Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Dövlətin tətbiq etdiyi sosial güzəştlərin vəkillərə də şamil olunması çox müsbət haldır” – Roman Qaraşov

“Vəkilliyi sahibkarlıq fəaliyyətindən, digər biznesyönümlü işlərdən fərqləndirmək lazımdır”.

İqtisadiyyat Nazirliyinin hazırladığı “Pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştləri və tətilləri mexanizmi”nə uyğun olaraq, vəkil, sərbəst mühasib və auditorların sosial sığorta yükü optimallaşdırılacaq.

Layihədə bu kateqoriya üzrə şəxslərin sosial sığorta yükünün əldə etdikləri gəlirlərdən xərclər çıxılmaqla, 10 faizi miqdarında müəyyən olunması nəzərdə tutulur.

Vəkil Roman Qaraşov bu məsələ barəsində Yenicag.az-a açıqlamasında bildirib ki, nəzərdə tutulan güzəşt vəkillik institutuna ciddi dövlət dəstəyidir və təqdir olunmalıdır:

“Vəkillərin sosial sığorta xərclərinin 20 faizdən 10 faizə endirilməsi doğrudan da, ciddi məsələdir. Qüvvədə olan qanunvericiliyə əsasən, vəkillik təssisatı, ümumiyyətlə, özünü maliyyələşdirən, hər bir xərcini daxili imkanları hesabına qarşılayan qurumdur.

Vəkillik bir peşə olsa da, rəsmi dövlət rəmzlərini daşıyır, fəaliyyətinə birbaşa dövlət tərəfindən hər cür dəstək göstərilir. Vəkilliyi sahibkarlıq fəaliyyətindən, digər biznesyönümlü işlərdən fərqləndirmək lazımdır.

Vəkil yalnız vətəndaşlarla, firmalarla bağladığı müqavilələrdən gəlir əldə edir. Reallıq odur ki, həmin müqavilələr üzrə gəlirin 40 faizə qədəri vergi və sosial sığorta ödənişlərinə çıxılır.

Vətəndaşların, xüsusilə də, hüquqi yardım alan aztəminatlı ailələrin üzvlərinin də böyük məbləğə əsaslanan hüquqi xidmət müqaviləsini bağlamağa bir çox hallarda imkanı çatmır.

Lakin ediləcək güzəştlərlə 10 faiz məbləğində həm vəkillərə, həm vətəndaşların büdcələrinə güzəştin edilməsi bu istiqamətdə fəaliyyət göstərən şəxslər üçün ciddi stimullaşdırıcı amil olacaq”.

Gülşən Şərif

www.yenicag.az

654