!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanı dollar ilə hesablaşmağa nə vadar etdi? – Strateji həmlə

!Reklam – Yazi

Niyə dünyada neft ticarət əməliyyatları ABŞ dolları ilə aparılır? Necə oldu ki, hamı ABŞ dolları ilə hesablaşmağa başladı?

Əslində, heç kim heç kimi buna məcbur etməyib – bu strateji üstünlük yaratmaq üçün mövcud reallıqlardan məharətli istifadə idi. Müəyyən məqamda ABŞ mövcud ani vəziyyətdən strateji istifadə etdi.

1944-cü ildə Bretton-Vuds razılaşması çərçivəsində 44 ölkənin valyutasının kursu ABŞ dolları ilə, ABŞ dollarının kursu isə qızıl ilə (1 troy unsiya qızıl 35 ABŞ dolları dəyərində) müəyyən edildi. 1971-ci ildə Nikson dolların qızıl təminatını müvəqqəti olaraq dondurdu.

Dünya Valyuta Sisteminin “sağlamlaşdırılması” məqsədi ilə 1971-ci ildə valyutaların ABŞ dollarına faktiki olaraq yeni, lakin daha çevik bağlılığını təyin edən Smitsonov razılaşması əldə olundu. ABŞ dollarının özü isə 7,7% devalvasiyaya uğrayaraq 1 troy unsiya qızıl 37-38 ABŞ dolları dəyərində müəyyənləşdirildi. 1973-cü ildə ABŞ dollarının qızıl qarşısında növbəti devalvasiyası baş verdi (1 troy unsiya qızıl = 42 ABŞ dolları). Beləliklə, il yarım ərzində dollar 17% devalvasiyaya uğradı. ABŞ dollarının baza valyutası kimi əhəmiyyəti laxladı. Bu fonda Nikson Səudiyyə Ərəbistanı ilə bütün neftini yalnız dollarla satacağı barəsində razılığa gəldi. Bunun müqabilində ABŞ hərbi yardım və yataqların mühafizəsini (o cümlədən İsraildən) təklif etdi. 1975-ci ildə isə artıq bütün OPEC ölkələri nefti yalnız dollarla satmağa razılıq verdi.

Tanınmış treyder, Federal Ehtiyat Sisteminin (FED) məsləhətçisi Cim Sinkler məsələ ilə bağlı bunları deyib: “Nikson dolların qızıl təminatını ləğv etməklə onu neft təminatına keçirdi. Buna görə də neft dolları tələb sahəsidir – müqavilələr üzrə hesablaşmaq üçün dollar almaq lazımdır. Neft dolları ABŞ dollarının gücünün formalaşdığı standartdır”.

Əslində ABŞ və Səudiyyə Ərəbistanı neft şirkətləri arasında əlaqələrin tarixi daha əvvələ, 1933–cü ilə gedib çıxır. Belə ki, həmin ildə Krallığın öz müstəqilliyini elan etməsindən çox keçməmiş, Krallıq “Chevron” şirkətinin nəzarət səhm paketinə sahib olan “Standard Oil of California” amerikan neft şirkəti ilə böyük neft sazişi imzaladı. Tezliklə bu şirkətlər və daha bir neçə beynəlxalq neft şirkəti birləşərək tam adı Ərəb–Amerikan Neft Şirkəti (Arabian American Oil Company) olan “Aramco”nu yaratdılar. 1938–ci ildə 5 il davam edən axtarışların nəticəsində Səudiyyə Ərəbistanında neft tapıldı. 1973–cü ildə isə Krallığın bu vaxta qədər “Aramco” tərəfindən nəzarət olunan bütün yataqlarına mülkiyyət hüququ Səudiyyə Ərəbistanının hakimiyyətinə ötürüldü.

Sistem çox sadə idi. Səudiyyəlilər nefti dollarla satır, gəlirlərini ABŞ banklarına və istiqrazlarına yatırırdılar. ABŞ varlanır, Beynəlxalq Valyuta Fondu isə bu valyutanı neft ticarəti üzrə hesablaşmalar üçün kredit verilməsində istifadə edirdi.

1974-cü ildə rəsmiyyət qazanmış bu sazişi o zaman ABŞ xarici siyasət idarəsinə rəhbərlik edən Henri Kissincer hazırlayıb. 1975-ci ildə dolların bu cür dövr etmə sistemi bütün OPEC ölkələrinə yayıldı. Bununla da neftin ticarəti əsasında dünya iqtisadiyyatına nəzarət olunmasına, kimin kredit alacağı və neftə olan tələbatını ödəyəcəyi, kimin inkişaf edəcəyinə qərar verilməsinə başlanıldı./oilgas.az/

www.yenicag.az

3901
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv