!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünya iqtisadiyyatı çökür: Azərbaycan nə etməlidir? - Mütəxəssis ŞƏRHİ

!Reklam – Yazi

“Azəbaycanın qlobal bazarlara ümid bəsləməsi düzgün olmaz”.

Bu sözləri Rusiya-Ukrayna müharibəsinin iqtisadi zərərlərini dəyərləndirən İqtisad Universitetinin professoru Elşad Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda dünya iqtisadiyyatında baş verən proseslər köklü dəyişikliklərə yol açacaq:

“Rusiyaya qarşı sanksiyalar nəticəsində ən çox zərər çəkən tərəf Avropa İttifaqı olacaq. Çünki Avropanın enerji daşıyıcılarının idxaldan asılılığı kritik səviyyədədir. Enerji daşıyıcıları isə dünya bazarında kəskin şəkildə bahalaşmaqdadır. Bununla yanaşı, sanksiyalar Rusiya iqtisadiyyatına da təsirsiz ötüşməyəcək. Lakin bu təsirlər daha çox Rusiyanın zəngin təbəqələrinə aid olacaq və bu, rus iqtisadiyyatının təmizlənməsi deməkdir. Son 30 il ərzində müxtəlif ekspert hesablamalarına görə, Rusiyadan 1 trilyondan çox dollar kapitalı çıxarılıb. Bu kapital faktiki olaraq Qərb ölkələrinə işləyirdi və Rusiya iqtisadiyyatı üçün elə də xeyir vermirdi. Artıq bundan sonra Rusiyadan kapital qaçışı dayandırılacaq və həmin vəsait daxildə dövr etməklə Moskva üçün böyük imkanlar açacaq.

Ümumilikdə dünya iqtisadiyyatındakı böhranın dərinləşməsi qaçılmazdır. Demək olar ki, qlobal iqtisadiyyat artıq yoxdur. Çünki ABŞ Rusiyaya qarşı defolt elan edib. Bu gün dollar dünya üzrə ehtiyat valyutası olmaq imkanından məhrum olur. Belə ki, dollara istiqamətlənmiş ehtiyatlar çox yüksək riskə malik olur və onların qaytarılmaması ehtimalı açıq şəkildə görünür. Bu gedişat maliyyə sektoru və bütövlükdə iqtisadiyyatda çox böyük dəyişikliklərə səbəb olacaq. Dünya iqtisadiyyatında regionlaşmanın güclənməsi zəruridir və bu artıq labüddür. Ona görə də artıq istehsal zəncirləri sınır, qiymətlər artır, aparıcı valyutalar dəyərdən düşür”.

Mövcud tendensiyanın Azərbaycana təsirlərinə də toxunan Elşad Məmmədov bildirib ki, dünya bazarında olan problemlərin ölkə iqtisadiyyatına mənfi təsirinin qarşısını almaq üçün iqtisadi inkişafa daha çox diqqət yetirilməlidir:

“Ölkəmizdə qiymət artımı davam edəcək. Çünki idxaldan asılılıq yüksək səviyyədədir. Asılılığın yüksəkliyi qiymət artımını ölkəmizə idxal etmək mənasına gəlir. Bu vəziyyətdən çıxış yolu kimi qonşu dövlətlərlə iqtisadi əlaqələrin gücləndirilməsi və yerli istehsalın lokallaşdırılmasına ehtiyac var. Qlobal bazarlara ümid bəsləmək düzgün olmaz. Qlobal bazarlar artıq çökür və belə olan halda, regional iqtisadi inkişafa daha çox sərmayələr qoyulmalıdır”.

Qeyd edək ki, ABŞ və Avropa ölkələri Rusiyanın bu ölkələrdəki bank aktivlərini, bir çox şirkət və rəsmi şəxslərinin hesablarını bloklayıb. Ancaq sanksiyaların daha da artacağı və görünməmiş səviyyəyə çatacağı vəd edilir.

Gülşən Şərif

www.yenicag.az

576
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv