!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Döyüşdə formalaşan Azərbaycan Ordusu - Səxavət Məmməd yazır

Bilmirəm, tarixin ironiyasıdır, yoxsa alın yazısı, Azərbaycan Ordusunun hər iki yaranışı məhz ermənilərin təcavüzü ilə bağlıdır. Müstəqil dövlətlərin yaranaşına baxdıqda böyük inqilablar, parçalanmalar, vətəndaş müharibələri, qan görürük. Məhz bu səbəbdən də hər bir müstəqil dövlətin ilk işi özünün təhlükəsizliyini qorumaq üçün ordu formalaşdırmaqdır. Azərbaycan bu prosesi bəlkə də ən pis, ən ağır formada yaşayan ölkələrdən biridir.

1918-ci ildə Azərbaycan müstəqillliyini elan edir, paytaxtı olacaq Bakı şəhərinə gəlmək üçün çox ağır və qanlı döyüşlərdən keçməli olur…

Eynilə 1991-ci ildə SSRİ-dən ayrılıb müstəqilliyini elan edən Azərbaycan yenə müharibə ilə üz-üzə idi. Əslində, bu müharibə çoxdan başlamışdı. 1980-ci illərin sonu artıq Qarabağda mitinqlər, daşlaşmalar baş verirdi. 1988-ci il fevralın 22-də səhər saatlarında Ağdamda silahsız azərbaycanlıların kütlə halında Əsgərana doğru hərəkət edərək SSRİ rəhbərliyindən ədalətsizliyə son qoyulmasını tələb etdiyi zaman Əli Hacıyev və Bəxtiyar Quliyevin şəhid olması prosesin kluminasiya nöqtəsi idi.

Ardınca özünümüdafiə dəstələri, batalyonları yaradıldı. Uzun müddət müharibəni güc strukturları, xüsusi xidmət orqanları və OMON (Xüsusi Təyinatlı Polis Dəstəsi) apardı. 1991-ci ilin mayında rəsmi olaraq “pasport yoxlanılması” adlanan Çaykənd əməliyyatı və ya “Halqa” əməliyyatı həyata keçirildi.

1992-ci ilin may ayında Ağdamda Şirin Mirzəyevin rəhbərliyi ilə üç tabordan ibarət alay, daha sonra varisi olduğumuz Cümhuriyyətin yaşadığı günlərin sayı qədər – 701 saylı hərbi hissə yaradılır.

Birinci Qarabağ müharibəsinin ilk mərhələsində peşəkar hərbçilərdən daha çox mülki şəxslər öz ətraflarına etibar etdikləri şəxsləri yığaraq batalyonlar yardıb döyüşürdü. Məğlubiyyətlər, şəhidlər çox olsa da, peşəkar olmayan komandirlərin çox ciddi uğurlu əməliyyatları da olub. Allahverdi Bağırov, Fred Asif (Asif Məhərrəmov), Əliyar Əliyev, Mehman Ələkbərov, “Qatır Məmməd” ləqəbli Rzayev Yaqub və neçə belə şəxslər canları, qanları bahasına batalyon qurub, döyüşüblər. Müharibə gedə-gedə Azərbaycanda ordu formalaşmağa başladı. SSRİ-də xidmət edən zabitərin bəziləri qaçaraq, bəziləri isə ərizə yazaraq Azərbaycana qayıtdı və birbaşa müharibəyə yollandılar. Azərbaycan ordusu döyüşə-döyüşə yaranmağa, formalaşmağa başladı.

Erməni silahlıları Qarabağı və ətraf rayonları işğal edərək öz əsarətində saxladı. Bu proses 30 ilə yaxın davam etdi. 1994-cü ildə əldə edilən atəşkəs razılaşması taqətdən düşmüş, daha çox ərazi işğal etmək iqtidarında olmayan Ermənistan Ordusunun “sakitləşməsi” fonunda torpaqlarını azad etmək gücündə olmayan Azərbaycan Ordusu üçün növbəti müharibəyə hazırlaşma fürsəti yaratdı.

Azərbaycan qısa zaman sonra neftdən gələn gəlirlərlə büdcəsini doldurmağa və böyütməyə başladı. Gəlirlər xaricdən müasir silahlar əldə eetməyə, kursantların, zabitlərin başqa ölkələrdə təhsil almalarını təşkil etməyə imkan yaratdı. Bu illər ərzində Azərbaycan Ordusunda neqativ hallar da az olmadı: Yeyintilər, rüşvət, korrupsiya, cəsusluq qalmaqalları. Erməni tərəfi də boş dayanmamışdı. Məşhur “Ohanyan səddi”ni çəkmişdi. Milyonlar xərcləyərək bunkerlər inşa edib, müdafiənin bütün detallarını işləmişdilər.

Əslində, müharibədəki məğlubiyyət həm də Azərbaycan xalqının başını aşağı etmişdi. Ermənilərin qalib ədası sərgiləyərkən azərbaycanlılar da hər fürsətdə “Belə güclüsünüz, gedin torpağınızı işğaldan azad edin” töhməti ilə üz-üzə qalmışdı.

İlk dəfə 2016-cı ilin aprel döyüşlərindən sonra Azərbaycan insanının başı dikəldi. Kiçik də olsa, qalibiyyət, insanları silkələdi.

Tarix boyu yaşadığımız coğrafiya müharibə meydanı olub. Müharibənin olacağı qaçınılmaz idi. Ağlı başında olan adamlar bilirdilər ki, sülh sazişi yalnız müharibənin sonunda imzlana bilər.

Müharibədən əvvəl Tovuz hadisələri baş verdi. General-mayor Polad Həşimovun şəhid olması Azərbaycan xalqını, sözün əsl mənasında, yerindən oynatdı. Müharibə çağırışları bəlkə ilk dəfə idi ki, bu qədər artırdı. Nəhayətində gəlməkdə olan yetişdi. Sentyabr ayının 27-i bütün cəbhə boyu əks-hücm əməliyyatları başladı və Azərbaycan 44 gün ərzində işağlda olan torpaqlarının böyük hissəsini azad edə bildi. Bu qələbə 3 minə yaxın şəhid, 10 mindən çox qazi, xalqın milyonlarla pulu və mənəvi dəstəyi hesabına başa gəldi.

Bütün iqtisadi, sosial problemlərə rəğmən, sınmış qürur bərpa edildi, ölkə daxilində qarabağlılara, ölkə xaricində azərbaycanlılara edilən tənələr tarix oldu.

Sayları az da olsa, Vətən müharibəsində Birinci Qarabağ müharibəsi iştirakçıları ilə ikincilər çiyin-çiyinə oldular. Onların da arzuları çin oldu…

Azərbaycan Ordusu tarixində ilk dəfədir ki, yarandığı gününü qalib kimi qeyd edir. Bu qələbədə payı olan şəhidli-qazili, ən qaynar nöqtələrdə döyüşənindən, yemək bişirəninə qədər – hər kəsə sonsuz təşəkkür düşür.

Bayramımız mübarək!

www.yenicag.az

567
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100