!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyəvi Azərbaycanda DİNİ TƏHLÜKƏSİZLİK: Media kənar təsirlərin neytrallaşdırılmasında necə iştirak edir? – TƏHLİL

!Reklam – Yazi

Dini və milli müxtəlifliyin etiraf edilərək ona hörmətlə yanaşılması kimi tərif edilən tolerantlıq Azərbaycanın dövlət siyasətinin əsas tərkib hissələrindəndir. Əsrlərdir bu coğrafiya müxtəlif etnik qruplara və dinlərə, məzhəblərə ev sahibliyi edərək birgəyaşayışın ən unikal variantını yaradır. Bu, düşünülmüş siyasət olmaqdan daha çox, yaradılışın ahəngi səciyyəsi daşıyır ki, sonralar bu ahəng sayəsində müasir Azərbaycanın dini və etnik modeli şəkillənmişdir.

Son rəqəmlərə nəzər salsaq, görərik ki, Azərbaycanda əhalinin təqribən 96 faizini müsəlmanlar, 4 faizini isə xristianlar, yəhudilər, bəhailər, krişnalar, həmçinin digər dinlərin mənsubları təşkil edir. Bununla birlikdə, müsəlmanların 60-65 faizi şiə, 35-40 faizi isə sünni məzhəbinə mənsubdur. Xristanlığın da, demək olar, bütün qolları Azərbaycanda təmsil edilməkdədir. Belə bir rəngarəngliyin mövcud olduğu Azərbaycanda adını çəkdiyimiz bütün dinlərə etiqad edən şəxslərin dini azadlıqları dövlət tərəfindən təmin edilir, öz aralarında da uzun illərdən üzü bəri mövcud dözümlülük və hörmət etmə mədəniyyəti birlikdə eyni torpaqları paylaşmağı, problemsiz yaşamağı şərtləndirir. Əlbəttə, burada dövlətin həyata keçirdiyi siyasət də böyük rol oynayır. Bu günə qədər istər Qafqaz Müsəlmanları İdarəsi olsun, istər 2001-ci ildə mərhum prezident Heydər Əliyevin imzaladığı fərmanla yaradılan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi olsun, din-dövlət-vətəndaş paralelində tarazlığın qorunması, tolerantlığın təmin olunması məsələlərində bir çox işlər görmüşdür. Bununla yanaşı, dini münasibətlərdə hüquq infrastrukturunun formalaşdırılması da dini azadlığın demokratik şərtlər daxilində təzahürünə imkan yaratmışdır. Belə ki, 2015-ci ildə qəbul edilən “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanunda hər kəsin qarşısına dini ekstremizm, dini fanatizm və dini radikalizm hallarının aşkarlanmasına və qarşısının alınmasına, həmçinin bu hallar nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsinə kömək edə biləcək məlumatları müvafiq dövlət orqanlarına vermə öhdəliyi qoyulmuşdur.

Son onilliklər ərzində dünyada dini cəhətdən baş verən bir çox hadisələr fonunda islamafobiyanın geniş vüsət alması dini özünüdərkin nə qədər önəmli olduğunu üzə çıxardı. Dünyanın beyin mərkəzləri tərəfindən məqsədli şəkildə hazırlanaraq islam dininin təməllərini sarsıtmaq üçün ortaya atılan “terror” vasitəsi bir sıra ərəb ölkələrində rejim dəyişikliyinə və Suriyanın timsalında neçə illərə yayılan vətəndaş müharibəsi ilə xarici işğala səbəb oldu. Burada əsas diqqət yetiriləsi məqam toplumun dini biliklər baxımından hansı dəyərləri daşımasıdır. Bildiyiniz kimi, din hər zaman böyük güclərin ayrıma açıq kiçik millətlər üzərində əsas təsir vasitəsi olub. Bu təsir mexaniziminin işə düşməsi isə birbaşa olaraq kommunikasiya və təbliğat maşınlarının çalışması ilə bağlıdır. Günümüzdə bu təbliğat maşını funksiyasını media icra edir.

İnternet xəbərçiliyinin və sosial mediaların geniş istifadə edilməsi dezinformasiyaların da ciddi surətdə yayğınlaşmasına səbəb oldu. Ənənəvi mediadan fərqli olaraq, adını çəkdiyimiz kommunikasiya vasitələrinə nəzarət etmək çətin olduğu qədər, böyük problemləri də bərabərində gətirməkdədir. Burada ön planda olan məsələ də dinlə bağlıdır.

Dünyada 4-cü hakimiyyət olaraq qəbul edilən media böyük təsir imkanlarına malikdir. Bu təsir imkanlarından mənfi və müsbət yöndə istifadə oluna bilər. Dini cəhətdən yanaşdığımız zaman təsirlənmələrin daha çox olduğunu müşahidə edirik. İlk ortaya çıxan isə mənbə problemidir. Dini yanaşmalar elmi mənbələr tələb edir, lakin bir çox hallarda bu tələb pozulur və ifadə edilən fikrin qaynağı göstərilmədiyi üçün onun düzgünlüyü şübhə altına düşür. Ancaq media oxucularının əsas hissəsi mənbə arayışı ilə vaxt itirmək istəmədikləri üçün səsələndirilən fikirləri çox hallarda sorğulamadan doğru olaraq qəbul edir, beləliklə, dini yanaşmanın yanlış şərhi yayılmış olur ki, son nəticədə bu da fərqli dini meyilliliklərin ortaya çıxmasına səbəbiyyət verir. Bunun üçün də medianın dini mövzulara daha həssas yanaşmasının gərəkliliyini bir daha vurğulamaqda fayda var. Mediada dinlə bağlı mövzular işlənərkən subyektivlik yox, obeyktivlik gözlənilməli, elmilik ön planda olmalı, hər kəs tərəfindən qəbul edilən dünyagörüşü formasındakı yanlış dini biliklərə, mövhumata yer verilməməlidir.

Sevindiricidir ki, Azərbaycanda sözügedən məsələ ilə bağlı hüquqi altyapının inşasına başlanılmışdır. Belə ki, prezident İlham Əliyev tərəfindən 2021-ci ilin dekabrın 30-da imzalanan “Media haqqında” Azərbaycan Respublikasının Qanununda din və media münasibətlərinə xüsusi paraqraf ayrılmışdır. Qanunun 8-ci maddəsi “Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar barədə ictimaiyyətə məlumatın verilməsi” adlanır ki, burada sözügedən məsələdə topluma bilgi verilməsinin əməliyyatı aparan orqanla razılaşdırılması önə çəkilir, bununla da vurğuladığımız halda dini təşvişə yol açacaq informasiyaların, yanlış məlumatların yayılmasının qarşısını almaq hədəflənir. Həmin qanunun 14-cü maddəsində isə mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblər müəyyənləşdirilir. Buna görə, mediada irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır, habelə etnik, irqi və ya dini düşmənçiliyin salınmasına açıq çağırışlar edilməməlidir, həmçinin dini ekstremizmin təbliğinə yol verilməməlidir. 41-ci maddədə isə bu kimi hallara yol verildiyi zaman atılacaq hüquqi addımlar sıralanmışdır ki, dini “nifrət və düşmənçiliyin salınması” halında media orqanının yayımı dərhal dayandırılır və onun müvafiq lisenziyasının ləğv edilməsi barədə aidiyyəti üzrə məhkəməyə müraciət olunur.

Din və media münasibətləri sadəcə bununla da yekunlaşmır. Bu gün media xüsusi sahələr üzrə ixtisaslaşmanı daha da artırmışdır. Bu ixtisaslaşmalardan biri də dini sahədir. İnsanlara dini bilgilər vermək üçün yaradılan saytların fəaliyyəti də sözügedən qanunla müəyyənləşdirilir. Belə ki, qanunun 62-ci maddəsi “Çap mediası və onlayn media subyektinin təsis edilməsi” adlanır və burada dini məzmunlu çap mediası və onlayn media subyektinin təsis edilməsi ilə bağlı müraciətə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun rəyinin əlavə olunması şərti qoyulur. Jurnalistlərin akkreditasiyasından bəhs olunan 72-ci maddədə isə dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında fəaliyyət gösətərəcək jurnalistlərin Media Reyestrində olmaları tələbi irəli sürülür ki, bu da güvənli informasiyanın ictimaiyyətə çatdırılmasının təmin edilməsi məqsədini daşıyır. Çünki bu gün sərbəst jurnalistika adı altında fəaliyyət göstərən bir çox şəxslərin pozucu fəaliyyətlə məşğul olduqları sirr deyil və belə bir situasiyada qısıtlanmamış media əhatələnməsi əhali arasında təşvişə yol aça bilər.

Media və din münasibətləri çərçivəsində dini mediaların ortaya çıxmasına da nəzarətin güclənmsi fərqli meyillərin yaranmasının qarşısını almaqdadır. Xüsusi təbliğat maşını kimi istifadə olunan bu kimi media quruluşları xarici dövlətlərin idarəetməsi ilə ölkədəki dini sabitliyi hədəf almaqdadır. Fəqət Azərbaycanın güc-kəşfiyyat strukturlarının sayıqlığı nəticəsində bu kimi halların qarşısı alınmaqdadır. Son olaraq, İranın Azərbaycandakı casus şəbəklərinə qarşı keçirilən silsilə əməliyyatlardan ölkəmizdə də geniş izləyici-oxucu kütləsi olan “SalamNews” və “İnteraz” informasiya agentlikləri də kənarda qalmamış, bu media qurumlarının İranın siyasi xəttini təbliğ etdiyi üzə çıxarılmış, həbslər həyata keçirilmişdi. Bu da dövlətin dini münasibətlərin mediaya yansımasını ciddi nəzarətdə saxladığının göstəricisidir. Bu kimi halların sosial mediada da geniş yayıldığını nəzərə alsaq, bəhsini etdiyimiz nəzarətin sözügedən məcralarda daha da ciddi şəkildə həyata keçirilməsinə çox ehtiyac olduğunu görürük.

Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanda əhalinin böyük əksəriyyətini müsəlmanlar təşkil edir, digər dinlərə etiqad göstərən vətəndaşların da dinini sərbəst şəkildə yaşamaları təmin olunur. Dünyada islamafobiya geniş yayıldığı bir zamanda ölkəmizdə dinlərin vəhdət şəklində barınması və bu meyillərdən uzaq olması da Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsində böyük əhəmiyyət kəsb edir. Bir çox ölkələrdən fərqli olaraq, Azərbaycan heç bir dini ayrı-seçkiliyə yol vermir, diskriminasiya hallarının yaşanmasına rast gəlinmir. Ölkəmizdəki mövcud durumun dünyada tanıdılmasında da istər beynəlxalq, istərsə də yerli medanın böyük önəmi var. Bu günə qədər Azərbaycanın ev sahibliyi etdiyi dini konfrans və simpoziumlar yalnız yerli deyil, beynəlxalq medianın da diqqətindən kənarda qalmamış, ölkəmizin dini tolerantlıq ənənələrinin geniş auditoriyaya çatdırılmasında xüsusi rol oynamışdır.

Bu baxımdan, media elə bir vasitədir ki, onu istənilən nöqtəyə yönləndirərək ictimai rəy yarada və ya mövcud düşüncəni dəyişdirə bilərsən. Mətbuatın silah kimi istifadə olunması da “informasiya savaşı” terminini ortaya çıxarmışdır ki, burada qalib tərəf haqlı və media resurslarını düzgün yönləndirə bilən tərəf olur. Azərbaycan da Vətən müharibəsi və ondan sonrakı dönəmdə həqiqətlərin dünyaya çatdırılmasında böyük bir savaş verdi, işğaldan azad edilmiş ərazilərimizdə dini abidələrin təhqir edilməsini bu savaşın düzgün idarə olunması sayəsində bütün dünyaya yetirə bildi. Bundan başqa, Vətən müharibəsinə qatılmış müxtəlif dini-etnik azlıqların tanıdılması istiqamətində medianın gördüyü iş, hazırladığı reportaj və süjetlər, yazılar ölkəmizdə dini bütövlüklə yanaşı, milli birliyin olduğu gerçəyini üzə çıxarmış, bütün bunların təməlində din-vətən münasibətlərinin aşılanması strategiyasının mənimsənməsi reallığının dayandığı dünya ictimaiyyətinə çatdırılmışdır.

Göründüyü kimi, bir çox sahələrdə olduğu kimi, din-media münasibətlərində də Azərbaycan yeni model yarada bilmiş, bu modellə bənzərsiz ahəngdarlığı təmin etmişdir. Dini təhlükəsizlik məsələlərinin Azərbaycan mediasında geniş işıqlandırılması, vətəndaşların maarifləndirilməsi, müvafiq qurumlar tərəfindən hazırlanan informativ yazıların dərc edilməsi, onlar əsasında yeni materialların ərsəyə gətirilməsi dini təhlükəsizliyin təmin olunmasında medianın rolunu təsdiq etməkdədir.

Aqil Bəkir

Qeyd: Yazı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Media və dini təhlükəsizlik” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur

www.yenicag.az

1963
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv