklam – Yazi

Toğrul Allahverdili: “Diaspor nümayəndələrimiz öz mübarizələrində daha ayıq-sayıq olmalı və daha çox faktlara əsaslanmalıdırlar”.

Akif Nağı: “Xaricdəki diaspor təşkilatları ideoloji baxışlarına fərq qoymadan, soydaşlarımızı bir araya gətirmək üçün çalışmalıdır”.

İstənilən ölkənin tarixinin, milli adət-ənənələrinin, mədəniyyətinin xaricdə tanıdılmasında diasporun rolu əhəmiyyətli dərəcədə yüksəkdir. Hazırda lobbiçilik və diaspor dünyada beynəlxalq münasibətlərin vacib elementi sayılır.

Hələ ötən əsrdən etibarən, ciddi təşkilatlanma mərhələsindən keçən Azərbaycan diasporu ölkəmizi xaricdə layiqincə təmsil edir. Bu çərçivədə xaricdəki soydaşlarımızın Azərbaycanın milli dövlət maraqlarının müdafiəsində türk, yəhudi və digər lobbilərlə qarşılıqlı əməkdaşlığıq şəraitində fəaliyyət göstərdiyini xüsusi vurğulaya bilərik. Lakin qlobal miqyasda ciddi proseslərin cərəyan etdiyini nəzərə alsaq, Azərbaycan diasporunun da öz işini günün tələblərinə uyğun qurmağının vacibliyi ön plana çıxır.

Bu aktual mövzu ilə bağlı fikirlərini bölüşən “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin və “Diaspor” İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili Yenicag.az-a açıqlamasında bildirib ki, soydaşlarımızın xarici ölkələrdə mövcudluğu var olduqca diaspor quruculuğumuz və lobbiçiliyimiz davam edəcək:

“Ulu Öndər hakimiyyətə gəldikdən sonra Azərbaycanın xaricdə təmsil olunmasının, diaspor quruculuğunun əsası qoyuldu. Ölkəmizin müstəqilliyinin qarantı olan Heydər Əliyevin hakimiyyətə gəlişi ilə xaricdə Azərbaycan diasporunun da dirçəliş dövrü başlandı. Azərbaycan diasporu müstəqillik dövrümüzdən indiyə qədər çox uğurlu işlər görüb. Lakin bu tam olaraq bütün məqsədlərə çatmaq anlamına gəlmir. Bundan sonra da görüləsi çox işlərimiz var.

Azərbaycan diasporu artıq yeni dövrə qədəm qoyur. Ötən əsrin 90-cı illərindən fərqli olaraq, bu gün Azərbaycan artıq diaspor quruculuğundan lobbiçilik dövrünə keçir. Lakin, təəssüf ki, bu prosesə əngəl törədən müəyyən amillər var. Onlardan biri az qala “hər yerindən duran”ın özünü “diaspor sədri” kimi təqdim etməsidir. Açığı, xaricdə yaşayıb diaspor fəaliyyətində iştirakı olmasa da, bir çox soydaşımız Vətən müharibəsi zamanı arxa cəbhədə elə fədakarlıq göstərib ki, hətta sinəsində beş medal gəzdirib özünə “diaspor sədriyəm” deyənin də elə uğurları yoxdur.

Ən çox da sosial şəbəkələrdə Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı sərt tənqidlər, ittihamlar səsləndirilir. Bu maneələr mütləq aşılmalıdır. 44 günlük Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın bizimlə birgə həyəcanlandığını, Azərbaycan əsgərindən şad xəbər gözlədiyini müşahidə etdik. Bir sözlə, Azərbaycanın uğuruna yalnız ölkəmiz daxilində yaşayanlar yox, müxtəlif ölkələrdə yaşayan, ürəyi vətənlə döyünən 50 milyon azərbaycanlı sevindi.

Dünya Azərbaycanlılarının 5-ci Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etdi ki, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının arxasında güclü və qüdrətli Azərbaycan dövləti dayanıb. Qarabağın işğaldan azad olunması və Azərbaycanın bütün ərazilərində bayrağımızın dalğalandırılması məsələnin tam həll olunması mənasına gəlmir. Biz hazırda informasiya müharibəsinin qızğın dövründəyik. Bu səbəbdən, diaspor nümayəndələrimiz öz mübarizələrində daha ayıq-sayıq olmalı, daha çox faktlara istinad etməli, daha çox arqument gətirməlidir.

Saxta diaspor təşkilatlarından, yalançı diaspor sədrlərindən qurtulmaq zamanıdır. Bunun üçün ölkəmizdə və bütün dünyada reyestr sistemi qurulub. Yəni qurumlar, təşkilatlar, ekspertlər və sair reyestrdən keçməyə məcburdur. Azərbaycanı xaricdə təmsil edən, Azərbaycan adından beynəlxalq tribunalardan səslənmək istəyənlər mütləq bu reyestrdən keçməlidirlər. Azərbaycan səfirlikləri yerli diaspor təşkilatlarına nəzarət funksiyasını yerinə yetirməlidir”.

Azad Vətən Partiyasının (AVP) sədri Akif Nağı müzakirə edilən məsələyə dair Yenicag.az-a açıqlamasında Qarabağın təbliği ilə bağlı 2015-ci ilə Beynəlxalq Qarabağ Forumu yaradıldığını vurğulayıb:

“Hazırda həmin təşkilatın adını dəyişərək Beynəlxalq Qarabağ Təşkilatı qoyduq. Bu təşkilatın dünyanın bır sıra ölkələrində nümayəndəsi fəaliyyət göstərir. Bu müddət ərzində çox sayda əhəmiyyətli böyük tədbirlər keçirdiyimizdən artıq təşkilatın diaspor fəaliyyətinə yönəlik ciddi təcrübəsi var.

Etiraf edək ki, Azərbaycan diasporunun mövcud vəziyyəti bu istiqamətdə fəaliyyətin intensivləşdirilməsi zərurətini ortaya çıxarır. Görülməli işlər hələ çoxdur. Eyni zamanda, bu fəaliyyət kortəbii yox, konseptual yanaşma əsasında həyata keçirilməlidir. Xaricdəki diaspor təşkilatları ideoloji baxışlarına fərq qoymadan soydaşlarımızı bir araya gətirmək üçün çalışmalıdır. Bu, əsas məqsədə çevrilməlidir”.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi ilə yürütdüyü siyasəti” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

507
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv