!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dostlarımızın faciəsinə səssiz qalmayaq! - Zaur Bayramlı yazır

!Reklam – Yazi

İndi bizə ən ağır zamanlarımızda dəstək çıxan 2-3 ölkədən biri olan İsrailin başı terrorla dərddədir.

Bəli, bəli, məhz terrorla, həm də İran dəstəkli ərəb terroru ilə!

35 ildir erməni terrorizmindən əziyyət çəkən xalq olaraq bu mənzərə bizə çox tanışdır – erməni terrorizminin də arxasında duran ən əsas ölkələrdən bizi məhz İrandır.

Dostumuz və müttəfiqimiz İsrailin Azərbaycana dəstəyi bir çoxlarının təsəvvür etdikləri kimi sadəcə silah satışı ilə məhdudlaşmır, eyni zamanda, bir çox ölkələrin, xüsusilə də Amerika Birləşmiş Ştatlarının Azərbaycana yönəlik mövqeyinin müəyyənləşməsində Amerikadakı yəhudi diasporunun, yəhudi kökənli siyasətçilərin çox böyük rolu var. Düzdür, Amerikanın Azərbaycana münasibəti çox da ədalətli və ideal deyil, amma bir də düşünün ki, qeyd etdiyim yəhudi dostlarımızın fəaliyyətləri olmasaydı, bu münasibət nə qədər pis ola bilərdi. 44 günlük zəfərlə nəticələnən savaşımız zamanı Tramp Amerikasının loyal münasibəti hər nə qədər Azərbaycan diplomatiyasının uğuru idisə, bir o qədər də yəhudi dostlarımızın gərgin fəaliyyətlərinin nəticəsi idi.

İndi bu dostlarımızın ağır günlərində sosial şəbəkələrdən gördüyümüz kimi, Azərbaycan xalqının əksəriyyəti ermənilərin dostu və dəstəkçisi olan Fələstinin, onları təmsil edən İran dəstəkli HƏMAS terror təşkilatının yox, İsrailin yanında yer alması gözəl bir mənzərə olsa da, hesab edirəm ki, rəsmi Bakının mövqeyi buna adekvat deyil.

Xarici İşlər Nazirliyi qadınların, uşaqların, yaşlıların vəhşicəsinə qətl edilməsini, əsir götürülməsini, işgəncə verilməsini özündə ehtiva edən alçaqca terror hücumuna sanki “nə şiş yansın, nə kabab” məntiqi ilə qısa bir açıqlama ilə işini bitmiş hesab edir.

Anlayıram, hər nə qədər Ermənistanın dəstəkçisi, dostu və müttəfiqi olsa da, Fələstin “İslam” ölkəsi sayılır və bu səbəbdən mümkün qədər Fələstini incitməmək xətti seçilib, amma burada söhbət Fələstindən, İsraildən daha çox terrordan gedir və ya getməlidir!

Məlum bəyənat veriləndə, hər halda, rəsmilərimiz qardaş Türkiyənin də mövqeyini nəzərə alıblar, amma biz hər nə qədər strateji müttəfiq və qardaş olsaq belə, iki ayrı müstəqil dövlətik.

İsrail-Fələstin münaqişəsinə ümumi yanaşmada bəlkə də “nə şiş yansın, nə kabab” anlayışından istifadə edə bilərik, amma söhbət terrordan getdiyi zaman, onu törədənin kimliyindən asılı olmayaraq, bu mənfur akt çox sərt şəkildə qınanmalı, terrora məruz qalan tərəfə yardım əli uzadılmalıdır!

Bu arada, İran dəstəkli HƏMAS və Hizbullah terrorçularının bu və ümumiyyətlə son dövrlərdəki cəsarətlərində mənim hazırda yaşadığım ABŞ-nin, konkret olaraq Bayden yönətiminin də “pay”ı az deyil.

Həm xarici siyasətləri, həm də daxili siyasətləri ilə Amerikanı bataqlığa sürükləyən “Demokrat”lar İranın bloklanmış pullarının xeyli hissəsini fars-molla rejiminə geri qaytardılar. Bundan başqa, keçən həftələrdə İran həbsxanalarında saxlanılan bir neçə İran doğumlu Amerika vətəndaşlarını azad etmək müqabilində Amerikanın fars-molla rejiminə yenə yüklü miqdarda pullar verdiyi deyilir.

Təbii ki, İran Ortadoğuda (Yaxın Şərq) terroru maliyyələşdirən və bölgənin qan çanağına çevrilməsində maraqlı olan bir ölkə olaraq bu pulları HƏMAS, Hizbullah, Haşti-Şabi kimi öz əlaltısı olan terror təşkilatlarına yönəldir və nəticə göz qabağındadır: bir günün içində yüzlərlə məsum mülki israilli həyatını itirdi, mindən çox yaralı və yüzlərlə əsir. Sosial mediada yayılan görüntülərdə HƏMAS terroçularının əsirlərlə necə vəhşicəsinə davrandıqlarını sözlə ifadə etmək mümkün deyil. O görüntülərdən sadəcə birini paylaşdığım üçün “Facebook” sosial media platforması mənim hesabımı 1 həftəliyinə blok etdi. Bu kiçik faktın özü belə onların etdikləri vəhşiliklərin hansı boyutda olduğunu göstərir.

Son olaraq demək istəyirəm ki, Azərbaycan güclü dövlətdir. Xüsusilə xarici siyasətdə heç bir kənar təsirə boyun əymədiyini dəfələrlə ortaya qoymuşdur. Biz həm də vəfalı xalqıq – dar günümüzdə yanımızda olanları bir ömür boyunca unutmarıq. Millət olaraq məsələlərimiz də hələ bitməyib – Qarabağ məsələsini layiq olduğumuz bir şəkildə – zəfərlə sonuclandırdıq, amma bizim irəlidə daha böyük məsələmiz – GÜNEY AZƏRBAYCAN var və sizi əmin edirəm ki, Güney Azərbaycan məsələsində də Fələstin Qarabağ məsələsində erməninin yanında yer aldığı kimi, farsın yanında yer alacaq, İsrail isə yenə də bizim yanımızda dayanacaq.

Böyük boşnak lideri Aliya İzzetbekoviçin dediyi kimi, bir gün hər şey bitdikdə xatırlayacağımız şey düşmənlərimizin sözləri deyil, dostlarımızın səssizliyi olacaq.

Dostlarımızın faciəsinə SƏSSİZ QALMAYAQ!

www.yenicag.az

271
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv