!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əfsanəvi Əhməd Şah Məsudun qardaşı: “Taliban” ABŞ-ın qeosiyasi oyunlarında qəddar vasitədir” – EKSKLÜZİV MÜSAHİBƏ

!Reklam – Yazi

“Biz əvvəlki dövrlə müqayisədə evimizin, torpaqlarımızın və mədəniyyətiizin azadlığı uğrunda daha qətiyyətlə mübarizə aparırıq ”.

Yenicag.az Əfqanıstanın görkəmli hərbi-siyasi xadimi Əhməd Şah Məsudun qardaşı, Əfqanıstan Milli Müqavimət Cəbhəsinin sədri Əhməd Vəli Məsudla geniş müsahibəni təqdim edir.

Arayış: Əhməd Vəli Məsud 1964-cü il noyabrın 1-də Əfqanıstanın Pərvan (indiki Pəncşer) əyalətinin Canqalak kəndində anadan olub. Əhməd Şah Məsudun kiçik qardaşıdır. O, Londonun Vestminster Universiteni diplomat ixtisası üzrə bitirib. Daha sonra Əfqanıstanın Böyük Britaniyadakı səfiri, Əhməd Şah Məsudun Avropada xüsusi nümayəndəsi və “Camiət-i-İslam”ın London təmsilçisi vəzifələrində işləyib. Əfqanıstan Milli Hərəkatı Partiyasının qurucusu, “Mandagar Daily” qəzetinin və “Tarikhe Yadgar” jurnalının təsisçisidir. Əhməd Vəli Məsul ilk kitabı olan “Milli proqram”ı 2012-ci ildə nəşr etdirib. Məsud Fondunun qurucusu və rəhbəridir. Hazırda Əfqanıstan Milli Müqavimət Cəbhəsinin sədridir.

– Cənab Məsud, zəhmət olmasa, Əfqanıstanda yaranmış vəziyyət haqqında danışın. Hazırda ölkədə nə baş verir?

– Heç kim nə baş verdiyini və nələrin baş verəcəyini bilmir. Əfqanıstan ilk dəfədir ki, regional və qlobal geosiyasi oyunların meydanına çevrilib. Doğrudur, ölkə hər zaman xarici oyunçuların maraq medanı olub, ancaq bu dəfə terrorçu qüvvələrin, ən yeni silahların, barışmaz rəqibləri və addımları proqnozlaşdırılmayan çox sayda xüsusi xidmətlərin cəlb edildiyi dəhşətli, sonu bilinməyən oyun gedir. Bu oyunların qurbanı isə Əfqanıstan xalqıdır. Milli miqyasda ölkəni qoruya biləcək yerli rəhbərlik isə hələ formalaşmayıb.

– ABŞ və “Taliban” arasında imzalanmış Doha anlaşmasına görə, Kabildəki yeni hökumət üzərinə inklüziv hokumətin yaradılması və hesablamalara görə, sayı 20-ni keçən terror təşkilatlarının ləğv edilməsi kimi öhdəliklər götürmüşdü. Göründüyü qədər, onlar bu öhdəliyi yerinə yetirmədilər. Çünki ölkədə inklüziv hökumət yaradılmayıb, terror təşkilatları, ilk növbədə də İŞİD qonşu ölkələri təhdid etməkdədir. Bu, nə anlama gəlir? “Taliban” ABŞ-ı və Doha anlaşmasını təqdir edən beynəlxalq birliyi aldadıb?

– ABŞ-ın təşəbbüsü əsasında Xəlilzadə və Qətər hökumətti tərəfindən imzalanan Doha anlaşması hakimiyyətin “Taliban”a ötürülməsini nəzərdə tuturdu. “Taliban” ABŞ-ın qeosiyasi oyunlarında qəddar vasitədir. Doha anlaşmasının qalan müddəaları Əfqanıstan xalqının ələ salınması və dünya ictimaiyyətinin diqqətini əfqan faciəsinin gerçəklərindən yayındırmaqdır.

– Əfqan xalqı indi hansı vəziyyətdədir? Onların həyat gerçəkləri nədən ibarətdir?

– Əfqan xalqı bu torpaqların bütün tarixi boyunca hələ bu cür alçaldıcı həyat yaşamamışdı. Bundan başqa, onlar həm elementar insan hüquqlarından və həyat üçün bütün zəruri vasitələrdən məhrumdurlar. Ciddi beynəlxalq mənbələrin bildirdiyinə görə, Əfqanıstanın 35 milyonluq əhalisinin 20 milyonu dilənçi kökündə yaşayır. “Taliban” qadın və qızların hüquqlarını tamamilə məhdudlaşdırıb, dövlət idarəçiliyi anlayışı aradan qaldırılıb.

– Bəs insanların “Taliban” hakimiyyətinə münasibəti necədir?

– “Taliban” özünün qeyri-legitim hakimiyyətinin bu iki ili ərzində xalqla heç bir əlaqə qura bilməyib. Xalq “Taliban” işğalçı, elm və mədəniyyət düşməni, antiinsani qüvvə kimi yanaşır. Bunlarla bərabər, “Taliban” nə xalqın, nə də beynəlxalq aləmin gözündə legitimlik qazanmayıb. Onlar mənəvi legitimlikdən də məhrumdurlar.

– “Taliban” hakimiyyət uğrunda yeni yürüşə başlayanda sadə xalqın həyatının yaxşılaşdıracaqlarına dair bəyanatlar verirdilər. Eyni zamanda, yeniyetmə qızlara təhsil imkanı yaradılacağı və qadınlara işləmək hüququ veriləcəyi vəd olunurdu. “Taliban” bu vədlərini niyə yerinə yetirmir?

– Ona görə ki, “Taliban”ın dini görüşü müasir elmlərin öyrənilməsinə, qızların və qadınların təhsil almasına qarşıdır. Onlar öz əqidə və dəyərlərinə qarşı çıxa bilməzlər. Əgər bunu dəyişsələr, o zaman öz ekstremist mahiyyətlərindən imtina etməli olarlar.

– Maraqlıdır, aradan iki il keçsə də, heç bir ölkə, hətta “Taliban”ın hakimiyyətə gəlməsinə dəstək verən Rusiya, İran, Çin və ABŞ kimi ölkələr də onları rəsmən tanımırlar. Bu halda, onlar haradan və necə dəstək alırlar?

– Hökumətlərin rəsmi qaydada tanıması üçün müəyyən kriteriyalar var və onlara əməl olunması şərtdir. Ancaq “Taliban” ən minimal standartlara da cavab vermir. Çünki “Taliban” nəzarət üçün yox, regionda sabitliyin pozulması və İslam dininin gözdən salınması üçün zorakı terror vasitəsi olaraq yaradılıb. Əfqanıstana qarşı bu oyunlarda iştirak edən ölkələr geniş mənada öz maraqlarının təmin olunmasına kökləniblər. Lakin o ölkələrdən heç biri “Taliban”ı tanımağa risk etmir. Bu ölkələrdən bəziləri öz rəqiblərinə qarşı regional mübarizədə “Taliban”dan çəkindirici amil kimi yararlanmağa çalışır.

– “Taliban”ın Əfqanıstanda törətdiyi cinayətlərlə bağlı hər gün məlumatlar yayılır. Niyə belə olur? Bu, cəzasızlıq hissindən qaynaqlanır, yoxsa başq səbəb var?

– Onların törətdikləri qanlı cinayətlərlə bağlı konkret sübutlar var. “Taiban”ın son iki ildə xalqa qarşı törətdiyi cinayətlərə gələcəkdə mütləq cəzalandırmalar olacaq. Humanitar və beynəlxalq məhkəmələr, həmçinin nüfuzlu təşkilatlar “Talıban”ın ağır cinayətlərinə göz yuma bilməzlər.

– Qardaşınız oğlu və kürəkəniniz Əhməd Məsudun rəhbəri olduğu Əfqanıstan Milli Müqavimət Cəbhəsinin mövqeyi necədir? Bildiyimiə görə, Milli Müqavimət Cəbhəsi döyüş meydanında keçən il olduğu qədər fəal deyil. Niyə? Cəbhə rəhbərliyinin fəaliyyət planı nədən ibarətdir?

– Cəbhənin mövcud vəziyyəti geniş müzakirə olunmalıdır. Yada salmaq lazımdır ki, terror birlışməsi olan “Taliban” beynəlxalq güclərin dəstəyi ilə hərtərəfli dəstəkləndiyi vaxtda Milli Müqavimət Cəbhəsi sıfırdan başlayaraq yenidən formalaşdırıldı. Sözsüz ki, silah və sursat çatışmazlığı üzündən döyüş əməliyyatlarının intensivliyi xeyli azalıb. Bununla belə, əfqan xalqı ötən illərlə müqayisədə “Taliban” tiraniyasına qarşı daha motivasiyalıdır. Biz əvvəlki dövrlə müqayisədə evimizin, torpaqlarımızın və mədəniyyətiizin azadlığı uğrunda daha qətiyyətlə mübarizə aparırıq. Cəbhəni yeni hərbi planları var və onlar barəsində indi danışmağa ehtiyac yoxdur.

– Sizcə, beynəlxalq birlik Əfqanıstan Milli Müqavimət Cəbhəsini niyə dəstəkləmir?

– Beynəlxalq birlik deyəndə, ilk ağla gələn ABŞ olur. Yuxarıda da qeyd etdim, ABŞ öz addımlarını Pakistan, Qətər, bir sıra başqa ölkələr, arabir isə “Taliban”la koordinasiya edir. Birinci Müqavimət dönəmində bir sıra regional müttəfiqlərimiz vardı. Ümid edirəm ki, İkinci Müqavimət dövründə də regional müttəfiqlər qazanaraq dünya ictimaiyyətinin şüurunu oyadacağıq.

– Birinci və İkinci Müqavimət arasında hansı fərqlər var? Necə oldu ki oğlu ilə müqayisədə Əhməd Şah Məsud böyük uğur qazandı?

– Birinci və İkinci Müqavimət arasında istər zaman, istər şərait, istərsə də insanlar, rəhbərlik, həmçinin iştirakçı ölkələr, böyük güclərin geosiyasi xəritələri baxımından çox böyük fərqlər var. Bu gün müqavimət bütün gücü ilə ümumi düşmən olan “Taliban”a qarşı mübarizə aparan əfqan xalqına məxsusduur. Birinci Müqavimət isə bu miqyasda deyildi. Birinci Müqavimət dövründə “Taliban” sadəcə, ideoloji qrup idi və öz dini dəyərlərinə inanaraq razılaşdırılmış qaydada hərəkət edirdi. Bu gün isə “Taliban” Əfqanıstanda mafiya qrupu kimi fəaliyyət göstərir. Birinci Müqavimət vaxtı “Taliban”ın təchizatında NATO silahları yox idi, onlar hətta ABŞ-a qarşı mübarizə aparırdılar. İndi isə ABŞ-ın həftəlik 40 milyon dollar həcmində dəstəyi olmasa, “Taliban” hakimiyyətdə qala bilməz.

– “Taliban” və digər terror təşkilatlarının Orta Asiya dövlətləri, eləcə də Rusiya və Çin kimi ölkələrə təhdid yaratdığı bildirilsə də, bu dövlətlər Kabillə sıx təmasdadırlar. Bu, necə olur?

– “Taliban”ın hakimiyyətə gəlişi ilə Əfqanıstan region üçün ciddi təhlükəyə çevrilib. Deyim ki, “Taliban” məhz bu məqsədlə yaradılmşdı. “Taliban”la əməkdaşlıq edən regionun bəzi ölkələri bilməlidirlər ki, terrorçularla işbirliyinin çox xoşagəlməz nəticələri olacaq. “Taliban”la qarşılıqlı fəaliyyət regionda terrorizmin möhkəmlənməsinə və davamlı olmasına xidmət edir.

– Əfqanıstanın və regionun gələcəyini “Taliban”la görürsünüz, ya əksinə?

– Fərqi yoxdur. Oyunçuların “Taliban” vasitəsilə qurduqları dəhşətli oyunlar və destruktiv planlar regionu barıt çəlləyinə döndərib. “Taliban” olmasa, yaxın perspektivdə bu vəziyyətin yaranma ehtimalı aşağıdır. Əfqanıstanın terror işğalından azad edilməsi ilə bizim torpaqların köklü xalqları, eləcə də regionun bizdən şimalda yaşayan başqa xalqları qonşuluqda hər hansı gərginliyin yaşanmasını əsla istəmirlər. Çünki bu, onların həyatına birbaşa təsir edir. “Taliban” və digər terrorçuların əsas məqsədi isə regionda xaos yaratmaqdır. Regionumuz üçün təhlükəsizlik zolağının yaradılması zəruridir.

Cəmilə Çebotaryova

www.yenicag.az

3396
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv