Bu gün xalq artisti, mərhum aktyor Fuad Poladovun doğum günüdür. Sağ olsaydı, 71 yaşını qeyd edəcəkdi. Amma amansız xəstəlik onu vaxtsız apardı.
Yenicag.az-a açılama verən xalq artisti, tanınmış rejissor Əbdül Mahmudbəyov Fuad Poladovun yerinin bu gün də boş qaldığını deyib:
“Fuadın yeri bu gün də boş qalıb və onu dolduracaq ikinci bir aktyor olmayacaq. Bu gün o haqq dünyasındadır, özü-özünə hesabat verir. Götür-qoy edir: kimə halallıq verəcək, kiminlə haqq-salamı kəsəcək, bunu özü bilir. Fuad ölümün gözünün içinə kişi kimi baxdı, ağrılarını-acılarını sona qədər içində çəkdi, heç kimlə bölüşmədi, xəstəliyini heç kimə yükləmədi. Gedəndə də o ağrılarını özü ilə birgə axirət dünyasına apardı. O, mənim kursumu bitirmişdi, biz Fuadla tələbə-müəllim, həm də dost münasibətdə olmuşuq. Onun timsalında Azərbaycan kinosu, teatrı, televiziyası böyük bir sənətkarı itirmiş oldu. Fuad haqqında danışmağa ehtiyac da yoxdur, çünki onun barəsində yaratdığı o möhtəşəm obrazlar danışır”.
Cəvahir