!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dörd bacının məzarını ayıran səngər... Aparılmayan yeganə mərmər başdaşı... – Səxavət Məmməd yazır / FOTOLAR

!Reklam – Yazi

Azərbaycan tarixinə baxdıqda, Araz çayının bütöv xalqı ikiyə ayırdığını, aradan sərhəd kimi keçdiyini bilirik. Ancaq bacıların qəbirləri arasından keçən səngər daha çox zərurətdən doğan anlayışdır. Bacıları bir-birindən ayıran səngər Yusifcanlı qəbiristanlığından keçir. Azərbaycan xalqını iki yerə Araz çayı ayırdığı kimi, Yusifcanlı camaatını da, daha doğrsunu desək, qəbirlərini bir çay iki yerə ayırır.

Qarqar çayının Yusifcanlıdan keçən hissəsində bir qəbiristanlıq var, çayın qarşı tərəfində yenə eyni kəndin camaatının ölülərini dəfn etdiyi başqa qəbiristanlıq salınıb. Çayın o üzündəki qəbiristanlıqda dəfn olunmaq arzusu ilə çox sayda insanlar dünyasını dəyişdi. Yadıma gəlir, nənəm ölümündən əvvəl deyirdi, kənd alınmasa, çayın bəri tərəfində basdırılsam, çayın o tərəfindəki qəbiristanlıqda yatan dədəmin qəbrinin üstündən torpaq gətirib üstümə tökərsiniz.

Müharibə bitər-bitməz, kəndimizin qəbiristanlığına tərəf keçdim. Bir zabit dostuma dedim ki, qəbiristanlığa gedək. İllər əvvəl bir dostum iki bacının qəbri arasından bir səngərin keçdiyini deyirdi. Yola düşdük. Həmin ərazi elə məhz “qəbiristanlıq postu” adlanırdı. Erməni tərəflə aradakı məsafə o qədər az idi ki, çox rahat söyüşmək, daşlaşmaq da olardı. Ərazinin çox təhlükəli olduğunu, itkilərin qarşısını almaq üçün bir neçə yüz metr arxaya çəkilmişdi postlarımız.

Təbii ki, geri çəkilərkən minalama işləri də aparılmışdı. Təsəvvür edin, eyni ərazini həm ermənilər, həm də Azərbaycan əsgərləri minalayıb. Ərazi sözün əsl mənasında mina tarlasıdır. Dostumla ehtiyatla, addım-addım kəndimizin qəbiristanlığına doğru getdik. Nə yalan deyim, kəndimizin bu hissəsi ilə bağlı heç bir xatirəm yox idi. Qəbiristanlıq boyu səngərlə gedib, geri qayıtdıq.

Həmin qəbri gördüm. Cəmi bir şəkil çəkdim. İcazəsiz getdiyimiz üçün ləngimək kimi bir şansımız yox idi. Üzərindən xeyli müddət keçəndən sonra kəndimizin qəbiristanlığına icazəli şəkildə keçmək imkanım oldu. Bu dəfə öndə ANAMA-nın iki əməkdaşı gedirdi. 6 yaşında kənddən çıxan adam bu dəfə bələdçilik edir…

Uzun zamandır, ərazidə hərbçilərin olmaması, öz sözünü deyirdi. Səngərləri yağış, külək artıq doldurmağa başlayıb. Təbiət də buraların düzəlməli olması tərəfdarı kimi davranır. Yağışın yuması, torpağın tozu sovurması minaları da üzə çıxarıb. Təsəvvür edirsiniz, ətrafa göz gəzdirirsən, minalar parıldayır. Asta-asta, addım-addım qəbiristanlığa doğru gedirik. Məhz həmin yerə çatırıq – müharibənin nə anlama gəldiyini göstərən, dəhşətini, faciəsini ortaya qoyan səngərin bacıların qəbri arasından keçdiyi hissəsinə…

Açığı, ilk dəfə həmin qəbrin şəklini çəkəndə və fotoya baxanda fərqinə varmamışdım. Vaxt çoxluğundan bir az incələmə aparanda aydın oldu ki, əslində, səngər iki bacını yox, dörd bacını bir-birindən ayırıb. İki bacı qucaq-qucağa əbədi yatıb, digər ikisi isə yan-yana. Taleyə baxın. Mürşüd kişinin qızları – Şayə, Səringül, Təyyarə, Elmura da müharibə qurbanlarıdır. Mürşüd kişi İkinci Dünya Müharibəsinə yollananda 5 qızı olub. Qızların yaşı barədə məlumatım olmasa da, yeriyib-yüyürən, şeir deyən, böyük qızlar olduğunu öyrənə bildim. Bacıların ataları müharibəyə getdikdən sonra dediyi bayatı hələ də, kənd camaatının xatirindədir:

Qoyunu qoyun gəlsin.
Dərisin soyun gəlsin.
Ay ordakı camaat,
Qaqamı qoyun gəlsin.

“Qaqam” deyəndə, atalarını nəzərdə tuturmuşlar. İkinci Dünya Mühribəsində aclıq və xəstəlik hər yeri bürümüşdü. Müharibə bitməzdən öncə 5 bacıdan dördü aclıq və xəstəlikdən iki-iki dünyasını dəyişib. Şayə və Səringül ikisi bir qəbirdə dəfn edilib. Daha sonra isə Təyyarə və Elmura rəhmətə gedib, onlar isə ayrı-ayrı dəfn olunub. Müharibədən qayıdanda 5 qızından yalnız 1-ni sağ tapan Mürşid kişi qızlarına daha sonra başdaşı qoya bilib. Kimin ağlına gələrdi ki, bacıların ölümünə səbəb olan müharibə onların qəbirlərinə də dağ çəkəcək…

Əslində, İkinci Dünya Müharibəsi zamanı kəndimizdən aclıq və xəstəlikdən çox sayda uşaq dünyasını dəyişib. Ağdam rayonu Yusifcanlı kəndi işğal olunduqdan sonra ermənilər qəbiristanlıqda səngər qazmağa başlayıblar. Səngərin içərisində xeyli qəbir də qalıb, bəzi yerlərdə başdaşları müdafiə xəttinin bir parçası olub. Başdaşlarındakı mərmi izləri indi də aydın seçilir.

Səngərin içərisində bir neçə başdaşı da görmək mümkündür. Ümumiyyətlə, səngər kənd qəbirstanlığını ikiyə bölüb. Neçə-neçə iki qəbrin arasından səngər keçir. Müharibə təkcə qəbirləri bir-birindən ayırmayıb. Xüsusilə, qadın qəbirlərinin başdaşılarının arxası oyuqdur.

O döyüşlərin iştirakçısı, ehtiyatda olan zabit Soltan Mirzalıyevlə kənd qəbiristanlığındakı dəhşətlər barədə söhbət edirik. Deyir, bütün qəbirlərin başdaşılarının arxasını oyub, xüsusi məftillə kəllə hissəsini çıxarıb, qızıl dişləri sökürdülər. Həmin məftilləri mövqelər tam qurulandan sonra götürmüşdük. Kənd qəbiristanlığında bir dənə də olsun, mərmər başdaşı qalmayıb. Bütün mərmərlər sökülüb, aparılıb. Yalnız bir qəbrin qara mərmərdən başdaşı qalıb, o da böyük ehtimalla, götürülərkən ehtiyatsızlıqdan əllərindən düşərək parçalanıb. Yalnız o qara mərmər parçalanmış vəziyyətdə yerdə qalıb.

Artıq müharibə bitib, səngər dolacaq, qəbirlər yenə birləşəcək, bir o çaylar – xalqı ayıran Araz, qəbiristanlıqları ayıran Qarqar qalacaq…

www.yenicag.az

2973
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv