!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Döyüş gedir, artilleriyanı isə Bakıya, parada göndərmişdilər” – Keçmiş “kombriq”lə MÜSAHİBƏ – II hissə

!Reklam – Yazi

“Nurəddin Sadıxov mənə dedi ki, üç gün vaxt verirəm, qüvvələri cəmləyib Lənkərana, oradan da Ağcabədi-Beyləqan istiqamətinə getməlisiniz”.

Əvvəli burada – “Nurəddin Sadıxov uğurlu Xocavənd əməliyyatını yarımçıq dayandırdı”

Birinci Qarabağ Müharibəsində müxtəlif istiqamətlərdə ağır döyüş yolu keçmiş hərbi hissələrdən biri də 704 saylı briqada olub. Sözügedən briqada tək yerləşdirildiyi Beyləqan, Xocavənd, Ağcabədi ətrafında gedən döyüşlərdə deyil, həm də “Laçın dəhlizi”, o cümlədən, Kəlbəcər istiqamətində keçirilmiş əməliyyatlarda iştirak edib. 704 saylı briqada Qarabağ müharibəsində çox sayda uğurlu əməliyyatlar keçirmiş hərbi hissələr sırasında xüsusi seçilib. 704 saylı hərbi hissənin komandiri olmuş polkovnik Mikayıl Hacıyev bizimlə geniş söhbətində rəhbərlik etdiyi briqadanın döyüş yolu və digər məsələlər barəsində ətraflı danışıb.

Yenicag.az keçmiş briqada komandiri Mikayıl Hacıyevlə müsahibəni təqdim edir:

Qısa arayış:

Hacıyev Mikayıl Hacıverdi oğlu. 1960-cı il martın 4-də Lənkəran rayonunun Xolmili kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Sovet Ordusu sıralarında hərbi xidmət keçib. 1980-84-cü illərdə Orconikidze Ali Hərbi Komandirlər məktəbində təhsil alıb. Bir neçə il SSRİ-nin müxtəlif bölgələrində xidmətini davam etdirib. 1987-ci ildə Leninqrad Ali Hərbi-Siyasi Məktəbinə daxil olub və oranı müvəffəqiyyətlə bitirib. Xidmət müddətində taqım komandiri vəzifəsindən motoatıcı briqada komandirinədək yüksəlib. Qarabağ müharibəsinin başlanğıcında öz istəyi ilə Azərbaycana gələrək, 1991-ci ilin dekabr ayında Bakıda Daxili Qoşunlarda xidmətə başlayıb. 1992-ci il iyulun 25-dən etibarən Milli Orduya keçib. Əvvəl 820 saylı hərbi hissə komandirinin müavini olaraq, Göytəpə alayına başıçılıq edib və şəxsi heyəti döyüşlərə hazırlayıb. 820 saylı briqadanın bazasında yaradılmış 704 saylı hərbi hissənin komandir müavini və sonra komandiri olub.

Laçın dəhlizi əməliyyatı

– Bu hadisələrdən sonra Laçın dəhlizi əməliyyatı başladı. Bu əməliyyat hansı nəticəyə hesablanmışdı?

– Bundan sonra 25 sentyabrda bizi göndərdilər Qubadlıya, Laçın dəhlizi əməliyyatına. Bizim əsas məqsədimiz Kirov qəsəbəsində polkovnik Zaur Rzayevin şimal istiqamətindən hücum edən briqadası ilə birləşmək və Dağlıq Qarabağı tam olaraq mühasirəyə almaq idi. Onlar Laçına girməli idilər, biz də Laçın dəhlizini nəzarətə götürməli idik. Biz bu tapşırıq əsasında Qubadlının Xanlıq kəndinə gəldik. Kəşfiyyata tapşırıq verildi ki, düşmən mövqeləri, şəxsi heyətin və texnikanın sayı öyrənilsin. Bir neçə gün ərzində biz çox məlumat əldə etdik və sentyabrın 28-də kəşfiyyat döyüşü kimi Susuzdağ və Qızartı istiqamətində hücuma keçdik. Biz Qızartı və Susuzdağa çıxanda Səfiyan kəndinin üstündə Quşçulardan bizə yenə arxadan atəş açıldı. Qızartı yüksəkliyində iki əsgər itirdik. Geriyə çəkilməyi əmr etdim. Geri çəkildik və nəyin baş verdiyini yerində öyrənməyə çalışdım. Yerli batalyonların komandirləri olan Əlyar Əliyevi və Vaqif Cabbarovu çağırdım. Məsələni onlara dedim ki, bizə atəş açıblar. İkisi də xəbərsiz olduqlarını dedi. Ancaq məlumat almışdıq ki, bizə arxadan atəşi Vaqif Cabbarovun batalyonundan açıblar.

Səhər hücum planlaşdırdıq. Onlara dedim ki, siz də hücumda iştirak etməlisiniz. Ortada mənim briqadam gedir – Susuzdağ, Qızartı, Mığıdərə istiqamətində. Vaqif Cabbarov sağ cinahdan, Əliyer Əliyev isə sol cinahdan hücuma keçir. Belə qərara gələndən sonra əsas zərbəni öz üzərimə götürdüm. Susuzdağ demək olar ki, o ərazidə ən yüksək zirvədir.

Səhər tezdən hücum başladı. Sizi inandırım ki, düşmən ordusu qorxu içində necə qaçırdısa, nəfəsini bəlkə də İrəvanda dərdi. Sol cinahdan Əlyar Əliyevin batalyonu minalanmış sahəyə düşmüşdü. Mənimlə rabitə əlaqəsinə çıxdı, mən də ora minaaxtaran tağım göndərdim. Minaaxtaranlardan 7 nəfərini orada itirdik. Gördük, yolu təmizləmək mümkün olmur, göstəriş verdim ki, həmin ərazini dağ yolu ilə keçsinlər. Bundan sonra hücumu davam etdirdik. 29 sentyabr-01 oktyabr döyüşləri nəticəsində demək olar ki, Laçın dəhlizini nəzarətə götürdük.

Oktyabrın 2-də jurnalistlər əraziyə gəldilər. Onlar da şahid oldular ki, Laçın dəhlizi nəzarətə götürülüb, ermənilər qaçırlar. Jurnalistlər məndən müsahibə almaq istədikdə, dedim ki, cəmi bir sual verə bilərsiniz. Sual belə oldu ki, müharibənin sonunu necə görürsünüz? Dedim, necə görəcəm, oturmuşam Ermənistanla Azərbaycan sərhəddinin üstündə, Laçın dəhlizi də artıq nəzarətə götürülüb. Bu isə o deməkdir ki, müharibə qurtarıb. Bu döyüşlərdə hərbi hissənin bütün şəxsi heyəti mərdliklə döyüşdü. Qabil Tağıyev, Nazim Vəliyev, Yaqub Nəhmətov, Tofiq Qasımov və digər komandirlər əsl peşəkarlıq nümunəsi göstərdilər.

Ermənistan ərazisində səhra düşərgəsi qurmuşdular. Oranı artilleriya ilə vururduq. Birdən mənə dedilər ki, səni təcili Qubadlıya çağırırlar. Orada Baş Qərargah rəisi Nurəddin Sadıxov dedi ki, qaçan erməniləri niyə vurursunuz, ümumiyyətlə, Ermənistan ərazisinə niyə artilleriyadan atəş açırsınız? Dedim, o qaçanlar gedib cəmləşib yenidən üstümüzə gələcəklər, ona görə də, vururam. Mənə dedi, gələnləri vurun, gedənləri vurmayın.

Ayın 3-də Şurunbaşı istiqamətində hərəkət gedirdi. Məni yenidən Qubadlıya çağırdılar. Nurəddin Sadıxov yenə mənə dedi ki, niyə hücumu davam edirirsən? Mən sənə tapşırdım ki, gələnləri vur, gedənlərə dəymə. Ancaq əmrə tabe olmursan. Hazırda iki dövlət arasında atəşkəs elan olunub.

Həmin gün yağış yağırdı, hər yer palçıq idi. Ön mövqedən 60 kilometrə qədər geriyə getmişəm. Elə oldu ki, bizim mübahisəmiz çox kəskinləşdi. Həmin vaxt silaha da əl ata bilərdim. Əgər indi sağdırsa, Nurəddin Sadıxovla o söhbətimizi Qubadlı briqadasının komandiri Balağa Rzayev də təsdiqləyə bilər. Dedi, iki dövlər arasında atəşkəsdir və buna əməl etməlisən. Mən orada söhbət edən zaman Əliyar Əliyev hücuma davam edib önə getmişdi. Ayın 3-də Əlyar Əliyev şəhid oldu. Ancaq bundan xəbərim yox idi. Çünki generalla Qubadlıda söhbətdə idim.

Sentyabrın 29-da Mığıdərədə ermənilərin Korpus qərargahından xəritə əldə etmişdim. Həmin xəritədə göstərilirdi ki, erməni birləşmələri Qarabağdan başqa, Ağcabədi körpüsünə, Ağgölə və Daşburun istiqamətinə irəliləməlidirlər. Həmin xəritəni Müdafiə Nazirliyinə göndərmişdim. İndi Nurəddin Sadıxov həmin xəritəni mənə göstərir ki, sən qayıtmalısan Beyləqana, ermənilərin qarşısını almağa. Biz isə həmin vaxt oturmuşduq Laçın dəhlizində.

Biz buradan imkan verməyəcəkdik ki, ermənilər hansısa istiqamətdə irəliləsinlər. Dedi, sən əmrə tabe olmursan, geriyə Beyləqana getməli və oranı möhkəmləndirməlisən. Söhbətdən çıxıb geri qayıdanda – Muradxanlıdan Səfiyan istiqamətinə gedəndə gördüm ki, 300-dən çox əsgər və bir neçə BMP-dən ibarət dəstə gəlir. Leysan yağır. Maşını saxladıq. Kəşfiyyat rəisi Yaqub da mənimlə idi. Tez maşından düşdüm, avtomatı çəkdim.

Dedim, kimsiniz, hara gedirsiniz? Dedilər ki, bizim komandir şəhid olub, onu dəfn etməyə aparırıq. Dedim, sizin başınız xarabdı? Mənim gənc əsgərlərim öndə durub, siz mövqeləri qoyub niyə gedirsiniz? Siz geri qayıtmasanız, əsgərlərim mühasirəyə düşəcəklər. Mütləq geri qayıtmalısınız. Dedilər, biz sizinlə ölümə də gedərik, ancaq bizim briqada komandirimiz Balağa Rzayev bir gün də cəbhə xətində olmayıb. Bizim dərdimizə-sərimizə baxan yoxdur. Dörd gündür, burada döyüşürük, ancaq bizə çörək verən yoxdur, ayaqqabı yoxdur, pul yoxdur, paltar yoxdur. Hiss elədim ki, bunların arasında təxribatçılar var. Bir neçəsi arada deyirdi, siz onunla niyə danışırsınız, o bizim komandirimiz deyil.

Təxribatın olduğu açıq-aydın görünürdü. Gördüm, vəziyyət çox gərgindir, avtomatı da çəkmişəm ki, kimsə getsə, güllələyəcəm. Həmin vaxt BMP heyəti qaça-qaça yanıma gələrək dedilər, komandir, biz sizinlə ölümə də gedərik, ancaq siz bunları saxlaya bilməzsiniz. O zaman zəng vurdum Balağa Rzayevə. Dedim, çıx, Muradxanlı kəndinin girəcəyində bunların qarşısını al, çünki əks halda, mənim gənc əsgərlərim mühasirəyə düşəcəklər. O da onların qarşısını almağa getmişdi. Güllə atılmışdı, Balağa Rzayev oradan geri çəkilməli olmuşdu.

– Demək, Əlyar Əliyevin şəhid olması ilə batalyon dağıldı.

– Bəli.

– Əlyar Əliyevin ölümü ilə bağlı çox fərqli versiyalar irəli sürülür. Sizdə bu barədə nəsə məlumat var?

– Hadisə baş verən zaman Qubadlıda idim. Əlyarın batalyonu hücum edirdi, ermənilər davam gətirməyərək, mövqeləri qoyub qaçırdılar. Bununla belə, düşmənin snayperləri, artilleriyası işləyirdi.

Bir misal çəkim. O batalyon mövqeləri tərk edən zaman sol cinahımız boş qalmışdı. Qubadlının polis rəisi olan Elbarizə zəng vurdum. Dedim, kömək gəlməlidir, sol cinahı bağlamaq lazımdır. Dedi, İsgəndər Həmidov 100 nəfərə yaxın polis göndərib, onları gətirəcəm Səfiyana, gəl, tapşırıqlarını ver. Mən də bir neçə kəşfiyyatçı ilə getdim Səfiyana. Gördüm, 100 nəfərə yaxın polis oturub. Biz çatana qədər ermənilər “Qrad” atmışdılar, 3 nəfər şəhid olmuşdu.

Həmin gün o 3 nəfərə Milli Qəhrəman adı verdilər. 51 nəfərim şəhid oldu, ancaq onlara heç 5 manat pul da yazmadılar. Onlara dedim, görürsünüz, hələ mövqeyə çıxmamısınız, 3 nəfər şəhid oldu. Müharibədir, hər şey ola bilər.

Mənə bir diplomat pul təklif etdilər ki, bizi ön xəttə göndərməyin. Dedim, elə şey yoxdur, mənim əsgərlərim heç kəsdən nə artıqdır, nə də əskik. Narahat olmayın, sol cinahdan ciddi döyüşlər olmur, əsas işiniz düşmənin təxribat qruplarını arxaya buraxmamaqdır.

O polisləri Azərbaycan-Ermənistan sərhədində yerləşdirdim. Bundan əlavə, narahat olmamaları üçün onlara bir tağım da verdim, görsünlər ki, bizdən də dəstək var. Həmin gecə həqiqətən də, ciddi təxribatla üzləşdik. Güclü döyüş oldu, ancaq biz düşməni geri oturtduq. Əraziyə baxmağa gedəndə gördüm ki, orada yenə üç nəfər şəhid olub. Postda dörd nəfər qalmışdı, qalanları qoyub qaçmışdılar.

Onlar açıq deyirdilər ki, biz rəis müavinləriyik, şöbə müdirləriyik, bizə rütbə, vəzivə lazımdır. Bizə deyiblər ki, siz müharibəni keçməsəniz, sizə rütbə, vəzifə verilməyəcək. Onlar 7-8 gün mütləq müharibədə iştirak etməli idilər.

Nurəddin Sadıxov ayın 8-də məni yenidən çağırdı. Ermənilər hücum əməliyyatına hazırlaşırdılar. Sadıxovdan soruşdum ki, Kəlbəcər briqadası necə oldu? Dedilər, onları geri çağırıblar, parada hazırlaşırlar. Dəhşətə gəldim. Hansı parad?

Nurəddin Sadıxov mənə dedi ki, üç gün vaxt verirəm, qüvvələri cəmləyib Lənkərana, oradan da Ağcabədi-Beyləqan istiqamətinə getməlisiniz. Əvvəlcə dedim ki, buranı tərk etməyəcəm. Bizə kömək göndərin ki, əməliyyatı davam etdirək. Əliyar Əliyevin şəhid olması və bizim geri çağırılmağımız ucbatından plan baş tutmadı.

– Laçın dəhlizinə gedəndə şəxsi heyət neçə nəfərdən ibarət idi?

– 1400 nəfər idi. Sonra Ağdərədən bir bölük köməyə gəldi. Kasapet yüksəkliyi götürüləndən sonra bizə kömək lazım idi. Bakıdan göndərilməli olan kömək gəlib çıxmadı. Bizə Bakıdan artilleriya göndərmişdilər.

Nurəddin Sadıxov cəbhə xəttini yoxlamağa gələndə gördü ki, orada ruslar da var. Açığı, ruslar çox yaxşı döyüşürdülər, haranı lazım idi vururdular. Onların üstünə qışqırdı ki, siz ruslar bizə lazım deyilsiniz, bizim öz ordumuz var, döyüş mövqeyini tərk edin.

Mənə kəşfiyyat rəisi Yaqub xəbər verdi ki, general rus artilleriyaçılarını mövqedən qovur. Təcili həmin əraziyə gəldin. Rus polkovnik-leytenant dedi ki, biz belə generallara xidmət etmək istəmirik. Onlar iki nəfər – bir kapitan, bir də baş leytenant itki vermişdi. Onlar getmək üçün məndən icazə istədilər. Maşın təşkil edib, onları göndərdik.

Sonra zəng etdim ki, mənə artilleriya lazımdır. Bakıdan, Bağırovun komandirliyi altında artileriya qurğusu göndərdilər. Ona koordinatları verdik, atəşə hazır vəziyyətə gətirildi. Birdən mənə informasiya gəldi ki, ermənilər 40-a yaxın texnika ilə hücuma keçiblər. Bilirdik ki, hücum edənlər ruslardır. Özümü Mığıdərəyə çatdırdım. Ermənilər hərəkət edəndə atəş əmri versəm də, atəş açılmadı. Bunun səbəbini öyrənmək üçün rabitə əlaqəsi yarada bilmədim, kəşfiyyatı göndərdim, xəbər gətirdilər ki, artilleriya artıq Bakıya yola salınıb. Deyiblər ki, parad üçün aparılır.

Təsəvvür edin, ermənilər onlarla texnika ilə hücuma keçirlər, bizim artilleriya isə parada göndərilir. Onda məcbur oldum, “zenitka”ları və minaatanları birbaşa nişangaha çıxardım. Ermənilərin üç tankı vurulandan sonra geri çəkildilər. Düşmən tankları zəncirvari düzülərək, bizim mövqeləri vurmağa başladılar. Bu döyüşlərdə 7 zenitçidən 4-ü şəhid oldu, 3-ü yaralandı. Bax, o parad məsələsi bizim başımıza belə bir oyun açdı.

Ayın 7-sindən 8-nə keçən gecə ermənilərin əks-hücumu nəticəsində biz çoxlu itki verdik və geri çəkilməyə məcbur olduq. Qüvvələrimiz tükənmişdi, bu döyüşlər ərzində çox sayda ölən və yaralananlarımız var idi. Biz plana uyğun olaraq Laçın dəhlizini nəzarətə götürərək, qarşımıza qoyulan məqsədə nail olduq. Lakin rəhbərliyin qeyd etdiyim addımları nəticəsində biz tükənməkdə olan qüvvəmizlə döyüş meydanında tək qaldıq və nəticədə yüzlərlə vətən oğlunun qanı, canı bahasına işğaldan azad edilmiş torpaqlar yenidən düşmən əlinə keçdi. Bütün bunlar məni çox sarsıtdı. Bu nə oyunlar idi? Deməli, bu qədər döyüşçü nahaq yerə vuruşub şəhid oldu?

Baş verənlərdə bir hərbi hissə komandiri kimi özümü də günahkar sayırdım. Ona görə də öz KUNG-umda oturub tabel silahımı qarşıma qoyub fikirləşirdim. Niyə belə oldu? Biz bu qədər əziyyət çəkdik, döyüşdük, torpaq azad etdik. Lakin kimlərsə bizim üzərimizdən oyunlar oynadılar. Bundan sonra öz əsgərlərimin üzünə necə baxacam? Onların bu haqda suallarına nə cavab verəcəyəm?

Bunları düşündükcə, intihar etmək istəyirdim. Bu zaman kəşfiyyat komandiri Yaqub Nəhmətov yanıma gəldi. Vəziyyəti görən kimi nə etmək istədiyimi başa düşdü. Mənimlə söhbətə başladı ki, komandir hələ hər şey bitməyib, özünüzü ələ alın. Briqadanın sağ qalan qüvvələrini səfərbər edərək, düşmənin əks-hücumlarının qarşısı alınmalıdır.

Səhər bütün qüvvələri səfərbər edərək, əks-hücuma keçib itirilmiş mövqelərin bir qismini bərpa etdik. Lakin Laçın dəhlizi ermənilərin nəzarətində qaldı.

Bundan sonra bizi dəyişməyə başladılar . Mən də hərbi hissənin şəxsi heyətini Xanlıqdakı qərargaha toplamağa başladım.

Haradasa oktyabrın 12-də Balağa Rzayev gəldi ki, bəs ermənilər güclü hücuma keçiblər, onların qarşısını almaq lazımdır. Dedim, mənə əmr olunub ki, buranı tərk edim. Dedi, xahiş edirəm, onların qarşısını alaq. Onda yenidən əmr verdim, gəldik Muradxanlı yolunda gizli postlar qurduq. Ermənilər çox sayda canlı qüvvə ilə irəliləyirdilər. Komandirləri polkovnik-leytenant Mardanyan idi.

Dedim, düşməni 200 metrə qədər yaxına buraxaq, hamı mənim əmrimi gözləsin. Ermənilərə 200 metrə qədər yaxınlaşmağa imkan verdik. Ardınca bütün silahlardan atəş əmri verdim. Ermənilərin orada olan komandirləri sonradan yazırdılar ki, orada bizi elə günə qoydular, heç başımızı qaldıra bilmədik, nəfəsimizi bir də Ermənistanda dərdik. Onda Balağa Rzayev gəldi, məni qucaqladı, təşəkkür etdi.

Dedim, ölüsü də sənin, dirisi də sənin, texnikaları da sənin, biz getdik. Bizi əvəz etmək üçün oraya başqa qüvvə göndərilmişdi.

Hərbi qayda belədir ki, hücum edən tərəfin itkisi daha çox olur. Ancaq bizdə bu praktika yox idi. 820 saylı hərbi hissə bir aya yaxın müddətdə 100-dən çox şəhid verdi, nə qədər yaralılar oldu, ancaq əvəzolunma yox idi. Halbuki bizə söz vermişdilər ki, yenilənmə olacaq.

Ardı var…

Səxavət Məmməd

COP29

www.yenicag.az

4089
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv