Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Dünya Səhiyyə Təşkilatından XƏBƏRDARLIQ - Qida xəstəlikləri 420 min insanı öldürüb

Milyonlarla insan qida zəhərlənmələri nəticəsində xəstələnir və həyatdan köçürlər. Əddis-Əbəbədə (Efiopiya) açılan Qida Məhsullarının Təhlükəsizliyi məsələlərinə dair Birinci Beynəlxalq Konfransın iştirakçıları bu tendensiyanın qarşısını almaq məqsədilə müzakirələr aparırlar.

Yenicag.az xəbər verir ki, konfrans BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Dünya Səhiyyə Təşkilatının (DST) himayəsi ilə keçirilir.

Hər il 600 milyon insan tərkibində bakteriya, virus, parazit, toksin və kimyəvi preparatlar olan qida məhsullarının qəbul edilməsi nəticəsində xəstələnir. İldə 420 min insan qida zəhərlənməsi nəticəsində ölür. Keyfiyyətsiz yeməklər təxminən yüzlərlə yoluxucu və hətta qeyri-yoluxucu xəstəliklərin, o cümlədən xərçəng xəstəliklərinin səbəbi ola bilər.

“Qida məhsulları xəstəliyin və ölümün səbəbi deyil, doyma və həzzin mənbəyi olmalıdır. Keyfiyyətsiz yemək ildə yüz minlərlə ölümə səbəb olsa da, indiyədək bu problemə lazımi diqqət yetirilimir”, – deyə DST-nin baş direktoru Tedros Adhanom Qebreyesus konfransın açılışındakı çıxışında bildirib.

DST rəhbəri qeyd edib ki, qloballaşma şəraitində ərzaq məhsullarının təhlükəsizliyi hər birimizin problemidir. Konfransda 130 ölkədən nümayəndələr – səhiyyə, kənd təsərrüfatı nazirləri, alimlər, həmçinin qida məhsulları istehsalçıları, istehlakçılar və distribütörlərin təmsilçiləri iştirak edir. Onlar qida məhsullarının təhlükəsizliyinə dair problemlərin həlli yollarını müəyyən edəcəklər.

Ekspertlər əmindirlər ki, istehlakçıları təhlükəsiz ərzaqlar barədə məlumatlandırmaqla nəinki xəstəliyin dairəsini, həmçinin iqtisadi zərəri də azaltmaq mümkündür. Axı qida zəhərlənmələri yoxsul və orta inkişaf səviyyəli ölkələrdə məhsuldarlığın aşağı düşməsinə, iqtisadi itkilərin həcminin 95 milyard dollara çatmasına gətirib çıxarır.

2050-ci ilədək əhalinin üçdə ikisi 10 milyondan çox sakini olan nəhəng şəhərlərdə yaşayacaq ki, bununla bağlı ərzağın paylaşdırılması və qida tullantılarının işlədilməsi kimi məsələlərdə əlavə investisiyalar tələb ediləcək. İqlimin dəyişməsi ilə patogen və mikotoksinlərin, dəniz biotoksinlərinin və kadmium, civə və s. kimi ağır metalların qidalara düşmə mexanizmi də dəyişir.

Bu problemin qlobal miqyasını nəzərə alaraq, 2018-ci ilin dekabrında Nyu-Yorkda BMT-nin mənzil-qərargahında Baş Assambleyanın 73-cü sessiyasının nümayəndələri iyunun 7-sini Dünya Qida Məhsullarının Təhlükəsizliyi Günü elan ediblər. BMT Baş Assambleyasının üzvləri qeyd ediblər ki, ərzaq istehsalı-satışı əməliyyatları zənciri xeyli mürəkkəbləşib, ərzaqla bağlı hər hansı neqativ hallar dünya əhalisinin sağlamlığı, ticarət və iqtisadiyyat üçün ciddi fəsadlar doğura bilər.

BMT Baş Assambleyasının üzvləri xatırladıblar ki, Dünya Səhiyyə Təşkilatı qida məhsullarının beynəlxalq standartlarının işlənib hazırlanmasında aparıcı rol oynamalıdır. Onlar dövlətləri istehlakçıların sağlamlığını qorunmağa çağırıblar.

Ərzaq təhlükəsizliyi ilə bağlı növbəti tədbir aprelin 23-24-də Cenevrədə keçiriləcək./AZƏRTAC /

www.yenicag.az

1275