!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlətçilik tarixinin yeni metodlarla TƏBLİĞİ: Gənclərin elm və mədəniyyətə olan marağı necə təmin edilməlidir? - TƏHLİL

!Reklam – Yazi

Azərbaycan xalqı dünyanın ən qədim dövlətçilik ənənələrinə sahib olan xalqlardan biridir. Bu dövr Azərbaycanın mədəniyyətinin, adət-ənənələrinin, ədəbiyyatının formalaşmasına, eyni zamanda, tarixi izlər buraxmasına səbəb olub. Ölkəmizin hər qarışında tarix yatdığını görmək üçün kifayət qədər sübutlar və artefaklar mövcuddur. Qobustan qayalıqlarındakı rəsmlər, yox olmaq üzrə olan qəbir daşları, qazıntılar zamanı üzə çıxarılan mədəniyyət nümunələri, Azıx mağarası tapıntıları bu torpaqlarda hər zaman yüksək mədəniyyətin olduğunu göstərir.

Ən qədim xalqlardan biri olan Azərbaycan xalqı dünyaya daim bəşəri töhfələr verib, öz adət-ənənələri, əxlaqi dəyərləri ilə hər kəsin diqqətini cəlb edib.

Professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında bildirib ki, dövlətçilik tarixinin təbliğatı üçün bir sıra müasir formatlardan və üsullardan istifadə olunmalıdır:

“Müqayisə metodu ilə daha yaxşı nəticələr əldə etmək mümkündür. Misal üçün, ermənilərin təbliğat üsullarına baxsaq, müxtəlif növ kontekstli layihələrdən istifadə etdiklərini müşahidə edərik. Həm xarici, həm də daxili auditoriyaya hesablanan proqramlarla, həmçinin fərqli formatda müsahibə üsulu ilə təbliğatlarını geniş kütlələrə çatdıra bilirlər.

Təbliğat prosesində əsas hədəf kimi gənclərə xitab edən platformalar tətbiq olunmalıdır. Artıq yetişən gənc nəslin ənənəvi sayılan televiziyalara marağı qalmayıb. Bu səbəbdən efir vasitəsilə gənclərə nəyisə aşılamaq qeyri-mümkün hal kimi görünür. Ən yaxşı variant kimi elə gənclərin marağına uyğun kontekstlərdə layihələr hazırlamaq lazımdır. “YouTube” kanalları, sosial şəbəkə səhifələri vasitəsilə maraqlı layihələr ərsəyə gətirərək həm onların maariflənməsinə, həm savadlanmasına yol açmaqla, dövlətçilik tarixlərini, milli adət-ənənələrini unutmamağa sövq etmək olar.

Yetişməkdə olan gənc nəslə dövlətçilik tarixinin təbliğ olunması xarici qüvvələrlə ən effektiv mübarizə üsulu sayıla bilər. Əlavə olaraq, bu məsələyə hər kəsi cəlb etmək olmaz. Mütəxəssislər və peşəkar kadrlar bu sahəyə ciddi nəzarət göstərməlidir.

Eyni zamanda, ideoloji boşluğu aradan qaldırmaq üçün təhsil müəssisələrində yenilənmə olmalıdır. Alimlərimiz və elm adamlarımız bu işlə çox ciddi məşğul olmalıdırlar”.

Azad Vətən Partiyasının (AVP) sədri Akif Nağı isə Yenicag.az-a bildirib ki, dövlətçilik tariximizi istər gənclərimizə, istərsə də beynəlxalq auditoriyaya layiqincə təbliğ etmək lazımdır:

“Azərbaycan dövləti beş min il öncə yaranıb, bu günə qədər də gücünü və mövcudluğunu qoruyub saxlayıb. Bu isə özlüyündə çox sevindirici haldır. Çünki hər millətin belə güclü dövləti və dövlətçilik ənənəsi olmur. Dövlətçiliyin təbliği üçün Azərbaycan tarixinin konsepsiyasında müəyyən yeniliklər olmalıdır. Misal üçün SSRİ dövründə yalnış təbliğ olunan konsepsiyanı düzəltmək lazımdır. Azərbaycanı qədimdə var olmayan gənc dövlət kimi qələmə vermək istəyiblər. Bunu mütləq və mütləq aradan qaldırmaq lazımdır.

Dünyada yaranan yeni reallıqlarla hər kəsin informasiyaya əlçatanlığı çox asanlaşıb. Sosial şəbəkələr, xüsusilə də internet resurları vasitəsilə istənilən məlumatı əldə etmək mümkündür. Lakin bundan düzgün istifadə mütləqdir. Çünki hər hansı informasiya almaq və öyrənmək istəyən gəncin yalan və saxta məlumatlarla qarşılaşması riski böyükdür. Belə olan halda, yetişməkdə olan gənclər öz müəllimləri ilə məsləhətləşib doğru məlumatları onlardan öyrənməlidirlər”.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

335
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv