Reklam: High Technic
hightechnic

Doğu Perinçek Türkiyəni NATO-dan çıxarmağı vəd etdi

Türkiyədə növbədən kənar prezident seçkilərinə namizədliyini irəli sürən Doğu Perinçek seçkilərdə qalib gələcəyi təqdirdə ölkəni NATO-dan çıxaracağını elan edib.

Yenicag.az xəbər verir ki, bu barədə politoloq “RİA Novosti”yə müsahibəsi zamanı məlumat verib.

Onun sözlərinə görə, Türkiyənin 1953-cü ildən Şimali Atlantika blokuna daxil olmasına baxmayaraq, alyans Ankaranı düşməni olaraq görür. “ABŞ terrorçu kürd qruplaşmalarına kömək edir, onları silahla təmin edir. Odur ki, Türkiyə və ABŞ artıq dost münasibətlərində deyillər”, -deyə Perinçek qeyd edib.

Politoloq bildirib ki, qalib gələcəyi halda ABŞ təyyarələri “İncirlik” bazasından çıxacaqlar, baza tamamilə Türkiyə hərbçilərinin nəzarətinə keçəcək.

Perinçek onu da qeyd edib ki, mart ayında Aralıq dənizinin şərqində İsrail,Yunanıstan, Kipr və ABŞ Türkiyəyə qarşı yönəlmiş təlim keçiriblər.

Qeyd edək ki, 75 yaşlı Doğu Perinçek Pekin və Moskva ilə dostluq əlaqələrinin inkişaf etdirilməsi lehinə çıxış edir. Eyni zamanda Brüssellə qarşılıqlı əlaqələri dayandırmağa çağırır.
O, 2007-ci ildə dövlət çevrilişi təşkil etməkdə ittiham olunaraq həbs olunub. Fəal şəkildə qondarma erməni soyqırımının tanınması əleyhinə çıxışlar edir. İsveçrədə olarkən “soyqırım”ı “böyük beynəlxalq yalan” adlandırıb. Buna görə yerli məhkəmə onu irqi ayrı-seçkilikdə günahlandıraraq 90 gün həbs cəzasına məhkum edib və 3 min İsveçrə franklı məbləğində cərimələyib. Lakin Avropa insan hüquqları məhkəməsi İsveçrə hakimiyyətinin bu qərarını qanunsuz hesab edib, Perinçekin ifadə azadlığının pozulduğunu bildirib.

www.yenicag.az

1390