!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünya siyasi arenasında Azərbaycanın YERİ: Rəsmi Bakının balanslaşdırılmış siyasəti - TƏHLİL

!Reklam – Yazi

Bu gün ölkəmizin dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi siyasəti Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi kursa əsasən balanslaşdırılmış və çoxşaxəli formada davam etdirilməkdədir.

İkitərəfli əlaqələrin inkişafına önəm verən Azərbaycan, ilk növbədə, qonşu dövlətlər olan Türkiyə, Rusiya və Gürcüstan ilə qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlığını genişləndirməkdədir. Azərbaycan həm də region dövlətləri arasındakı münasibətlərin geniş potensialından yararlanmaq məqsədilə yaradılan üçtərəfli formatların fəal iştirakçısıdır. Beynəlxalq münasibətlərin fəal iştirakçısı olan Azərbaycan xarici siyasətində qlobal və regional səviyyəli nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa da böyük önəm verir. Ölkəmiz, həmçinin Avropa İttifaqı, NATO kimi təşkilatlarla siyasi, iqtisadi, təhlükəsizlik kimi sahələrdə sıx əməkdaşlıq edir. Bütün bunlar onu göstərir ki, Azərbaycan beynəlxalq birliyin müstəqil və tamhüquqlu subyekti kimi öz milli maraq və mənafelərini qarşılıqlı hörmət və ortaq faydalanma prinsipləri çərçivəsində həyata keçirir. Reallaşdırılan çoxvektorlu və uzaqgörən xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb, eləcə də ölkəmizin beynəlxalq arenadakı mövqeyi möhkəmlənib.

Mövzu ilə bağlı siyasi şərhçi Aqşin Kərimov Yenicag.az-a açıqlamasında bildirib ki, Azərbaycanın xarici siyasət kursu beynəlxalq münasibətlər sistemində kəskin qütbləşmə yaradan və həmin xətlərin başında dayanan əks tərəflərə tərəfdaşlıq prinsipləri ilə yanaşmaya əsaslanır:

“Bakı həm Moskva, həm Qərb, həm də Çin siyasətini inkişaf etdirir, təbii ki, hərdən maraqların oxu bəzi məqamlarda birinə üstünlük verilməsi ilə şərtlənir. Bu bəzən ölkənin yerləşdiyi geostrateji mövqedən asılı olur. Məsələn, Rusiyanın regiona yaxınlığı Azərbaycanın regional mövzularda Moskva ilə əməkdaşlıq platforması qurmasına yardımçı olur. Lakin bu, Azərbaycanın Avroatlantik məkanda təhlükəsizlik sisteminin yaradılması üzrə səylərə dəstək verməsinə mane olmur və Bakı NATO ilə də qarşılıqlı maraqlar əsasında əməkdaşlığını davam etdirir. Azərbaycanın Britaniya və Çinlə də yaxşı münasibətləri mövcuddur. London Bakını regiondakı tərəfdaşı, Çin isə özünün perspektiv əhəmiyyətli iqtisadi partnyoru kimi qiymətləndirir.

Azərbaycanın Fransa ilə münasibətləri isə çox nahamar meyillər relyefindədir. Çünki Bakı və Parisin Cənubi Qafqazdakı təhlükəsizlik qavrayışlarına dair təsəvvürləri bir-biri ilə ziddiyyət təşkil edir. Bu beş dövlətlə Azərbaycanın münasibətlərinin ümumi məzmunu əks etdirən fikirləri ona görə səsləndirdim ki, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Demək ki, dünyanın təhlükəsizlik arxitekturasını şəkilləndirən beş həlledici gücün içərisində Azərbaycanın səylərinə yeganə əsaslı problem yarada biləcək Fransadır. Ancaq istər Qərbdə, istər Çində, istərsə də Rusiyada Azərbaycanın artan əhəmiyyətinə diqqəti Fransa kimi oyunçunu neytrallaşdırır. Azərbaycanın BMT-dəki səyləri, NATO ilə əməkdaşlıq platforması, Qoşulmama Hərəkatındakı aktiv fəaliyyəti və sair Bakının beynəlxalq təşkilatlarla davranış modelinin nümunələridir.

Azərbaycan Cənubi Qafqazda yaranan yeni reallıqlar kontekstində beynəlxalq təşkilatlarla fəal iş səviyyəsinin həcmini genişləndirir və Ermənistanın beynəlxalq ədalət mühakiməsinə verilməsi üçün aktiv iş aparır. Azərbaycan münaqişə zamanı və 44 günlük Vətən müharibəsində dünyada məşhur erməni iş adamlarının Ermənistana silah-sursatla və terrorçu dəstələrlə yardımçı olması haqqında məlumatlara sahibdir, lakin müəyyən səbəblərdən onlar detallı açıqlanmır. Ona görə də Azərbaycan beynəlxalq təşkilatlara təqdim etdiyi dəlillərin inandırıcılığını artırmaq üçün diplomatik-siyasi səylərini gücləndirməlidir. Azərbaycan erməni diasporunun terrorçuların yetişdirilməsi üçün fəaliyyətini dəyərləndirən bir beynəlxalq komitənin yaradılmasına nail olmalıdır. Necə ki dünyada “Əl-Qaidə” komitəsi kimi bir qurum terrorçuluğu maliyyələşdirən şəxslərin beynəlxalq və yerli siyahısını dərc edir”.

Politoloq Əziz Əlibəyli isə, öz növbəsində, vurğulayıb ki, Azərbaycanın beynəlxalq birliyə inteqrasiyasını iki mərhələyə bölmək olar:

“Birinci 2020-ci ilə qədər olan mərhələdir. Beynəlxalq birliyə inteqrasiya Azərbaycanın BMT-yə üzv qəbul olunması ilə başlayıb. Sonrakı müddətdə ölkəmizin regional təşkilatlara, Müstəqil Dövlətlər Birliyinə, İslam Əməkdaşlıq Təşkilatına üzvlüyü kifayət qədər əhəmiyyətli təsirə malik olub. Avropa Şurasına üzvlük isə çox ciddi hadisədir. Bu mənada, Azərbaycanın idarəetməsində, qanunvericiliyində, vətəndaş cəmiyyətinin təşəkkül tapmasında, beynəlxalq hüquqi dəyərlərin əks olunmasında beynəlxalq təşkilatlar mühüm rol oynayır. Ən vacib mərhələlərdən biri Azərbaycanın Qoşulmama Hərəkatı ailəsinin sıralarına qoşulmasıdır. Bu addım regional və qlobal təhlükəsizlik və sülh axtarışı nöqteyi-nəzərindən vacib idi. Nəzərə almaq lazımdır ki, yaşadığımız müasir dünyada beynəlxalq hüququn mütəşəkkil tapdığı sistem olan BMT sıradan çıxmaq üzrədir. Bir sıra beynəlxalq güc mərkəzləri beynəlxalq hüququn prinsiplərindən imtina etməkdədir. Belə bir şəraitdə Azərbaycan Qoşulmama Hərəkatı ilə sülhün təşəkkül tapması yönündə çox ciddi tədbirlər həyata keçirməyə başladı.

İkinci isə Vətən müharibəsindən sonrakı mərhələdir. Hazırda dünyada beynəxalq sistem sıradan çıxıb. Söhbət təkqütblü dünyadan gedir. Bu gün bir neçə güc mərkəzi meydana çıxıb. Bura Avropa İttifaqının, ABŞ-nin və digər ölkələrin güc mərkəzləri daxildir. Güman ki, Rusiya-Ukrayna müharibəsindən sonra güc mərkəzlərinin sayı çoxalacaq. Bu baxımdan, qlobal və regional güc mərkəzlərində sürüşmə prosesi var. Ona görə də Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı xüsusi bir mərhələyə qədəm qoymaqdadır. Sonuncu dəfə Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıq sazişinin imzalanması ayrı kontekstdə ölçülməlidir.

Müharibədən sonra ərazilərimizin bərpa olunması, insan haqları nöqteyi-nəzərindən müharibə cinayətləri törədən düşmən cəbhəsində qərarlaşan şəxslərin mühakiməyə cəlb olunması, ərazilərin minalardan təmizlənməsi prosesi və bölgədə sülh müqaviləsinin imzalanması ilə bağlı müzakirələr fonunda beynəlxalq təşkilatlarla əməkdaşlıq özünün yüksək səviyyəsinə qədəm qoymaqdadır. Təbii ki, bu gedişat son deyil. Bu gün beynəlxalq güc vektoru Qərbdən Şərqə doğru yönəlməkdədir. Rusiya-Ukrayna müharibəsi isə yeni yola ehtiyac olması reallığını ortaya qoyur. Mövcud vəziyyətdə optimal yol olaraq Zəngəzur dəhlizi unikal imkan kimi dəyərləndirilir”.

Gülşən Şərif

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda hazırlanmışdır.media_loqo_esas

www.yenicag.az

1122
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv