!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanı böyük müharibələrə hazırlayan “kiçik” sülh müqavilələri – Səxavət Məmməd yazır

!Reklam – Yazi

Dünyada münaqişələrin miqyası genişlənir və bu çərçivədə az qala hər keçən gün daha bir istiqamətdə şaxələnmə baş verir.

Rusiya-Ukrayna, İsrail-HƏMAS müharibəsi fonunda husilər Qırmızı dənizi iflic edib, İran İraqdakı ABŞ hərbi bazalarına ballistik raketlərlə zərbə endirib, bundan əlavə Pakistanın sərhədyanı Bəlucistan vilayətini də raket atəşinə tutub. Bildiyiniz kimi, İran Suriya və İraqda Qərbə qarşı özünə bağlı proksi qüvvələr vasitəsilə savaşırdı. Ancaq indi birbaşa raket zərbələri endirəcək qədər irəli gedib.

Bəzən deyirlər ki, İranın bir nömərəli hədəfi İsraili yer üzündən silməkdir. Bu fikirlə qətiyyən razılaşmıram. Hesab edirəm ki, İranın qarşısına qoyduğu birinci məqsəd ABŞ-ı Yaxın Şərqdən sıxışdırıb çıxarmaq, regionda hegemonluğu əldə etmək, Rusiya və Çinlə strateji müttəfiqliyini möhkəmləndirməkdir. İsrail İran üçün bəlkə də 4, 5, 6-cı dərəcəli məqsəddir. İran hələ ki ABŞ-ı Yaxın Şərqdən sıxışdırıb çıxarmaq üçün əlindən gələni edir.

Bir tərəfdən HƏMAS, digər tərəfdən “Hizbullah”, başqa tərəfdən isə husilər vasitəsi ilə ABŞ-la mübarizə aparır. Suriya və İraqda isə özü birbaşa hərbi müdaxiləyə əl atır. Vəziyyət elə bir həddə çatıb ki, İran İraq ərazisindəki ABŞ hərbi bazalarına ballistik raketlərlə hücum edir, ancaq bu barədə rəsmi Bağdadı məlumatlandırmağa belə lüzum görmür. Pakistanla bağlı da eynilə davranır. Görünən budur ki, bütün dövlətlər açıq oyuna keçib.

Yeri gəlmişkən, İran İraqdakı ABŞ hərbi bazalarıni ballistik raketlərlə vurduqdan sonra iranlı ekspertlər Azərbaycana da söz atmağı unutmadılar. Onlar bildirdilər ki, Azərbaycan bu baş verənlərdən dərs çıxarmalıdır, əks halda, Qarabağdakı hava limanları İran üçün hədəf ola bilər. İran regional üstünlüyü ələ keçirmək üçün milyardlarla dollar pul xərcləyib, özünə döyüş hazırlığı nizami ordulardan da yüksək olan proksi ordular qurub. Yəni İran ciddiyə alınmayacaq güc deyil.

İranın Cənubi Qafqaz, xüsusilə, Azərbaycanla bağlı praktik fəaliyyətə keçməməsinin əsas səbəbi Rusiya faktorudur. Düzdür, bir çoxları bunu daha çox Türkiyə ilə bağlayırlar. Hesab edirəm ki, İran Türkiyədən daha çox Rusiyadan çəkinir. Əgər güc olaraq İran Rusiyanı yox, Türkiyəni daha çox öndə görsəydi, fikrimcə, Türkiyə ilə müttəfiqliyə daha çox can atardı. İran Cənubi Qafqazda Rusiyanın icazə verdiyi qədər aktivlik göstərə bilir.

Eyni zamanda, İran-Çin münasibətləri də tarixinin “qızıl dövrü”nü yaşayır. Bundan əlavə, İran Rusiya ilə strateji müttəfiqlik sazişi imzalayacağını bəyan edib. Dolayısı ilə İran üçüncü məqsədinə də çatmış olur. İran, Çin və Rusiya üçbucağı demək olar, təkqütblü dünya anlayışını artıq sıradan çıxarıb. ABŞ da parçalanmış vəziyyətdədir. Bir yandan İsrail-HƏMAS, bir yandan Qırmızı dəniz, bir yandan Rusiya-Ukrayna, bir yandan İraq, Suriya, bir yandan Şimali Koreya-Cənubi Koreya, bir yandan da Çin-Tayvan gərginliyi…

Bunların hamısına eyni dərəcədə yardım etmək imkansızdır. ABŞ böyük ehtimalla, özü üçün münaqişələri vaciblik dərəcəsinə görə sıralayacaq. Hansı ABŞ üçün daha vacib olacaqsa, oraya daha böyük güc sərf edəcək. Hesab edirəm ki, ABŞ üçün birinci dərəcəli məcələ İsrailə yardım və Qırmızı dənizin deblokadası olacaq. Ukrayna isə ABŞ üçün heç vaxt birinci dərəcəli olmayıb, olmayacaq da. ABŞ sadəcə olaraq, Avropa ilə Rusiyanı üz-üzə qoydu. Avropanın hərbi potensialı nə qədərdir, bu, sual altındadır. Həm mental, həm də kadr potensialı olaraq, Avropa Rusiyadan çox geridə qalır.

Hakimiyyətə qayıdışına ciddi zəmin yaranan Donald Tramp isə bildirir ki, əgər prezident seçilsə, ABŞ NATO-dan çıxacaq. Bu məsələ o qədər ciddidir ki, NATO baş katibi belə bununla bağlı açıqlama vermək məcburiyyətində qaldı. Bir anlıq düşünək, ABŞ NATO-dan çıxsa, yerdə nə qalacaq? Köhnədən ədavətli olan, bir-birini məhv etməyə hazır olan dövlətlər. ABŞ-sız NATO heç nə ifadə etməyəcək. Münaqişələr elə bir həddə gəlib çatıb ki, sülh və atəşkəs sadəcə, müvəqqəti xarakter daşıyacaq. Hətta indiki məqamda imzalanacaq bütün sülh müqavilələri belə müharibəyə hazırlıq üçün vasitə olacaq. Ona görə də, böyük müharibə qaçılmazdır.

Səxavət Məmməd

www.yenicag.az

2087
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv