2023‐cü ildə qadınlarla bağlı 6825, o cümlədən zorakılıqla müşayiət olunan 2344 cinayət qeydə alınıb.
Yenicag.az-ın xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda əksini tapıb.
Qısqanclıq, ailə münaqişəsi və sairə məişət zəminli cinayətlərin sayı 1210 (2022‐ci ildə 1175) , o cümlədən qadının cinsi toxunulmazlığı əleyhinə törədilmiş cinayətlərin sayı 147 fakt olub. Qadınlara qarşı törədilmiş cinayətlərlə bağlı 4519 şəxs müəyyən edilərək 63,3%‐i (2861‐i) məsuliyyətə cəlb olunub.
Qadınlara qarşı həyat və sağlamlıq əleyhinə törədilmiş 1822 cinayət qeydə alınıb. Onlardan 1544‐ü qəsdən sağlamlığa yüngül zərər vurma, 176‐ı qəsdən sağlamlığa ağır və az ağır zərər vurmalar, 68‐i qəsdən adam öldürmə, 18‐i özünü öldürmə həddinə çatdırma, 16‐ı əzab vermə ilə bağlı cinayətlər olub. Bundan başqa, Baş Prokurorluğun məlumatına əsasən, 2023‐cü il ərzində qeydə alınmış cinayət hadisələri üzrə 24287 zərərçəkmiş şəxsin 7134‐ü qadın olub. Zərərçəkmiş qadınlardan 2996‐ı xəsarət alıb, 296‐sı isə ölüb. Müqayisə üçün bildirilir ki, 2022‐ci ildə 25449 zərərçəkmiş şəxsin 7455‐i qadın olub. Zərərçəkmiş qadınlardan 2945‐i xəsarət alıb, 309‐u ölüb.
www.yenicag.az