Əcnəbilərin Azərbaycanda xərclədikləri pul azalıb: “Turistlərin sayı kəskin azaldığı üçün…” – Nazim Bəydəmirli

“Bəzi ölkələrdə xarici turistlərin hesabına əldə olunan gəlir dövlət büdcəsinin 20-25 faizini təşkil edir”.

Yenicag.az xəbər verir ki, bu fikirləri 2020-ci ilin iyul ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə Azərbaycanda apardıqları əməliyyatların 83 faiz azalmasına təsir edən amillərə münasibət bildirən sabiq millət vəkili Nazim Bəydəmirli deyib.

Nazim Bəydəmirlinin sözlərinə görə, xarici vətəndaşların bank kartları vasitəsi ilə Azərbaycanda apardıqları əməliyyatların azalmasının əsas səbəbi koronavirus pandemiyasının yaratdığı vəziyyətdir:

“Azərbaycana gələn turistlərin sayında ciddi azalma müşahidə edilir. Ona görə də ölkədə xarici vətəndaşlara məxsus bank kartlarından çox da istifadə olunmayıb. Eyni zamanda, vətəndaşlarımızın pul köçürmələrində də azalma qeydə alınıb.

Məlumdur ki, bizim vətəndaşlar iqtisadi miqrasiya məqsədilə daha çox Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrə üz tuturlar. Bununla yanaşı, pandemiyadan öncə Azərbaycanda təşkil olunan müxtəlif beynəlxalq yarışlar və başqa tədbirlərlə əlaqədar ölkəyə xarici qonaqların axını var idi.

Həmin qonaqların xərcləri əsasən, dövlət tərəfindən qarşılansa da, bəzi hallarda özləri də kart vasitəsilə alış-veriş edirdilər. Təbii ki, ölkəyə gələn xarici turistlərin sayındakı azalma iqtisadi inkişafa neqativ təsir göstərir.

Bəzi ölkələrdə xarici turistlərin hesabına əldə olunan gəlir dövlət büdcəsinin 20-25 faizini təşkil edir. Çalışmalıyıq ki, Azərbaycanda da turizm infrastrukturu təkmilləşdirilsin və hostellərin sayı çox olsun. Ancaq təəssüf ki, paytaxt Bakı dünyada ən bahalı şəhərlər sırasındadır”.

Gülşən Şərif

COP29