!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ekologiya və ətraf mühitin mühafizəsi: Hansı tədbirlər həyata keçirilir? - TƏHLİL

!Reklam – Yazi

Məlumdur ki, ətraf mühitlə bağlı məsələlər insanları hər zaman düşündürür və ortaya çıxan problemlər dünya ictimaiyyətini narahat edir.

Ekoloji problemlərin qlobal xarakter daşıması problemin həlli üçün ətraf mühitin qorunması istiqamətində sistemli tədbirlər həyata keçirilməsində geniş beynəlxalq əməkdaşlıq tələb edir. Bu baxımdan 1962-ci ildə BMT-nin 17-ci Baş Məclisində “Ekoloji inkişaf və təbiətin mühafizəsi” adlı xüsusi qətnamə qəbul olunub. Qətnaməyə əsasən, təbiətin mühafizəsi bu təşkilata üzv bütün dövlətlərin bilavasitə vəzifəsidir və təbii ehtiyatların qorunub saxlanılması üzrə tədbirlər iqtisadi inkişafla birgə aparılmalıdır. 1972–ci ildə isə Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin İsveçin paytaxtı Stokholmda keçirilən iclasda 5 iyun tarixinin Dünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunmasına qərar verilib və o vaxtdan etibarən hər il bütün dünyada həmin gün qeyd olunur.

Ətraf mühit və onun mühafizəsi ilə bağlı hər bir ölkənin özünün özünəməxsus strategiyası var. Bütün hallarda əsas məqsəd ətraf mühiti qorumaq, fəsadlara gətirib çıxara bilən proseslərə yol verməmək və maksimum dərəcədə bizi əhatə edən aləmi mühafizə etməkdir. Hazırda iqtisadi, siyasi, texnoloji və digər səbəblərdən dünya əhalisinin 50 faizdən çoxu şəhərlərdə məskunlaşıb və bu göstəricinin 2050-ci ilə qədər 70 faizə qədər artacağı ehtimal olunur. Bu səbəbdən qabaqcıl dünya ölkələri beynəlxalq təşkilatların da dəstəyi ilə artan şəhərləşmənin yol açacağı ekoloji, demoqrafik və digər problemlərin qarşısını almaq üçün iqtisadi inkişaf və ətraf mühit arasında tarazlığı qoruyan dayanıqlı inkişaf modellərini tətbiq etməyə çalışır. Beynəlxalq Səhiyyə Təşkilatının bu sahədə qəbul etdiyi normaya əsasən, şəhərlər üçün yaşıllıq sahələri şəhərin ümumi ərazisinin 10 faizdən az hissəsini təşkil edirsə, bu, aşağı göstərici, 40-60 faiz hissəsini təşkil edərsə, yüksək göstərici sayılır. Başqa sözlə, adambaşına yaşıllıq norması şəhərlərdə minimum 9 m2-dən az olmamalıdır. Bu məqsədlə Birləşmiş Millətlər Təşkilatının 1992-ci il tarixli Ətraf Mühit və İnkişaf Konfransında qəbul olunan prinsiplər əsasında şəhərlərin ekoloji statusunu müəyyən edən meyarlar üzrə müxtəlif beynəlxalq qiymətləndirmə sistemləri yaradılıb.

Dünya Ətraf Mühitin Mühafizəsi Günü ölkəmizdə də xüsusilə qeyd olunur və daim dövlətin diqqəti mərkəzində olan məsələlərdən biridir. Müstəqilliyimizin bərpasından sonra ölkəmizdə ekoloji siyasətə dair ilk sənəd kimi “Dayanıqlı inkişaf” prinsiplərinə əsaslanan “Azərbaycan Respublikasının ekoloji Konsepsiyası” qəbul olunub. 1998-ci ildə isə “Ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Proqramı” qəbul edilib. 1999-cu ildə Milli Məclisin qəbul etdiyi “Ekoloji təhlükəsizlik haqqında” qanun təsdiqlənib. 2000-ci ildə isə daha iki – “Ətraf mühitin mühafizəsi haqqında” və “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanunlar qəbul olunub. 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması bir gerçəkliyi ortaya qoydu ki, ekoloji problemlərin həlli dövlətin əsas diqqət göstərdiyi istiqamətlərdəndir. Prezident İlham Əliyevin ekologiya və ətraf mühitin mühafizəsinə nə qədər önəm verdiyi 2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan olunması ilə bir daha təsdiqini tapıb. 2011-ci ildə təsdiq edilən “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair yeni Dövlət Proqramı”nda da ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönələn layihələr, o cümlədən paytaxt ətrafındakı neft və çirkab suları ilə çirklənmiş göllərin təmizlənməsi, qurudulması məsələləri öz əksini tapıb.

Bundan başqa, ölkə başçısı İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə sənəddə qeyd olunub ki, ekoloji siyasət hər zaman dövlət siyasətinin əsasını təşkil edib və etməkdədir. Sözügedən sənədə əsasən növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetin reallaşdırılması nəzərdə tutulub. Onlardan biri də məhz “Təmiz ətraf mühit və Yaşıl artım” ölkəsi prioritetidir. Bu prioritetin uğurla reallaşdırılması üçün yüksək kefiyyətli ekoloji mühitin, yaşıl enerji məkanının yaradılmasının təmin edilməsi əsas məqsəd sayılır. Bu prioritetə əsasən ölkənin iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli şəkildə bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Bütün bunların nəticəsidir ki, Azərbaycanda ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi istiqamətində görülən tədbirlər beynəlxalq təşkilatlar tərəfindən təqdir edilir.

Gülşən Şərif

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda hazırlanmışdır.

media_loqo_esas

www.yenicag.az

1500
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv