!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİQQƏT: Özəlləşdirmə çeklərinizi satmayın - Faktlar, sübutlar, incəliklər...

!Reklam – Yazi

Dövlət özəlləşdirmə çeklərinin qiymətli kağız olub-olmadığı problemi və bu çeklərin nominal dəyərinin qanunla birbaşa müəyyən edilməsinin vacibliyi

Giriş

Dövlət özəlləşdirmə çeklərinin nominal dəyərinin (qiymətinin) qanunvericilik ilə birbaşa tənzimlənərək onun üzərinə yazılmamış olması praktikada bu çeklərin müxtəlif qiymətlər ilə özəlləşdirmə prosesinə buraxılmasına səbəb olub. Bu durum dövlət özəlləşdirmə çekləri ilə bağlı doktrina və praktikada ən çox müzakirə olunan mövzulardan biri olub. Əsas müzakirə olunan sual isə dövlət özəlləşdirmə çeklərinin nominal dəyərinin (qiymətinin) qanunvericilik ilə birbaşa tənzimlənərək, onun üzərinə yazılmamış olmasının, görəsən, çek sahiblərinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində tənzimlənən bərabərlik hüququnu və Konstitusiyasının 13-cü və 29-cu maddələrində tənzimlənən mülkiyyət hüququnu pozub-pozmadığı sualıdır. MəqalədəAzərbaycan Respublikası qanunvericiliyi bir bütün olaraq diqqətə alınaraq, bu sual hüquqi baxımdan təhlil edilib.

1. Dövlət özəlləşdirmə çeklərinin qiymətli kağız olub-olmamasının təhlili

Qiymətli kağız növü kimi dövlət özəlləşdirmə çeklərinin nominal dəyərinin qanunla müəyyən edilməməsinin hüquqi nəticələri təhlil edilmədən əvvəl, dövlət özəlləşdirmə çeklərinin qiymətli kağız olub-olmamasının hüquqi əsasının təhlil edilməsi faydalıdır. Belə ki, dövlət özəlləşdirmə çeklərinin qiymətli kağız olduğu birmənalı olaraq, hamı tərəfindən qəbul olunur. Bununla birlikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) qiymətli kağız anlayışını tənzimləyən 987-ci maddəsi təhlil edildiyi zaman onun qiymətli kağız olub-olmadığı şübhəli hala gələ bilər. Belə ki, MM-in 987.1-ci maddəsinə görə, qiymətli kağız onun mülkiyyətçisi və emitenti arasında müqavilə münasibətlərinin mövcudluğunu və mülkiyyətçinin həmin müqavilədən irəli gələn hüquqlarını təsdiqləyən sənəddir. Emitent qiymətli kağızı emissiya etmiş, buraxmış, tərtib etmiş və ya vermiş şəxsdir (m.987.1.). Bu tənzimləmədən belə bir sual meydana gəlir ki, dövlət özəlləşdirmə çeklərinin mülkiyyətçisi və onun emitenti arasında müqavilə münasibətləri qurulubmu? Məlum olduğu kimi, dövlət özəlləşdirmə çeklərinin emitenti Azərbaycan Respublikası dövləti, mülkiyyətçisi isə Azərbaycan Respublikasının vətəndaşıdır.

Belə ki, dövlət özəlləşdirmə çekləri hər bir Azərbaycan vətəndaşına dövlət əmlakından verilmiş dövlət özəlləşdirmə paylarının qiymətli kağıza bağlanaraq ödəniş vasitəsi kimi istifadəsinin və tədavülünün asanlaşdırılması məqsədilə dövlət tərəfindən çıxardılaraq vətəndaşlara verilmişdir. Bu proses vaxtı dövlət ilə vətəndaş arasında şifahi müqavilə münasibətlərinin qurulduğunu hesab etsək, bu nəticə Mülki Məcəllənin və Konstitusiyamızın tələblərinə də uyğun olar.

Qaldı ki, 15 may 2015-ci il tarixində dəyişdirilmiş Mülki Məcəllənin 987.1-ci maddəsində deyilirdi ki, “Qiymətli kağız müəyyənləşdirilmiş formaya riayət olunmaqla hər hansı hüququ təsdiqləyən elə bir sənəddir ki, həmin hüquq bu sənəd olmadan nə həyata keçirilə bilər, nə də başqa şəxsə verilə bilər. Qiymətli kağız başqasına verildikdə onun təsdiqlədiyi bütün hüquqlar da keçir”.
Məhz bu anlayış müqavilə münasibətinin varlığını məcburi formada tələb etmir.

Ümumiyyətlə, bütün qiymətli kağızların etibarlı olması üçün emitent ilə onun mülkiyyətçisi arasında müqavilə münasibətinin qurulmasını tələb etmək də qanunvericiliyə ziddir. Mülki Məcəllənin 987.2-ci və 987.3-cü maddələrində deyilir ki, qiymətli kağızların növləri, məcburi rekvizitləri, onlara aid tələblər, qiymətli kağızlar və qiymətli kağız bazarı ilə bağlı münasibətlər bu Məcəllə və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir (987.3.).

Qiymətli kağızın məcburi rekvizitlərinin olmaması və ya qiymətli kağızın onun üçün müəyyənləşdirilmiş formaya uyğun gəlməməsi onun əhəmiyyətsizliyinə səbəb olur (987.3.). Bu normaların təhlilindən məlum olur ki, bir sənədin qiymətli kağız hesab edilməsi üçün həmin sənəd Mülki Məcəllə və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qiymətli kağızların növlərindən biri olmalı, bundan başqa həmin növ sənəd üçün nəzərdə tutulmuş məcburi rekvizitləri (şərtləri) daşımalıdır. Əks təqdirdə həmin sənəd qiymətli kağız deyil.

Yəni, qiymətli kağız növləri Mülki Məcəllə və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda məhdud formada sayılmış və bu sayılan növlərdən olmayan sənəd qiymətli kağız hesab olunmur. Məlum məsələdir ki, dövlət özəlləşdirmə çeklərinin qiymətli kağız olduğu Mülki Məcəllə və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda ifadə olunmur.
Amma Ümummilli Liderimiz Heydər Əliyevin imzasını daşıyan “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramının” təsdiq edilməsi haqqında 29 sentyabr 1995-cil tarixli Qanunu ilə təsdiqlənmiş “I Dövlət Proqramı”nın (bundan sonra “I Dövlət Proqramı” adlanacaq) “Dövlət özəlləşdirmə payı” adlanan 3-cü bölməsinin 4-cü abzasında deyilir ki, “Dövlət özəlləşdirmə payı – adsız, (təqdim edənə) nağd qiymətli kağız formasında olan, 4 (dörd) çekdən ibarətdir. Özəlləşdirmə payına daxil olan çeklər verildiyi an eyni dəyərə malikdir (4-cü abzas).

Bu normadan da məlum olur ki, I Dövlət Proqramı, 1993-cü il tarixli “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublıkasının Qanunun ona verdiyi səlahiyyət əsasında “dövlət özəlləşdirmə payını” ilk dəfə qiymətli kağız olan çekə bağladı və bərabərliyin təmin olunması üçün həmin çeklərin hamısının verildiyi an eyni (nominal) dəyərə malik olduğunu ifadə etdi.
Təbii ki, Mülki Məcəllənin 01.09.2000-ci ildə, “Qiymətli kağızlar bazarı haqqında” Qanunundan daha sonrakı tarixdə qüvvəyə mindiyini xatırlasaq, dövlət özəlləşdirmə çeklərinin 29 sentyabr 1995-cil tarixindən bəri qiymətli kağız olduğunu qəbul etməli oluruq. Bu səbəblə hesab edirik ki, Mülki Məcəllənin 987.2-ci maddəsindəki “qiymətli kağızların növləri… Mülki Məcəllə və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir” ifadəsi “qiymətli kağızların növləri … Mülki Məcəllə və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunlar ilə müəyyən edilir” şəkilində qəbul edilməlidir.

Qeyd edilənlərdən məlum olduğu kimi dövlət özəlləşdirmə çekləri qiymətli kağızdır, onların çıxarılmasının hüquqi əsası da 1993-cü ildə qəbul edilmiş “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublıkasının Qanunu ilə tənzimlənmiş “dövlət özəlləşdirmə paydır”. Həmin Qanunun 18-cı maddəsində “Özəlləşdirmə payı” anlayışı verilərək deyilir ki, “bu pay Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir”.
Həmin Qanunun 10-cu maddəsində isə deyilir ki, “Özəlləşdirmə payının məbləği, verilməsi şərtləri və ondan istifadə olunması qaydaları Özəlləşdirmə haqqında Dövlət Proqramı ilə müəyyənləşdirilir”. Məhz Respublikamızda dövlət mülkiyyətinin özəlləşdirilməsinə dair qəbul edilmiş ilk Dövlət Proqramı olan 29 sentyabr 1995-ci il tarixli I Dövlət Proqramı ilə Ulu Öndər Heydər Əliyev sosialist rejimindən çıxaraq müstəqilliyini əldə etmiş Respublikamızın əmlakının onun həqiqi sahibi olan Azərbaycan Respublikası xalqına (vətəndaşına) əvəzsiz qaydada verilməsinə xüsusi səy göstərmişdir.

2. Dövlət özəlləşdirmə çeklərinin nominal dəyəri (qiyməti) ilə bağlı qanunvericilikdə olan normaların təhlili

Dövlət özəlləşdirmə çeklərinin nominal dəyəri (qiyməti) ilə bağlı normalar “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramının” (I Dövlət Proqramı) “Dövlət özəlləşdirmə payı” adlanan 3-cü bölməsində nəzərdə tutulur. Həmin 3-cü bölmədə deyilir ki, özəlləşdirmə payı – Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir (2-ci abzas).

Özəlləşdirmə payı – Respublika vətəndaşlarına özəlləşdirilən dövlət müəssisələrinin və investisiya fondlarının səhmlərini almaq üçün verilir. Pay (çek) satıla, banklara girov qoyula, irsən verilə və Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulan başqa formada özgəninkiləşdirilə bilər (3-cü abzas).

Dövlət özəlləşdirmə payı – adsız (təqdim edənə) nağd qiymətli kağız formasında olan, 4 (dörd)  çekdən ibarətdir. Özəlləşdirmə payına daxil olan çeklər verildiyi an eyni dəyərə malikdir (4-cü abzas). Dövriyyəyə tədavül müddəti üç il olan 32.000 000 (otuz iki milyon) dövlət özəlləşdirmə çeki buraxılır (5-ci abzas). Özəlləşdirmə payına daxil olan hər bir çekin nominal dəyəri – inflyasiyanın təsirindən qorunan maddi ekvivalentdir, çeklə özəlləşdiriləcək Azərbaycan Respublikasının dövlət əmlakının 1/32.000 000 hissəsidir (6-cı abzas).

Özəlləşdirmənin başlandığı ana qədər qeydə alınmış Azərbaycan Respublikasının hər bir vətəndaşına 4 (dörd) çekdən ibarət olan bir dövlət özəlləşdirmə payı verilir. Özəlləşdirmə payı alacaq vətəndaşların siyahısı müvafiq yerli icra hakimiyyəti orqanları tərəfindən DƏK-in yerli qurumları ilə birlikdə tərtib edilir. Özəlləşdirmə paylarının (çeklərinin) verilməsi mexanizmi Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə müəyyən edilir (7-ci abzas).

Bu proqramın xüsusilə 6-cı abzasına nəzər salsaq, görərik ki, bütün qiymətli kağızlar kimi dövlət özəlləşdirmə çeklərinin nominal dəyiri birbaşa rəqəm ilə olmasa da, dolayı olaraq tənzimlənib. Həmin nomial dəyərin birbaşa tənzimlənməməsinin əsas səbəbinin çekləri inflyasiyanın təsirindən qorumaq olduğu qeyd edilir.

Belə ki, Ulu Öndər Heydər Əliyevin təkidi ilə dövlət özəlləşdirmə çekləri ilə bağlı başqa ölkələrdə yaşanmış hüquqi pozuntular da nəzərə alınaraq, özəlləşdirmə payına daxil olan hər bir çekin nominal dəyərinin inflyasiyanın təsirindən qorunan əmlak ekvivalenti olduğu qanunla tənzimləndi. Məhz həmin 6-cı abzasda deyilir ki, “Özəlləşdirmə payına daxil olan hər bir çekin nominal dəyəri inflyasiyanın təsirindən qorunan maddi ekvivalentdir və çeklə özəlləşdiriləcək Azərbaycan Respublikasının dövlət əmlakının 1/32.000 000 hissəsidir”.

Bundan başqa, həmin Proqramın 3-cü bölməsinin 7-ci abzasında deyilir ki, “Özəlləşdirmənin başlandığı ana qədər qeydə alınmış Azərbaycan Respublikasının hər bir vətəndaşına 4 (dörd) çekdən ibarət olan bir dövlət özəlləşdirmə payı verilir”. Yenə həmin Proqramın 3-cü bölməsinin 4-cü abzasında isə deyilir ki, “Dövlət özəlləşdirmə payı – adsız (təqdim edənə) nağd qiymətli kağız formasında olan, 4 (dörd) çekdən ibarətdir”.

Özəlləşdirmə payına daxil olan çeklər verildiyi an eyni dəyərə malikdir (4-cü abzas).

Buradan məlum olduğu kimi, dövlət özəlləşdirmə çeklərinin hər biri nominal (əmlak) dəyəri inflyasiyanın təsirindən qorunan və eyni (bərabər) olan maddi ekvivalent olub, özəlləşdirmənin başlandığı ana qədər qeydə alınmış Azərbaycan Respublikasının hər bir vətəndaşına qanun əsasında dövlət əmlakından verilmiş paydır (mülkiyyətdir).

Bu qaydalar “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 16 may 2000-ci il tarixli Qanununa zidd olmadığı üçün öz qüvvəsini saxlayır. Yəni dövlət özəlləşdirmə çeklərinin hər birinin nominal (əmlak) dəyərinin inflyasiyanın təsirindən qorunan və eyni olan maddi ekvivalent və özəlləşdirmənin başlandığı ana qədər qeydə alınmış Azərbaycan Respublikasının hər bir vətəndaşına qanun əsasında dövlət əmlakından verilmiş pay (mülkiyyət hüququ) olduğu məsələsi “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 16 may 2000-ci il tarixli Qanununa zidd olmadığı üçün öz qüvvəsini saxlayır. Lakin bütün bunlardan məlum olduğu kimi, inflyasiyadan qorunmaq məqsədilə dövlət özəlləşdirmə çeklərinin nominal dəyəri birbaşa qanunvericiliklə tənzimlənməyib, amma hesablana biləcək bir üsulla müəyyən edilməsinin mümkün olduğunu ifadə edib.

Məhz Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 12.12.1997-ci il tarixli 222 saylı əmri ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 19.12.1997-ci ildə 75 saylı qeydiyyat nömrəsi ilə qeydiyyata aldığı “Dövlət özəlləşdirmə opsionunun qiymətinin müəyyən edilməsi” haqqında Qaydalarına əsasən, bu nominal dəyəri hesablamaq mümkündür. Belə ki, həmin Qaydaların 2-ci bəndində deyilir ki, “Dövlət özəlləşdirmə opsionunun qiyməti dövlət özəlləşdirmə çeklərinin (paylarının) çek auksionlarında təşəkkül tapmış orta satış qiymətinin 0,1 faiz miqdarında, lakin iki min manatdan az olmamaq şərti ilə müəyyən edilir”.

Ğ
Həmin dövrdə 1 dollar 4000 manat və 1 opsionun qiyməti ən azı 50 sent olub. Deməli, 1997-ci ildə 1 ədəd dövlət özəlləşdirmə çekinin nominal dəyərinin ən azı 500 Amerika Birləşmiş Ştatları dolları olduğu müəyyən edilir. Təbii ki, bir dövlət özəlləşdirmə payında 4 çek olduğunu nəzərə alsaq, bir paya düşən mülkiyyət əmlak ekvivalentinin ən azı 2000 Amerika Birləşmiş Ştatları dolları olduğunu deyə bilərik.

Başqa bir ifadə ilə, 1997-ci ildə dövlət özəlləşdirmə payları (çekləri) veriləndən sonra xarici investorların iştirak etməsi üçün opsionların qiymətini təyin edən 1997-ci il tarixli DƏK-in əmrindən belə məlum oldu ki, Ulu Öndərin hər vətəndaşa verdiyi dövlət özəlləşdirmə çekinin nominal dəyəri 500 Amerika Birləşmiş Ştatları dolları, hər bir payda 4 çekin olduğunu nəzərə alsaq, bir payın dəyəri isə 2000 Amerika Birləşmiş Ştatları dolları olub.

Məhz dahi Heydər Əliyev dövlət özəlləşdirmə payları (çekləri) hər bir Azərbaycan Respublikası vətəndaşına özəlləşdirilən dövlət əmlakından (mülkiyyətindən) əvəzsiz qaydada verilən hissə, əmlak payı olduğunu dəfələrlə ifadə etmiş və bu əmlak payının müəyyən bir müddət ilə məhdudlaşdırılmasının qəbuledilməz olduğunu bildirmişdir. Məhz bu hüquqi tənzimləmə öz əksini Ulu Öndərin imzasını daşıyan 29.09.1995-ci il tarixli 1120 saylı Qanunda, həmin qanun ilə təsdiq edilmiş I Dövlət Proqramında tapmışdır.
Buna baxmayaraq dövlət özəlləşdirmə çeklərinin həmin nominal dəyəri (qiyməti) qanunvericilikdə birbaşa tənzimləmədi. Lakin yuxarıda qeyd edildiyi kimi dövlət özəlləşdirmə çeklərinin nominal dəyəri inflyasiyanın təsirindən qorunan maddi ekvivalent olduğu üçün hər il inflyasiya nəzərə alınaraq onun qiymətinin ictimaiyyətə açıqlanması həmin mülkiyyətdən vətəndaşların istifadəsini asanlaşdıracaq və onların banklarda girov qoyma hüququnu belə, təmin edəcəkdir.

3. Dövlət özəlləşdirmə çeklərin nominal dəyərinin (qiymətinin) qanunvericilikdə birbaşa tənzimlənməsinin vacibliyi

Dövlət özəlləşdirmə çeklərinin nominal dəyərinin (qiymətinin) qanunvericilikdə birbaşa tənzimlənməsinin vacibliyini aşağıdakılar ilə əsaslandırmaq mümkündür:

1) Dövlət özəlləşdirmə çeklərinin nominal dəyərinin (qiymətini) qanunvericiliklə birbaşa tənzimlənməsi çek sahiblərinin mülkiyyət hüququnun və bərabərlik hüququnun qorunması, onların bu hüquqlarının müxtəlif manipulyasiya yolları ilə pozulmasının qarşısının alınması üçün vacibdir;

2) Dövlət özəlləşdirmə çeki dövlət qiymətli kağızı olmaqla, hər bir çek qanunla özəlləşdiriləcək bütün dövlət müəsisələrinin 65%-lik dövlət əmlakının 1/32 000 000 hissəsini təmsil edən və inflyasiyadan qorunan əmlak ekvivalentidir. Bu durum hər bir çekin sahibinə dövlət əmlakından (mülkiyyətindən) pay verdiyini təsdiq etdiyi kimi, həm də həmin mülkiyyətin banklarda girov kimi qoyulma imkanının varlığını təsdiq edir. Bunu təmin etmək öhdəliyi isə qanunla dövlətin pozitiv öhdəliklərindən biridir. Lakin dövlət özəlləşdirmə çeklərinin nominal dəyəri qanunvericilik ilə konkret müəyyən edilmədiyi üçün çek sahibləri bu hüquqlarından istifadə edə bilmirlər. Eyni zamanda bu durum müxtəlif şəxslər tərəfindən manipulyasiya edilərək vətəndaşların konstitusion hüquqlarının, xüsusi ilə mülkiyyət və bərabərlik hüquqlarının pozulmasına səbəb olub;

3) Dövlət özəlləşdirmə çeklərinin nominal dəyərinin qanunvericilik ilə konkret müəyyən edilməsi çekin emitenti olaraq dövlətin öhdəliyinin də konkret olmasına imkan verəcəyi kimi, vətəndaşların bərabərlik hüququ da təmin ediləcək. Məsələn, bazarda çeklərin real satış qiymətinin bu gün 100 ABŞ dollar olduğunu hesab edək, bu, o demək deyildir ki, dövlət bu gün özəlləşdirdiyi (satdığı) müəssisədən çeki təqdim edən şəxsə 100 dollarlıq səhm verməlidir. Əgər bunu qəbul etsək, onda sabah çeklərin bazarda real satış qiyməti 100 000 ABŞ dolları olarsa, deməli alınan hər çekə (paya) görə dövlət 100 000 ABŞ dollarlıq səhm verməlidir. Bu problemin qarşısının alınması üçün dövlət özəlləşdirmə çeklərinin nominal dəyərinin qanunvericilik ilə konkret müəyyən edilməsi vacibdir;

4) Dövlət özəlləşdirmə çeklərinin nominal dəyərinin qanunvericilik ilə konkret müəyyən edilməsi çek sahiblərinin bərabərlik hüququnun pozulmasının qarşısını alacaq. Məlum olduğu kimi, hüquq ədalətə əsaslanır, hüquqları müəyyənləşdirən və qoruyan isə Konstitusiya və qanunlardır. Dövlət özəlləşdirmə çeklərinin nominal dəyərinin qanunvericilik ilə konkret müəyyən edilməmiş olmasından istifadə edən bəzi şəxslər çeklərin dəyərini manipulyasiya etmişdir. Qanun qarşısında hamı bərabərhüquqlu olmasına baxmayaraq, bu manipulyasiyalar ilə ayrı-seçkilik meydana gətirilmişdir. Məsələn, 2010-cu ildə həyata keçirilmiş bir müəssisinin özəlləşdirilməsi zamanı bir dövlət özəlləşdirmə çeki (pay) 1400 manat olaraq hesablanmışdır. Belə ki 14 milyon 337 minlik dövlət əmlakı üçün tam 40.000 dövlət özəlləşdirmə çeki verilmişdir. Məhz bu durum Konstitusiyanın 25-ci maddəsi ilə tənzimlənən “hamı qanun və məhkəmə qarşısında bərabərdir” qaydasının pozulması olduğu kimi, həm də çek sahiblərinin mülkiyyət hüququnun pozulmasıdır.

Məlum olduğu kimi, dövlət qanunla götürdüyü öhdəlik qədər hər vətəndaş qarşısında cavabdehdir. Bu da onu tələb edir ki, dövlətin vətəndaşlara verdiyi dövlət özəlləşdirmə çeklərinin hər birinin qiyməti (dəyəri) eyni olmalıdır. Həmin dəyərin fərqli formada bəzən 100 manat, 2000 manat, bəzən isə 1400 manat olaraq təyin edilməsi Konstitusiyanın 25-ci maddəsinin (bərbərlik hüququnun) və Konstitusiyanın 13-cü və 29-cu maddələrinin (mülkiyyət hüququnun) pozulmasıdır.

Hesab edirik ki, Konstitusiya və qanunlar ilə tənzimlənən insan hüquqlarının bu formada pozulması həm ölkə vətəndaşlarının, həm də xarici investorların ölkəmizdə investisiya qoymaq həvəsini öldürür. Məlum olduğu kimi, ölkə vətəndaşları və xarici şirkətlər dövlətin qanunla verdiyi vədə inanaraq dövlət özəlləşdirmə çekləri alıblar. 2011-ci ilin əvvəlində mətbuatda verilmiş məlumata görə, Milli Depozit Mərkəzində belə şəxslərə məxsus olan 600 000 çek istifadə edilmədən qalıb.

Maraqlı bir sual yaranır: hansı xarici və yerli investor dövlət təminatı olan bu çeklər ilə onlara qarşı olan belə ədalətsizlikdən sonra ölkəyə investisiya qoyar?

Bütün bu neqativ halların qarşısını almaq üçün dövlət özəlləşdirmə çeklərinin nominal dəyərinin qanunvericilik ilə konkret müəyyən edilməsi vacibdir.

Nəticə

Məqalədə qoyulan sual ilə bağlı hüquqi təhlilin cavabları əsasən əlaqədar bölmələrdə ifadə olunub. Bununla birlikdə xülasə kimi aşağıdakıların qeyd edilməsinin faydalı olacağını hesab edirik:

Dövlət özəlləşdirmə çeklərinin qiymətli kağız olduğu və qanunla dövriyyədən çıxarılmadığı birmənalı olaraq hamı tərəfindən qəbul olunur. Bununla birlikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qiymətli kağız anlayışını tənzimləyən 987-ci maddəsi təhlil edildiyi zaman onun qiymətli kağız olub-olmadığı şübhəli hala gələ bilər.

Belə ki, MM-in 987.1-ci maddəsinə görə, qiymətli kağız onun mülkiyyətçisi və emitenti arasında müqavilə münasibətlərinin mövcudluğunu və mülkiyyətçinin həmin müqavilədən irəli gələn hüquqlarını təsdiqləyən sənəddir.

Bu tənzimləmədən belə bir sual meydana gəlir: dövlət özəlləşdirmə çeklərinin mülkiyyətçisi və onun emitenti arasında müqavilə münasibətləri qurulubmu?

Məlum olduğu kimi, dövlət özəlləşdirmə çeklərinin emitenti Azərbaycan Respublikası dövləti, mülkiyyətçisi isə Azərbaycan Respublikasının vətəndaşıdır.

Belə ki, dövlət özəlləşdirmə çekləri, hər bir Azərbaycan vətəndaşına dövlət əmlakından verilmiş dövlət özəlləşdirmə payılarının qiymətli kağıza bağlanaraq ödəniş vasitəsi kimi istifadəsini və tədavülünü asanlaşdırmaqdır məqsədi ilə dövlət tərəfindən çıxardılaraq vətəndaşlara verilmişdir.

Bu proses vaxtı dövlət ilə vətəndaş arasında şifahi müqavilə münasibətlərinin qurulduğunu hesab etsək, bu nəticə Mülki Məcəllənin və Konstitusiyamızın tələblərinə də uyğun olar. I Dövlət Proqramının “Dövlət özəlləşdirmə payı” adlanan 3-cü bölməsinin 4-cü, 6-cı və 7-ci abzaslarını nəzərə alaraq deyə bilərik ki, dövlət özəlləşdirmə çeklərinin hər biri nominal (əmlak) dəyəri inflyasiyanın təsirindən qorunan və eyni (bərabər) olan maddi ekvivalent olub, özəlləşdirmənin başlandığı ana qədər qeydə alınmış Azərbaycan Respublikasının hər bir vətəndaşına qanun əsasında dövlət əmlakından verilmiş paydır (mülkiyyətdir).

Dövlət özəlləşdirmə çeklərinin nominal dəyərinin (qiymətinin) qanunvericilikdə birbaşa tənzimlənməsi mülkiyyət və bərabərlik hüquqlarının qorunması, manipulyasiyanın qarşısının alınması, dövlətin öhdəliyinin konkretləşdirilməsi və digərləri baxımından faydalıdır. Bütün bunları nəzərə alaraq birmənalı olaraq əminliklə deyə bilərik ki, qanunla özəlləşdirmə çekləri bu gün üçün də dövlət qiymətli kağızıdır. İnfilyasiyadan qorunan əmlak ekvalenti kimi 1997-ci ildən bu günə qədər olan inflyasiyanı nəzərə alsaq, ən qiymətli dövlət qiyməti kağızıdır.

Mübariz Yolçiyev,

Bakı Dövlət Universiteti Hüquq fakültəsini dosenti,
Vəkillər Kollegiyasının üzvü, hüquqşünas

Xüsüsi olaraq AYNA üçün

Redaksiyadan əlavə xatırlatma:

Məlumat üçün qeyd edək ki, özəlləşdirmə çekləri ulu öndər Heydər Əliyev tərəfindən 1997-ci ildə qədər anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir. Hər bir çekin dəyəri isə çeklərlə əvəzlələcək 65% Dövlət əmlakının 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib və 1997-ci ildə ən azı 2000 dollar əmlak ekvivalentində olub. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

Son zamanlar tanınmış ictimai-siyasi xadimlər, millət vəkilləri, hüquqşünaslar, iqtisadçılar hökumətə çağırış edərək, çekləri əllərində qalmış vətəndaşların problemlərinin həll edilməsinin vacibliyini ifadə edirlər.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov mövzu ilə bağlı AYNA-ya açıqlamasında söyləyib ki, vətəndaşların əllərində qalan özəlləşdirmə çeklərinin taleyinə də aydınlıq gətirilə bilər:

“Bununla bağlı geniş müzakirələr aparılır. Yəqin ki, yaxın vaxtlarda konkret fəaliyyət planı təsdiq ediləcək. Əgər dövlət özəlləşdirmə prosesinə başlayarsa, tədavül müddətinin artırılması məsələsinə də baxıla bilər. 2011-ci ildə tədavül müddəti başa çatandan sonra çekləri əllərində qalan vətəndaşlarımız var. İlkin ehtimallara görə, onların sayı yüz minlərlədir. Hesab edirəm ki, onlarla bağlı məsələyə də aydınlıq gətirilməlidir. Və ümid edirəm gətiriləcək də. Belə bir addımın atılması çox yaxşı olardı”.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Elçin Sadıqov AYNA-ya açıqlamasında deyib ki, yüz minlərlə vətəndaşın hüquqlarının pozulması ilə müşayiət olunan prosesə yenidən baxılmalıdır:

“Məlumdur ki, bu halda qanunvericiliyin geriyə qüvvəsi mövcuddur. Müddətin məhdudlaşdırılması ilə bağlı qərar geriyə şamil oluna bilməzdi. Digər yandan özəlləşdirmə çekləri ilə bağlı qanunvericilikdə konkret müddət nəzərdə tutulmayıb. Bu baxımdan ona hər hansı məhdudiyyət də qoyula bilməzdi. Nəzərə alanda ki, özəlləşdirmə çekləri ilə bağlı əhali arasında ciddi maarrifləndirmə işləri aparılmayıb və onlara müfəssəl məlumatlar verilməyib, prosesi başa çatmış elan etmək olmazdı. Vauçerlər qiymətli kağızdır və onlar paylanan zaman əhəmiyyəti barədə payçılar məlumatlandırılmalıydı. Göründüyü kimi, bütün bunlar baş verməyib. Ortada ciddi nöqsanların olduğuna dair əsaslı iddialar var. Bu baxımdan məsələyə yenidən baxılmalıdır”.

Öz növbəsində deputat Fazil Mustafa əmindir ki, zərər çəkmiş vətəndaşların hüquqları təmin olunmalıdır:

“İnvestisiya fəaliyyəti haqqında” yeni qanunda da bu məsələ öz əksini tapa bilər. Bütün hallarda müvafiq mexanizm tapılmalıdır ki, prosesə yekun vurulsun. Çünki bu vauçerlər vətəndaşların halal haqqıdır və onların öz sərmayələrindən istifadə etmək hüquqları var. Bu hüququ isə heç bir halda məhdudlaşdırmaq olmaz. Müvafiq mexanizmlər tapılmalı, birdəfəlik olmasa belə, ardıcıl və sistemli şəkildə kompensasiya ödənişləri həyata keçirilməlidir. Əminəm ki, bu istiqamətdə müəyyən addımlar atılacaq. Vətəndaşın itkilərə məruz qalması ilk növbədə dövlətin özünün ziyanınadır. Dövlət özü maraqlı olmalıdır ki, kompensasiya ödənişləri vaxtında həyata keçirilsin. Çox təəssüf ki, mütəmadi olaraq bu kimi məsələlərdə icraçı məmurlarının yersiz müdaxiləsi ilə qarşılaşırıq. Bunlar yolverilməzdir və məmurların bu prosesə mane olmaq, ləngitmək cəhdləri aradan qaldırılmalıdır”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı da AYNA-ya açıqlamasında təsdiqləyib ki, özəlləşdirmə çekləri dövlət qiymətli kağızıdır:

“Ötən əsrin 90-cı illərinin sonlarında verilmiş özəlləşdirmə çeklərindən vətəndaşların maraq və mənafeyinə uyğun şəkildə istifadə edilmədi. Məhz elə bu səbəbdən də bəzi vətəndaşlarımız bu vauçerləri satışa çıxardılar. Öz çeklərini başqalarına hədiyyə edənlərlə yanaşı bu gün də özündə saxlayan pay sahibləri var. Bəzi iddialara görə, onların sayı yüzminlərlədir. Lakin bu, dəqiq siyahı deyil və bununla bağlı ətraflı araşdırma aparılmalıdır. Çox təəssüf ki, bəzi işbazlar bu prosesdən faydalandılar və vətəndaşların mənafeyi təmin edilmədi. Halbuki bununla bağlı fərmanda onlar əhaliyə miras kimi göstərilirdi. Həmin işbazlar da ayrı-ayrı dövlət müəssisələrində pay sahibinə çevrildilər”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, YAP-çı deputat Məlahət İbrahimqızı AYNA-ya açıqlamasında xatırladıb ki, həmkarları dəfələrlə bu mövzunu gündəmə gətiriblər:

“Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, eyni zamanda Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc son dəfə bu mövzunu gündəmə gətirdi. Təbii ki, bu, kifayət qədər vacib məsələdir. Bu gün əllərdə yüzminlərlə özəlləşdirmə çekləri qalıbsa, onların taleyinə aydınlıq gətirilməlidir. Bütün hallarda vauçerlər qiymətli kağızdır. Hər bir vətəndaşın problemi qanunvericilik və ölkə qanunları çərçivəsində həll olunmalıdır. Həqiqətən də, çox böyük sayda vətəndaşımıza ziyan dəyib və adekvat addımlar atılmasına, onlara dəyən ziyanın ödənilməsinə çox ciddi ehtiyac var. Nəzərə almaq lazımdır ki, bu, sadə məsələ deyil və həll olunması zaman tələb edir. Ola bilər ki, mərhələli şəkildə, yaxud da kompensasiya ödənilməsi formasında bu problem öz həllini tapsın”.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Yenicag.az-a açıqlamasında bildirib ki, özəlləşdirmə çekləri məsələsində kompensasiya forması deyil, əlində çeki qalmış insanların gələcəkdə özəlləşmə prosesində hansısa formada iştirakı üzərində düşünülə bilər:

Sovet dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir. Bu çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Əksər şəxslər özəlləşdirmə prosesində iştirak edə bilmədiyiklərini irəli sürürlər və o çekləri hələ də saxlayırlar. Tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində çeki qalan şəxslərlə bağlı konkret addımlar atılmalı və ya onların hüquqlarının bərpası üçün özəlləşmə zamanı hansısa payı özündə ehtiva edən mülklərlə bağlı tədbirlər görülməlidir”.

Öz növbəsində sabiq dövlət müşaviri Qabil Hüseynli gələcəkdə böyük özəlləşmə prosesində özəlləşdirmə çeklərindən istifadə olunmasının gözlənilən olduğunu vurğulayıb:

Böyük özəlləşmədə daha çox çek lazım olacaq. Özəlləşdirmə prosesi ilə bağlı gedişata baxsaq, görərik ki, respublikada kiçik və orta özəlləşdirmə artıq başa çatmaq üzrədir. Müəyyən müddətdən sonra böyük fabrik, zavod və müəssisələrin özəlləşdirilməsinə başlanacaq. Bu zaman özəlləşdirmə çeklərindən istifadə etmək mütləq lazım olacaq. Ona görə də kimin əlində özəlləşdirmə çekləri varsa, möhkəm saxlasın. Çünki böyük özəlləşdirmədə bu çeklərdən istifadə edilə bilər”.

Hörmətli el ağsaqqalı, tibb elmləri namizədi, Tibb Universitetinin dosenti Rəşid Mahmudov da özəlləşdirmə çekləri ilə bağlı məsələyə toxunaraq bildirib ki, vətəndaşlara məxsus əmlak onların haqqıdır və tapdalanmamalıdır:

“Ulu Öndər Heydər Əliyev ölkənin ən kasıb vaxtında bütün özəlləşdiriləcək əmlakların 65%-ni miras-əmlak payı kimi ölkə vətəndaşlarına verdi. Heydər Əliyevin bu qərarı tarixi sosial ədaləti bərpa etmək üçün dövlətin siyasətinin əsas prinsipi olaraq qanunla qəbul edib. Ey siyasətçilər və deputatlar, siz Ulu Öndər Heydər Əliyevdən ağıllı siyasətçi olacaqsınız ki, indi ölkənin ən varlı vaxtında, Dövlət Neft Fondunda milyardlarla vəsait olduğu halda büdcəni xalqa məxsus olan əmlakları satmaqla doldurmaq istəyirsiniz?!”.

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİD-ə daxil olmaqla tanış ola bilərsiniz.

www.yenicag.az

28823
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv