Elxan Şahinoğlu: “Erməni əsirlərin Dilqəm və Şahbazla dəyişdirilməsi məsələsinə İrəvanın ciddi yanaşacağını düşünmürəm”
Şair Ramaldanov: “Erməni zabitin ələ keçirilməsi Dilqəm və Şahbazın ölkəyə qaytarılması üçün imkan yaradır”
Avqustun 23-də Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu cəbhənin Goranboy rayonu istiqamətində təxribat törətməyə cəhd etsə də, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur olub. Bu zaman erməni diversiya qrupunun komandiri, baş leytenant Qurgin Alaverdyan əsir götürülüb. Alaverdyanın əsir götürülməsi artıq altı ildir ki, Ermənistanda girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün yaranmış imkan kimi dəyərləndirilir.
Bu barədə Yenicag.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Ermənistan rəhbərliyinin ikinci “Ramil Səfərov” nümunəsinin yaşanmaması üçün əsirlərin dəyişdirilməsinə müsbət yanaşacağı inandırıcı deyil:
“Mən bu təklifi uzun zamandır, səsələndirirəm ki, əlimizdə olan əsirləri – səhv etmirəmsə, onların sayı bir neçədir – Dilqəm və Şahbazla dəyişdirək. Bizdə olan erməni əsirlər sıradan hərbçilər deyil, diversiya qrupunun üzvləri və rəhbərləridir.
Azərbaycan olaraq, əsirlərin “hamının-hamıya” prinsipi ilə dəyişdirilməsini təklif etsək də, Ermənistan bununla razılaşmır. Razılıq verməmələrinin səbəbini isə Paşinyan bir dəfə dilindən qaçırıb.
O deyib ki, Dilqəm və Şahbazı buraxsaq, onlar Azərbaycanda qəhrəman kimi qarşılanacaqlar. Bu, həqiqətdir. Onlar bu variantı Azərbaycanın psixoloji qələbəsi kimi görürlər. Çünki Ermənistan məlum Ramil Səfərov hadisəsindən sonra çox ağır mənəvi zərbə alıb.
Hətta düşünün, Ermənistan bir müddət Macarıstandakı səfirini də geri çağırmışdı. Ona görə də Dilqəm və Şahbazın dəyişdirilməsi onlara daha böyük zərbə olacaq. Bu yolda öz hərbçilərini unutmağa da hazırdırlar.
Dilqəm və Şahbaz bizim üçün çox həssas məsələ olsa da, öz hərbçilərinin taleyi Ermənistanı qətiyyən düşündürmür. Fikirləşirlər ki, onsuz da Qırmızı Xaç Komitəsi işə qarışacaq, bir müddət sonra onların azadlıq məsələsi həll olunacaq. Əsirlərin dəyişdirilməməsi məsələsi erməni cəmiyyətində də böyük narahatlıq doğurur. Biz bu təklifi yenidən gündəmə gətirə bilərik, amma İrəvanın buna ciddi yanaşacağını güman etmirəm”.
Mövzunu Yenicag.az-a şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov isə hesab edir ki, erməni zabitin əsir götürülməsi Dilqəm və Şahbazın azadlığa çıxacaqları günü yaxınlaşdırıb:
“Burada bir neçə məqam var. Ən başlıcası, ermənilərin öz əsirlərini geri qaytarmaq istəyib-istəməmələridir. Əlbəttə, onlar bu təkliflə bizə müraciət etsələr, təbii ki, Azərbaycan tərəfi əsirlərin dəyişdirilməsinə razılıq verə bilər.
Yeni tutulmuş əsirlə bağlı hal-hazırda təhqiqat aparılır, onun Azərbaycanın işğal edilmiş ərazilərindəki fəaliyyəti ilə bağlı məlumatlar toplanılır. Mən düşünürəm ki, erməni zabitin ələ keçirilməsi Dilqəm və Şahbazın ölkəyə qaytarılması üçün imkan yaradır.
Burada məsələnin başqa tərəfi Ermənistanın əsirlərin dəyişdirilməsi təklifinə nə cavab verəcəyidir. Prinsipcə, bizim artıq bu məsələ ilə bağlı danışıqlar aparmaq üçün əsaslı səbəblərimiz var. Bu məsələnin öz həllini tapacağını düşünürəm. Hər halda, biz bunu gözləyirik”.
Aqil Bəkir