!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət millətçiliyinin MÜHÜM BAZASI: “Azərbaycançılıq ideologiyası ən mühüm birləşdirici faktordur” – TƏHLİL

!Reklam – Yazi

Şahlar Əsgərov: “Milli ideologiyanın təbliğinə ibtidai siniflərdən başlamaq və yeni nəsli o ruhda formalaşdırmaq lazımdır”.

Məhərrəm Zülfüqalı: “Azərbaycançılıq ideologiyası həm də vətəndaş-millət anlayışını bir araya gətirən amil kimi çıxış edir”.

Ölkənin müstəqilliyinin bərpasından keçən təqribən 32 il ərzində dövlətin aydın ideoloji bazası formalaşdırılıb və bu baza ümumi inkişafın strategiyasında əsas faktor rolunu oynayır. Artıq üç onillikdən çoxdur ki, əsas dövlət ideologiyası qısmində Azərbaycançılıq qəbul edilib və bu ideya cəmiyyətin bütün təbəqələri tərəfindən birmənalı qəbul olunur. Bu ideologiya çoxmillətli Azərbaycanda vahid xalq anlayışının formalaşmasını təmin edir və milli birliyin qorunub saxlanılmasına misilsiz töhfə verir.

Azərbaycançılıq ideologiyasının möhkəmlənməsi üçün ilkin bazanın orta məktəblər olduğunu vurğulayan professor Şahlar Əsgərov Yenicag.az-a açıqlamasında qeyd edib ki, məmurlar bu ideologiyanın əsas daşıyıcılarına çevrilməlidirlər:

 

“Bu, həqiqətən də çox mühüm və ölkə üçün taleyüklü məsələlərdən biridir. Məlumdir ki, istənilən dövlətin yaranması, formalaşması və möhkəmlənməsində ideologiyanın rolu çox böyükdür. Ölkəmizdə bu ideologiya qismində əsas götürülən Azərbaycançılıq ideyasıdır. Yəni vətənimiz Azərbaycan, dilimiz Azərbaycan dili, ideologiyamız isə Azərbaycançılıqdır. Ancaq bu ideologiyanı şüara çevirməklə işimizi bitmiş saya bilmərik.

Azərbaycançılıq ideologiyası hər zaman öndə olmalı və nəsillər dəyişsə də, öz istiqamətvericiliyini saxlamalıdır. Bunun üçün nə lazımdır? Hesab edirəm ki, ilk növbədə orta məktəblərdə bu ideologiyanın təbliğinə geniş diqqət ayrılmalıdır. Milli ideologiyanın təbliğinə ibtidai siniflərdən başlamaq və yeni nəsli o ruhda formalaşdırmaq lazımdır. Eyni zamanda, hər bir məmur və nazir öz fəaliyyətində Azərbaycançılıq ideologiyasını əsas götürməlidir. Bir az da konkret desəm, bir məktəbin müəllimləri arasında müxtəlif ideologiyaya söykənənlər ola bilər. Lakin o məktəbin direktoru mütləq Azərbaycançı olmalıdır. Əks halda, əsas ideologiyamızın nə təbliğindən, nə də gələcəyə ötürülməsindən danışa bilər.

Tanınmış etnopedaqoq Gennadi Volkovun çox dəyərli fikri var: “Əgər uşaqlar ana dillərini unudarlarsa, bu artıq həmin millətin məhv olmasının başlanğıcıdır”.

Bizdə əlbəttə ki ideologiya ilə bağlı vəziyyətin kritik olduğunu söyləməyə əsas yoxdur. Bununla belə, həmin məsələni öz axınına da buraxmaq olmaz. Çünki milli ideologiyanın mövcudluğu dövlətin yaşaması anlamına gəlir.

Yaxşı xatırlayıram, Ümummilli lider Heydər Əliyev 1993-cü ildə Ali Sovetin sədri seçiləndə, jurnalistlər ona sual verdilər ki, ölkəni bu ağır vəziyyətdən necə çıxaracaqsınız. O isə müdrikcəsinə cavab verdi ki, bacarıq və milli birlik sayəsində. Yəni Ulu öndər də problemlərin həllində milli birliyin əhəmiyyətini bu qədər aydın şəkildə ifadə etmişdi. Milli birlik isə maddiyyat deyil, məhz ideologiya üzərində mövcud ola bilər. Bunun unutmamalıyıq”.

Aktual mövzu haqqında Yenicag.az-a danışan Məhərrəm Zülfüqarlı bildirib ki, Azərbaycançılıq ideologiyası milli dövlətçiliyimizin təməl prinsiplərindən biri olaraq, dövlət millətçiliyinin təşəkkülündə həlledici faktordur:

“Azərbaycanda ötən əsrin 80-ci illərinin sonlarında vüsət alan milli-azadlıq hərəkatı genişlənəndə, əsas ideologiya olaraq, Türkçülük ön planda idi. Hərəkatın vüsət almasına və uğurlu nəticələr əldə etməsinə bu ideologiyanın danılmaz təsiri olub. Bununla belə, müstəqilliyin ilk dönəmlərində Azərbaycan üçün xarici təhdidlərin artması, eyni zamanda, müxtəlif dairələrin stimullaşdırdığı separatist meyllərin artması bu ideologiyaya yeni baxışı aktuallaşdırdı. Ona görə də, 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edilərkən, ölkə ideoloji planda etnik millətçilikdən dövlət millətçiliyinə, yəni Türkçülükdən Azərbaycançılığa keçdi.

Əlbəttə, bu ideologiya müstəqil dövlətin inkişafında mühüm rol oynayır. Nəzərə alaq ki, ölkə əhalisinin doxsan faizini Azərbaycan türkləri təşkil etsə də, qalan on faiz vətəndaşımız müxtəlif etnik azlıqların nümayəndəsidir. O baxımdan, Azərbaycançılıq ideologiyası həm də vətəndaş-millət anlayışını bir araya gətirən amil kimi çıxış edir. Sözsüz ki, 44 günlük müharibədə möhtəşəm qələbəmizin əldə olunmasında Azərbaycançılıq ideologiyası çox mühüm rol oynayıb. Müharibədə öz şücaətləri ilə dastan yazan qəhrəmanlarımızın sırasında milli azlıqların da çox sayda təmsilçisi var. Başqa sözlə desək, bu ideologiya və Vətən anlayışı bütün vətəndaşların bir araya gəlməsinə, onların yumruq kimi birləşməsinə vəsilə olaraq dövlətin inkişafına da ciddi təkan verir. Ola bilər, kimlərsə dövlət millətçiliyi üçün nümunə göstərilməsini istəyər.

Dünyada dövlət millətçiliyinin ən dərin kök saldığı ölkə ABŞ-dir. Orada artıq azı iki əsrdir ki, vətəndaş-dövlət prinsipi əsas götürülür. Azərbaycan da 1995-ci ildən o modeli seçib və bu, dövlətçiliyin inkişafında özünü ən yaxşı tərəfdən göstərir. Hesab edirəm ki, gələcəkdə ölkənin iqtisadi imkanları genişlənərsə, eyni zamanda, vətəndaşların rifah səviyyəsi daha da yüksələrsə, bu ideologiyanın faydalılığı xeyli artar. O halda, məsələn, Rusiyada yaşayan bir rus Azərbaycan vətəndaşı olan rusa qibtə ilə yanaşar. Bu isə Azərbaycançılıq ideologiyasınnın təntənəsi sayılar”.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

346
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv