Ekspertdən Azərbaycan və Gürcüstana xəbərdarlıq: “Xüsusi xidmət orqanları ayıq olmalıdır”

Gürcü ekspert, politoloq Qela Vasadze Gürcüstanda baş verən faciəli hadisələr silsiləsini Yenicag.ru-ya şərh edib.

O, Gürcüstanda həyata keçirilən xüsusi əməliyyat və İŞİD terror qruplaşmasının əsas simalarından olan Əhməd Çatayevin məhv edilməsi, Batumi otelindəki qəfil yanğın və 11 nəfərin ölməsi, eləcə də bu gün Kabuletidə aparılan əməliyyat və bu zaman evlərdən birində çox sayda silah-sursatın, partlayıcı qurğuların aşkar edilməsini regionumuzda mövcud olan ümumi hərbi-siyasi gərginliklə əlaqələndirib:

“Düşünürəm ki, bu hadisələr bilavasitə Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsiylə bağlıdır. Böyük ehtimalla, bu, regiondakı, hətta bütün dünyadakı ümumi vəziyyətlə əlaqəlidir. Bu gün Cənubi Qafqaz həm Rusiya, ABŞ, Avropa İttifaqı, Çin kimi dünya güc mərkəzlərinin diqqət mərkəzindədir, həm də onlar arasında Böyük Oyunda təsir vasitəsidir. Əlbəttə ki, maraqlar eyni deyil, mərkəzlərdən hər birinin regiona dair öz gündəmi var. Ənənəvi olaraq Rusiya daha böyük aktivlik nümayiş etdirir. Amerikalıları hərbi aspektlər, çinliləri infrastruktur layihələri, avropalıları humanitar layihələr maraqlandırır. Əlbəttə ki, Şərq tərəfdaşlığı çərçivəsində. Bütün bunlar regiondakı vəziyyətə təsir vasitələrinə daxildir”.

Vasadze qeyd edib ki, Gürcüstan xüsusi xidmət orqanları ən qısa zamanda bu hadisələri aydınlaşdıraraq cəmiyyəti təşvişdən qurtarmalıdır:

“İndi isə ümumidən şəxsiyə keçək. Bu fonda ölkələrimizdə baş verənlər, xüsusilə Gürcüstandakı faciəli hadisələr silsiləsini həm təsadüflər zənciri, həm də regionda sabitliyin pozulmasına istiqamətlənmiş düşünülmüş addımlar kimi nəzərdən keçirmək olar. Bu nədir, əslində nə baş verir? – Bu suala bizim xüsusi xidmət orqanlarımız cavab verməlidir. Lakin bununla yanaşı, hakimiyyətlərimiz çox diqqətli və ehtiyatlı olmalıdırlar. Biz güclü qarmaşa dövrünə daxil olmuşuq. Hadisələr çox dinamik şəkildə cərəyan edir. Mövcud vəziyyətdə hər cür təxribat mümkündür. Burada cəmiyyətin də üzərinə məsuliyyət düşür”.

COP29