!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövriyyəyə buraxılan “vurulmuş kartlar” və Azərbaycanın müqavimət potensialı – Səxavət Məmməd yazır

!Reklam – Yazi

Azərbaycanın məlum antiterror tədbirlərinin ardınca proseslərin sürətli inkişafı insanların içində müəyyən narahatlıq yaratmışdı və bu əndişənin müxtəlif səbəbləri var idi. Azərbaycan bayrağı Xankəndidə ucaldıldıqda belə insanlar Rusiya sülhməramlılarının Qarabağdan çıxıb-çıxmayacağını düşünürdülər.

Hadisələrin intensivləşdiyi günlərdə Rusiya rəsmilərinin ilk açıqlaması sülhməramlıların noyabrın 1-nə qədər ərazidən çıxarılacağını ehtiva edirdi. Məsələ ondadır ki, Rusiya hərbi kontingentinə məxsus postların ard-arda ləğv edilməsi də o açıqlamaların real olduğunu qəbullanmağa əsas yaradırdı.

Eyni zamanda, Rusiya Prezidenti Vladimir Putin də sülhməramlılara ehtiyac qalmadığını dilə gətirmişdi. Ancaq bəlli müddətdən sonra sürətləndiyi görünən proseslərdə indi sanki durğunluq yaşanmaqdadır. Üstəlik, artıq Rusiyadan bu məsələyə dair fərqli çağırışılar eşidilməkdədir.

Bu da hamısı deyil. Ortaya atılan fərqli ehtimallar arasında Rusiya sülhməramlılarını başqa ölkələrin hərbi kontingentinin əvəz edəcəyi iddiası da var. Ancaq son günlər rusların nəzərdə tutulan müddətə – 2025-ci ilə qədər Qarabağda qalacaqları bildirilir.

Gələk bunun haradan qaynaqlandığına. Ermənilər Qarabağdan könüllü şəkildə köç edəndə sakit davranan Ermənistan və Fransa indi sözdə “ədalət qılıncı”nı sıyırıb Azərbaycanın üzərinə dalğa-dalğa gəlməkdədir. Fransa özünü “Roma Papasından daha çox katolik” kimi aparır. BMT nümayəndələri belə köç prosesində məcburetmə faktının olmadığını etiraf etsələr də, Fransa yenə köhnəlmiş “val”ını dəyişmir.

Hətta iş o yerə çatıb ki, Fransanın Ermənistandakı səfiri “Azərbaycanın Ermənistan ərazisini işğal etdiyi barədə” tvit paylaşıb. Bundan əlavə, vasitəçisiz sülh deyən, bölgədə sabitlik arzulayan ABŞ da prosesi labirintə salmağa çalışır. Ermənistan isə məcburi köçkünlükdən dəm vurur, ərazidə beynəlxalq missiyanı görmək istədiyini bildirir.

Fransa, ABŞ və Ermənistanın beynəlxalq missiya arzusu Rusiyanı da sülhməramlılarla bağlı məsələdə geri addım atmağa vadar edir. Rusiya bilir ki, əgər indiki məqamda ərazidən çıxsa və onun yerinə beynəlxalq missiya daxil olsa, vəziyyət daha da qəlizləşəcək, Moskvanın əlində ciddi təsir mexanizmi qalmayacaq.

Maraqlıdır, belə məqamda hər kəs öz marağından çıxış edir, ancaq Azərbaycandan soruşan yoxdur ki, sənin ərazinə hansısa beynəlxalq gücün daxil olmasına şərait yaradacaqsan? Hesab edirəm ki, rəsmi Bakı rusların çıxması ilə yanaşı, heç bir missiyanı öz ərazisində görmək istəməyəcək.

Çünki əraziyə gələcək istənilən missiya təzyiq vasitəsidir. Region hələ də böyük güclərin maraqlarının toqquşduğu savaş meydanı kimi qalmaqdadır. Zəngəzur dəhlizi məsələsini də əlavə etsək, mənzərə tamamlanar. Azərbaycan və Türkiyə üçün yolun haradan keçməsinin o qədər də fərqi yoxdur. Düzdür, rəsmi Bakı Naxçıvana birbaşa Ermənistandan keçməyin tərəfdarıdır, ancaq iqtisadi maraqlar baxımından əsas amil yolun işlək olmasıdır.

ABŞ və Fransa konkret olaraq bu yola qarşıdır. Vaşinqton Çinin daha da böyüməsinin qarşısını almaq üçün Pekinin içində olduğu layihələrə qarşı çıxır. Fransa isə Süveyşdən itirəcəyi qazancları kompensasiya etmək dərdindədir. Bundan başqa, yaxın zamanda ABŞ və Fransada seçkilərin keçiriləcəyi və ermənilərin səsini qazanmaq qayğısı hər iki ölkəni regionda aktiv siyasət yeritməyə sövq edir.

Bəlkə də, gülməli görünəcək, ancaq Qarabağdakı antiterror tədbirlərindən sonra ABŞ-də demokratların reytinqi kəskin şəkildə azalıb. Ona görə də Co Bayden administirasiyası ermənilərə xoş gəlmək üçün bu addımları atır. Ötən illərdə ABŞ-də namizədlər daha çox qondarma “erməni soyqırımı” üzərindən lobbilərdən dəstək almağa çalışırdılarsa, indi o “kart” ikinci plana keçib, əsas məsələ “məcburi erməni köçkünləri” olub.

Bütün bu baş verənlərin fonunda rəsmi Bakı yetərincə qərarlı görünür və geri addım atmayacağını nümayiş etdirir. Qərbi Azərbaycan məsələsinin gündəmə gətirilməsi isə Azərbaycanın əks-həmləsi kimi başa düşülməlidir.

www.yenicag.az

1382
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv