2018-ci ilin avqust ayında Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən sərhədboyu zona ərazisində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, həmçinin 1 nəfər əcnəbi vətəndaş tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb.
DSX-dan Yenicag.az-a verilən məlumata görə, birinci hadisə 3 avqust tarixində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti sahəsində baş verib.
Qabaqlayıcı əməliyyat məlumatı əsasında Cəlilabad rayonu Suluçeşmə kəndinin yaxınlığında “Pusqu” sərhəd naryadının xidməti təşkil olunub. Saat 01:30 radələrində VAZ-2172 markalı 99-GL-017 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin həmin əraziyə yaxınlaşması, avtomobildən düşən 1 nəfər şəxsin yol kənarından ağ rəngli bağlamanı götürməsi müşahidə olunub.
Həmin şəxs sərhəd naryadı tərəfindən təqib edilərək yaxalanıb, əlindəki bağlamada 3 kq tiryək aşkar olunub. Saxlanılmış şəxsin Azərbaycan Respublikasının vətəndaşı Cəlilabad rayonunun sakini 1987-ci il təvəllüdlü Baxşəliyev Xəyal Əli oğlunun olması müəyyən edilib.
İkinci hadisə 8 avqust tarixində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Həmin tarixdə Astara rayonunun Alaşa kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən qeydə alınıb və sərhəd zastavasına məruzə olunub.
Sərhəd zastavasının şəxsi heyəti “Silaha” komandası ilə qaldırılıb və hadisə yerinə hərəkət edilib. İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozaraq mühəndis-texniki çəpərə doğru hərəkət edən 1 nəfər şəxs saxlanılıb. Şəxsiyyətini təsdiq edən heç bir sənədə malik olmayan sərhəd pozucusu İran İslam Respublikasının vətəndaşı 1996-cı il təvəllüdlü Əli Abdullanicat Soltanhüseyin olmasını bildirib, üzərində 1 ədəd mobil telefon, 2800000 İİR rialı, 1 ədəd kəsici bıçaq, 1 ədəd qızıl üzük və 1 ədəd bankomat kartı aşkar olunub.
Saxlanılmış şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
www.yenicag.az