!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ekstremal situasiyalarda söz və ifadə azadlığının QORUNMASI: İnformasiya sahəsində modern TƏLƏBLƏR

!Reklam – Yazi

2018-ci ildə Azərbaycanda çoxşaxəli xarakter daşıyan islahatlarla ölkəmizin inkişafında yeni şəraitin yaranmasına təkan verən addımlar atıldı. Bu dəyişikliklər vətəndaşların dövlətdən gözləntilərini doğrultmaqla yanaşı, inkişafı əngəlləyən amillərin də aradan qaldırılmasına imkan yaratdı.

Bəhs edilən dəyişikliklərdə vətəndaşların Konstitusiyada göstərilən hüquq və azadlıqlarının tam şəkildə təmin edilməsi istiqamətində görülən işlər daha çox nəzərə çarpır. Vətəndaş, cəmiyyət, insan hüquqlarının ən vacib elementlərindən sayılan söz, ifadə, fikir azadlığının təmin edilməsi dövlətin qarşıya qoyduğu prioritet məsələlərdən biridir. Fikir, söz, ifadə azadlığı cəmiyyəti inkişaf etdirən vacib amillərdən sayılır.

Mövzu ilə bağlı fikirlərini səsləndirən Mətbuat Şurası İdarə heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli Yenicag.az-a bildirib ki, Azərbaycan dövləti ekstremal situasiyalarda da ifadə azadlığını qorumağa çalışır:

“Qarabağ regionunda 19 sentyabrda başladılan lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın adı dünya KİV-lərinin trendinə çevrilib. Qlobal ictimai rəyə təsir imkanları ilə seçilən BBC, CNN, France 24, Reuters, The Guardian, The Washington Post, The New York Times, Bloomberg, Al-Jazira, The Wall Street Journal, Euronews TV, Deutsche Welle (DW), TRT World və digər nüfuzlu KİV-lər son həftə ərzində xəbər başlıqlarını bu mövzuya həsr ediblər. İnternet axtarış sistemlərində aparılan araşdırmalar göstərir ki, transmilli KİV-lərlə yanaşı transsərhəd KİV-lər də Azərbaycan məsələsinə ciddi önəm verirlər.

İnternet axtarış seistemlərini müşahidə etsək, görərik ki, transmilli və transərhəd KİV-lərdə hər gün Azərbaycan haqqında 100-lərlə məqalələr dərc edilir. Bu məqalələrin böyük qismində Azərbaycan Prezident Administrasiyasının, Azərbaycan Müdafiə Nazirliyinin və Xarici İşlər Nazirliyinin açıqlamalarına istinad edilir.

Bütün bunlardan belə nəticə çıxır ki, Azərbaycanın rəsmi qurumları informasiya işini modern tələblərə uyğun qura biliblər. Antiterror tədbirlərin davam etdiyi günlərdə Azərbaycan Müdafiə Nazirliyinin nəzdində yaradılmış İnformasiya Mərkəzi vasitəsilə yerli və xarici KİV-lərin informasiya təminatı çevik şəkildə ödənilir. Bu mərkəzin brifinqlərində müvafiq dövlət qurumlarının təmsilçiləri ilə jurnalistlərin canlı təmaslarının təşkil edilməsi ciddi effekt verir. Azərbaycan Prezidenti İlham Əliyevin sosial media platformaları üzərindən paylaşdığı postlar, prezidentin köməkçisi Hikmət Hacıyevin xarici KİV-lərə verdiyi müsahibələr, diplomatik korpusun nümayəndələri ilə keçirilən operativ görüşlər, Xarici İşlər Nazirliyinin intensiv şəkildə paylaşdığı bəyanatlar transmilli KİV-lərin istinad mənbəyinə çevrilir.

Azərbaycan eyni mexanizmləri 2020-ci ildə – II Qarabağ savaşı dönəmində də qurmuşdu. Müdafiə Nazirliyinin nəzdində yaradılmış İnformasiya Mərkəzi həmin dövrdə də operativ fəaliyyət göstərirdi. Həmçinin yerli və xarici jurnalistlərin döyüş bölgəsində təhlükəsiz fəaliyyətini təmin edirdi. COVİD-19 pandemiyasının ən kəskin dövründə də Azərbaycan dövləti Nazirlər Kabineti yanında formalaşdırılmış Operativ Qərargah vasitəsilə intensiv informasiya işini həyata keçirirdi. Bu cür nümunələrin sayını artırmaq da olar. Amma bütün nümunələrdən çıxan nəticə birdir: Azərbaycan dövləti informasiya işinə həssas yanaşır, ən ekstremal durumlarda da insanların doğru, düzgün və operativ xəbər almalarını təmin edir.

Təbii ki, bu cür dönəmlərdə istehsal edilərək yayılan xəbərlərin heç də hamısı obyektiv olmur. Fərqli düşünənlər, proseslərə fərqli yanaşanlar da ortaya çıxır. Azərbaycan dövləti bu cür fərqliliklərə də dözümlə yanaşır. Sərt inzibati tədbirlərə əl atmadan, xəbərdaredici, maarifləndirici işlər aparmaqla problemləri aradan qaldırmağa çalışır. Biz rəqib ölkələrdə belə münasibəti görmürük. Məsələn, Ermənistanda son bir həftə ərzində 8 nəfərə yaxın sosial media fəalına qarşı cinayət və ya inzibati iş açılıb. Səbəb də budur ki, həmin şəxslər Paşinyanın Qarabağ siyasətini tənqid ediblər. Yaxud İrəvanda keçirilən mitinqlər barədə şəxsi mülahizələrini bölüşüblər. Bu davranışlarına görə Ermənistanın mövcud hakimiyyəti onları sərt şəkildə cəzalandırdı. Aradakı müqayisələr deməyə əsas yaradır ki, Azərbaycanda söz, fikir, ifadə azadlığına ehtiram göstərilir, onun qorunması üçün zəruri addımlar atılır”.

Bu mövzu ilə bağlı media eksperti Azər Həsrət Yenicag.az-a öz fikirlərini bildirərək söz, ifadə azadlığı, fikir plüralizminin hər bir demokratik cəmiyyətin vazkeçilməz ünsürləri, olmazsa-olmaz sayılan amillər olduğunu vurğulayıb:

“Azərbaycan demokratiya yolunda əmin addımlarla irəliləməkdə olan yeni müstəqil dövlətdir. Bu sahədə təbii ki, həm əskiklərimiz, həm də yetəri qədər irəlilədiyimiz məqamlar var. Ümumilikdə götürdükdə, bəzən beynəlxalq insan haqları təşkilatlarının hesabatları əsas götürülərək qlobal səviyyədə müəyyən mərkəzlər Azərbaycanın sözügedən sahələrdə geridə qaldığını iddia edirlər. Ancaq əslinə qalsa, Azərbaycan geridə qalmış ölkələr sırasında olmamalıdır, olmalı da deyil. Bunu şəxsən gəzmiş-görmüş, beynəlxalq səviyyədə geniş əlaqələri olan birisi kimi deyirəm. Çünki həmin siyahılarda Azərbaycanı bəzən elə ölkələrdən sonra – aşağı yerlərdə göstərirlər ki, həmin ölkələrdə söz azadlığı, fikir plüralizmi Azərbaycandan qat-qat aşağıdır. Ancaq misal üçün, Parisdə yerləşən Sərhədsiz Reportyorlar Təşkilatına görə hətta həmin ölkələrdən də geridədir.

Belə götürdükdə, onlara görə Azərbaycanda vəziyyət həddindən artıq çətindir. Amma Azərbaycanda bəzi adamlar həddən artıq irəli gedərək ölkədə hər şeyin ideal olduğunu deyirlər. Nə onlarla, nə də bizimkilərlə razıyam. Biz nə birmənalı olaraq qeyd olunan kriteriyalara görə geridəqalmışlar siyahısında, nə də ideallar sırasındayıq. Bizim hələ görüləcək işlərimiz az deyil.

Fikir plüralizmi, söz və ifadə azadlığı ilə bağlı məsələlərdə Azərbaycanın hələ də mənimsəməli olduğu təcrübə var. O təcrübənin mənimsənimləsi üçün bu sahədə məşğul olan insanların da öz üzərində ciddi işləməsi lazımdır. Yəni biz doğrudan-doğruya, açıq fikir plüralizminin, dözümlülüyün, təmkinliliyin hakim olduğu cəmiyyət istəyiriksə insanlarımız harada işləməsindən, nə ilə məşğul olmasından asılı olmayaraq həmin dəyərləri mənimsəməlidir. Təəssüflər olsun ki, bu sahədə də çox ciddi qüsurlar var. Bəzən bu məsələlərdə dövləti ittiham edənlər olur. Amma bizim də vətəndaş olaraq üzərimizə düşən vəzifələr az deyil. Biz vətəndaş olaraq həmin vəzifələri yerinə yetiririkmi? Xeyr, çox vaxt yetirmirik. Dövlətin vətəndaşlara təmin etdiyi azadlıqlardan sui-istifadə ölkəmizdə çox yayılıb. Və həmin sui-istifadəyə qarşı dövlət hansısa addım atanda “söz azadlığı, fikir plüralizmi boğuldu” kimi ifadələr işlədirlər. Belə təzadlı vəziyyətdə həm dövlət, həm də vətəndaş olaraq görəcəyimiz işlər hələ çoxdur”.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

767
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv