!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ekologiyanın və ətraf mühitin mühafizəsi: Seçilən prioritetlər nələrdir?

!Reklam – Yazi

Dünyada var olan həyatın davam etdirilə bilməsi üçün ekologiyanın qorunması çox vacibdir.

Gələcək nəsillərə sağlam həyatın bəxş edilməsi üçün suların, bitki örtüyünün, canlı və cansız aləmin qorunması mühüm əhəmiyyət kəsb edir. Bu səbəbdən ekologiyanın qorunması bir ölkənin yox, bütün dünyanın öhdəliyinə çevrilməlidir.

Mövzu ilə bağlı Yenicag.az-a fikirlərini açıqlayan Milli Məclisin deputatı Əliabbas Salahzadə COP29 kimi mühüm qlobal konfransa ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq nüfuzu və ekoloji gündəliyə sadiqliyini göstərməklə yanaşı, beynəlxalq münasibətlər sistemində fəal və nüfuzlu oyunçu kimi rolunun gücləndirdiyini deyib.

 

“Bakıda keçiriləcək COP29 sadəcə qlobal iqlim dəyişikliyi, ekoloji problemlərin həlli istiqamətində keçiriləcək mühüm tədbir olmaqla yanaşı, regional əməkdaşlıq baxımdan da yeni imkanlar açacaq. Belə bir tədbirin ölkəmizdə keçirilməsi həm də beynəlxalq aləmdə Azərbaycana olan dərin etimadın və hörmətin sübutudur. Həmçinin bu, ölkənin qlobal problemlərin həllində məsuliyyətli və etibarlı tərəfdaş statusunu təsdiqləməklə, həm də Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın COP29-da ətraf mühitin dayanıqlılığı istiqamətində rol oynamağa sadiq olduğunun göstəricisidir”, – deyə o bildirib.

Deputat qeyd edib ki, COP29 Azərbaycanın qazma enerjisi ilə yanaşı, alternativ, bərpa olunan enerji sahəsində qlobal enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verməsi baxımdan, Qərblə Şərq, xüsusən də Mərkəzi Asiya ilə Avropa, o cümlədən Qərblə “Qlobal Cənub” arasında sıx əməkdaşlığın yaradılması istiqamətində, Cənubi Qafqazda, xüsusən də İrəvanla Bakı arasında dayanıqlı sülhə, sabitliyə və əməkdaşlığa yol açması, Qafqaz bölgəsi ölkələri arasında birgə qlobal iqlim dəyişikliyinə, “yaşıl enerji” sahəsində birgə əməkdaşlığa geniş imkanlar yaradılması, ölkənin iqtisadi imkanlarının artması, böyük həcmli sərmayələrin qoyuluşu, yeni iş yerlərinin açılması, yeni texnologiyaların, süni intellektin tətbiqi, işğaldan azad edilən Şərqi Zəngəzur və Qarabağ ərazilərinin, eyni zamanda turizm sektorunun inkişafı, beynəlxalq aləmdə Azərbaycanın mədəniyyətinin təqdim edilməsi, nüfuz və mövqeyinin möhkəmlənməsi baxımdan mühüm əhəmiyyət kəsb edəcək.

“Ümumiyyətlə, COP29 Azərbaycanın gələcək inkişafı baxımdan yeni imkanlar yaradacaq bir toplantı olacaq. Əminəm ki, COP 29 Prezident İlham Əliyevin rəhbərliyi altında ən yüksək səviyyədə keçəcək və bu, Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasına imkan yaradacaq. Çünki əsas hədəf Azərbaycanın sosial rifah ölkəsinə çevrilməsidir. COP29-da hədəfə nail olmaq üçün növbəti mərhələdir. Azərbaycan bu mərhələni də uğurla adlayıb öz hədəfinə doğru inamla addım atacaq”, deputat qeyd edib.

Mövzu ilə bağlı Yenicag.az-a fikirlərini bildirən ekoloq Qorxmaz İbrahimli deyib ki, ekologiya bilavasitə insan sağlamlığına təsir edən əsas faktorlardan biridir.

“Bu səbəbdən ekologiyanın və ətraf mühitin mühafizəsində dövlət tərəfindən yetəri qədər addımlar atılıb. Qəbul edilən qanunlar və qərarlar Azərbaycanın ekologiyaya olan diqqətinin göstəricisidir.

Düzdür, müəyyən axsamalar ola bilər. Misal üçün hazırda Xəzər dənizinə tullantıların atılması, restoranların bacalarından çıxan tüstünün atmosferi zəhərləməsi və s. kimi hallar öz mövcudluğunu qoruyur. Lakin bunların qarşısının alınması istiqamətində görülən işlər həqiqətən də alqışlanmalıdır”, – deyə o qeyd edib.

Q.İbrahimlinin sözlərinə görə, eyni zamanda mövcud problemlərdən biri də ölkəyə yanacaqla işləyən maşınların idxalıdır.

“Elektriklə işləyən maşınlara üstünlük verilməsi dünya ekologiyasının daha da yaxşılaşdırılması üçün çox vacibdir. Həmçinin yaşıl enerjidən istifadə atmosferin, ətraf mühitin və ümumilikdə ekologiyanın qorunması üçün mühüm əhəmiyyət kəsb edir.

Daha öncə də qeyd etdiyimiz kimi, dövlətimiz ekologiyanın qorunması istiqamətdə qanunlar qəbul edib ki, bunun da pozulması hüquqi məsuliyyət yaradır. Cərimələrdən müəyyən müddətə qədər azadlıqdan məhrum edilməyə kimi cəzaların tətbiqi mümkündür”, – deyə ekoloq bildirib.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda hazırlanıb.

www.yenicag.az

390
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv