Min bir aydan xeyirli Qədr gecəsi Ramazanın 27-ci gecəsində özünü göstərdi
Dünən Qədr gecəsi olub. Bu barədə YENİCAG.AZ-a məlumat verən dindarlar bildiriblər ki, dünənki gecədə Qədr gecəsinin bütün əlamətləri mövcud olub. Belə ki, cümə gününə təsadüf edən Ramazan ayının 27-ci gecəsi barədə rəvayətlər mövcuddur.
Məsələn, Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhabəsi olan Ubey İbn Kəb (Allah ondan razı olsun) Belə demişdir: “O bir olan Allaha and olsun ki, (Qədr gecəsi) Ramazan ayındadır. Allaha and olsun ki, mən bilirəm o hansı gecədir. Peyğəmbər (səllallahu aleyhi və səlləm) bizə həmin gecəni namaz qılmağı əmr etmişdir. O 27-ci gecədir. Onun əlaməti odur ki, həmin gün səhər gün ağappaq şüasız çıxır.”
Bu səbəbdən də Qədr gecəsinin əlamətləri aşağıdakı kimidir:
-Həmin gecə sakitlik, əmin-amanlıq olur.
-Möminin qəlbi rahat olur.
-Uca Allah buyurur: “O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır)”.
(əl-Qədr surəsi 5-ci ayə).
-Həmin səhər günəş şüasız olaraq çıxır.
Dünən günəşin doğmasını izləyən dindarlar ağ və şüasız günəşi görüblər.
Bu səbəbdən də hesab olunur ki, dünən gecə həqiqi Qədr gecəsi olub.